"ABŞ-ın hüquq müdafiəçiləri,
keçmiş məmurları və politoloqları yaxşı olardı ki, əvvəlcə öz
ölkələrindəki problemləri qabardıb, həllinə nail olsunlar. Çünki
belə olduqda başqalarına da irad tutmağa mənəvi haqq
qazanacaqlar".
Bunu Apa-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi
Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev
ABŞ-ın bir qrup keçmiş məmurunun və diaspor üzvünün ABŞ dövlət
katibi Con Kerriyə müraciətinə cavab olaraq deyib.
Q. Həsənquliyev bildirib ki, ABŞ-ın daxilində insan haqları ilə
bağlı ciddi problemlərin mövcud olduğu bütün dünyaya məlumdur:
"İllərdir ki, beynəlxalq ictimaiyyətin təkidlərinə baxmayaraq, ABŞ
Quantanoma həbsxanasını qapatmır. Bu həbsxananın Amerikadan kənarda
olduğunu bəhanə edərək, onun ABŞ qanunları ilə idarə olunmadığı
bildirilir. Amma fakt budur ki, həmin həbsxanada insanlar Amerika
hökuməti tərəfindən saxlanılır, onlara ağır işgəncələr verilir və
hətta bəzilərinin də illərlə orda günahsız yerə cəza çəkdiyi məlum
olur. Onu da qeyd edim ki, Amerikanın insan haqları ilə bağlı ən
sərt tənqid etdiyi ölkələrdə belə insanlar illərlə istintaqsız və
məhkəməsiz həbsdə saxlanılmır, Quantanoma bu məsələdə də
istisnadır".
Millət vəkili ABŞ-ın hüquq müdafiəçilərinə və politoloqlarına,
ölkələrində olan irqi ayrı-seçkiliyə də diqqət yetirməyi tövsiyyə
edib:
"Bu ölkədə az qala hər gün irqi ayrı-seçkiliyin qurbanlarının
görüntüləri yayılır. Polis qaradərili amerikalını güllələyir,
itlərə parçalatdırır. Amerikada etiraf olunan statistikalara görə,
işsizlik, təhsilsizlik faizi qaradərililər arasında çox yüksəkdir,
həbsxanalar qaradərililərlə doludur. Bu problemlərə diqqət cəlb
edilmədən Amerikadan on min kilometrlərlə uzaqda olan ölkə ilə
bağlı müraciət etmək heç də səmimi görünmür".
Millət vəkili onu da qeyd edib ki, insan haqları məsələsi bütün
ölkələrdə əsas diqqət yetirilməli amildir: "Mən hesab edirəm ki,
bizim ölkəmizdə də insan haqları məsələsi diqqətdə olmalı, bu
sahədəki problemlər kimin tənqid edib-etməməsindən asılı olmayaraq
həllini tapmalıdır. Bizə olan tənqidlər arasında xoşniyyətlisi də,
kampaniya xarakteri daşıyanı, ölkəni gözdən salmaq üçün ediləni də
var. Mən hesab edirəm ki, haqqında danışdığımız müraciət məhz I
Avropa Oyunları ərəfəsində ölkənin gözdən salınmasına yönəlmiş,
antiazərbaycan təbliğatının bir hissəsidir. Bu, erməni lobbisinin
təsirində olan antiislamçıların apardığı kampaniyanın tərkib
hissədir".
Q. Həsənquliyev müraciəti imzalayan azərbaycanlıların həmin
dairələrin təsirindəki "beşinci kalon"un nümayəndələri olduğunu
deyib:
"Azərbaycanda ABŞ-ın qeyri hökumət təşkilatları vasitəsilə
maliyyəşdirdiyi şəxslərin olduğu heç kimə sirr deyil. Çox təəssüf
ki, həmin şəxslər prinsipial məqamlarda Azərbaycana qarşı istifadə
olunurlar".
Partiya sədri hesab edib ki, bütün bunlara baxmayaraq,
Azərbaycan və ABŞ-ın rəsmi dairələri arasında əməkdaşlıq və dialoq
mühiti davam etməlidir:
"Lakin siyasətçilər, ekspertlər, QHT təmsilçiləri bu iddialara
mütləq cavab verməli, Azərbaycana qarşı kampaniyaları ifşa
etməlidirlər".
Qeyd edək ki, bir qrup amerikalı ekspert, siyasətçi və
Azərbaycan diasporunun nümayəndələri ABŞ dövlət katibi Con Kerriyə
açıq məktub göndəriblər. Məktubda ABŞ Dövlət Departamenti
Azərbaycana qarşı addımlar atmağa çağırılıb.