Avrasiya İqtisadi Zirvə toplantısında müzakirə olunan
məsələlər Azərbaycanın milli maraqlarına uyğundur.
AzərTac xəbər verir ki, bunu Türkiyənin Mərmərə Qrupu Strateji
və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə aprelin 8-9-da
İstanbulda keçirilən XVIII Avrasiya İqtisadi Zirvə toplantısında
iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi
məsələlər üzrə köməkçisi Əli Həsənov yerli və xarici jurnalistlərə
müsahibəsində sammitin əhəmiyyəti barədə mülahizələrini
söyləyib.
Ə.Həsənov bildirib ki, müasir müstəqil Azərbaycanın təməli
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan yeni neft və
regional inkişaf strategiyasını Prezident İlham Əliyev uğurla davam
etdirir və bu siyasət Avrasiya məkanında nəinki Azərbaycanın, o
cümlədən digər qonşu ölkələrin iqtisadi maraqlarına cavab verir:
"Bu gün uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft və
Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin bəhrələrini həm Azərbaycan
xalqı, həm də regionun digər ölkələrinin xalqları öz həyatlarında
hiss edirlər. Tezliklə istifadəyə verməyə hazırlaşdığımız
Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Azərbaycanın liderliyi ilə
həyata keçirilən "Sahdəniz 2" layihəsi və "Cənub" qaz dəhlizi
üçüncü minillikdə qitənin enerji təhlükəsizliyinin təminində
həlledici amil kimi çıxış edəcək. Ölkəmizin təşəbbüsü ilə
reallaşdırılan beynəlxalq Şərq-Qərb nəqliyyat-kommunikasiya
dəhlizləri bölgə və dünya ölkələrinə bu sahədə əlavə üstünlüklər
qazandırmaqla yanaşı, Azərbaycanın regiondakı geosiyasi çəkisini də
xüsusi artırır. Bu layihələr həm də beynəlxalq yük daşınmalarındakı
səmərəliliyin təmin edilməsində mühüm rol oynayır".
Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycan
özünün təbii mineral ehtiyatlarından səmərəli istifadə etməklə həm
respublikamızın, həm də region ölkələrinin inkişafına, xalqların
rifah halının yüksəlməsinə öz mühüm töhfələrini verir: "Bu mənada
regional müstəvidə təşkil olunan bu cür sammit və konfranslarda,
digər beynəlxalq tədbirlərdə xarici mütəxəssislərlə bizim
rəsmilərin fikir və mülahizələrini bölüşməsinə, təcrübə
mübadiləsinə xüsusi önəm veririk. İstanbulda keçirilən növbəti
Avrasiya İqtisadi Zirvəsində müzakirə olunan məsələlər də
Azərbaycanın həm milli inkişaf strategiyasını, həm də regional
maraqlarını özündə əks etdirir. Zirvə toplantısında aparılan
müzakirələrdə, o cümlədən keçirilən ikitərəfli görüşlərdə biz
Azərbaycanın mövqelərini çatdırmaqla yanaşı, birgə fəaliyyətin bəzi
üstün tərəflərini də gündəmə gətirdik. Eyni zamanda, biz Azərbaycan
torpaqlarının bir hissəsinin təcavüzkar Ermənistan tərəfindən işğal
edilməsi faktını və xalqımıza qarşı həyata keçirilən etnik
təmizləmə siyasətinin ağır nəticələrini tədbir iştirakçılarının
diqqətinə çatdırdıq. Ümumiyyətlə, Zirvə toplantısında biz
Azərbaycanın bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı faydalı
münasibətlərinin əsas istiqamətlərini təmsil olunan bütün nümayəndə
heyətlərinə çatdırdıq və onlarla səmərəli müzakirələr apardıq".