"Netanyahunun Heydər Əliyevdən ən böyük istəyi
Azərbaycanın İsraildə səfirlik açması idi".
Axar.az xəbər verir ki, bu haqda Azərbaycanın İsraildə
səfirliyinin açılmasının vacibliyinə toxunarkən politoloq Elxan
Şahinoğlu açıqlama verib. O, iki ölkə arasındakı münasibətlərin
yaxınlığına diqqət çəkib:
"İsrailin Baş naziri Benyamin Netanyahu 1997-ci ildə Cənubi
Koreya səfərindən geri qayıdarkən onun təyyarəsi Bakıya endi. Bu,
İsrailin hər hansı dövlət xadiminin Azərbaycana ilk səfəri idi.
Səfər cəmi bir neçə saat çəkdi. Ancaq bu bir neçə saat kifayət etdi
ki, mərhum dövlət başçısı Heydər Əliyev Benyamin Netanyahu ilə iki
ölkə arasındakı münasibətlərin perspektivini geniş müzakirə etsin.
Netanyahunun Heydər Əliyevdən ən böyük istəyi Azərbaycanın İsraildə
səfirlik açması idi. Heydər Əliyev bu məsələnin yoluna qoyulması
üçün müəyyən zamana ehtiyacı olduğunu bildirdi. Bu səfərdən sonra
İsrailin prezidenti və Xarici İşlər naziri dəfələrlə Azərbaycana
səfər ediblər. Hazırda rəsmilər arasında sıx dialoq mövcuddur. İki
ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır. Torpaqları
işğal altında olan Azərbaycan Qərbdən ala bilmədiyi müasir
silahların bir qismini İsraildən alır. Bunun əvəzində Azərbaycan
Türkiyənin Ceyhan limanı üzərindən İsrailə neft satır. Azərbaycan
nefti İsrailin tələbatının təxminən 40 faizini ödəyir.
İsraildə güclü azərbaycanlı lobbi var. Onlar vaxtilə
Azərbaycandan İsrailə köçən yəhudilərdir. Yerli hakimiyyət bu lobbi
ilə hesablaşır. Azərbaycan lobbisinin keçirdiyi tədbirlərə İsrail
rəsmiləri qatılırlar. ABŞ-dakı güclü yəhudi lobbisi də Azərbaycanla
strateji əməkdaşlığı dəstəkləyir. Bu dəstək İsrail-Azərbaycan
münasibətlərinin yüksək səviyyədə olmasına görədir".
Politoloq səfirlik məsələsinin qarşısında duran iki mühüm
səbəbə aydınlıq gətirib:
"İsrail-Azərbaycan münasibətlərinin hazırkı durumundan hər iki
tərəf razıdır. Bu münasibətlərin tamlığına sadəcə, Azərbaycanın
İsraildə səfirliyinin yoxluğu mane olur. Rəsmi Bakı iki amilə görə
İsraildə səfirlik açmağa ehtiyat edir. Birinci amil İran, ikinci
amil isə ərəb dünyasıdır. Hazırda bu iki amilin İsraillə
əməkdaşlığa görə rəsmi Bakıya təzyiq etmək imkanı və ya istəyi
yoxdur. İran nüvə məsələsinin həllində ABŞ-la anlaşmaya yaxındır.
Böyük ehtimalla iyunun 30-da tərəflər arasında sənəd imzalanacaq.
Bu isə İranın Qərblə əməkdaşlığına yaşıl işıq yandıracaq. İranın
daxilində də ABŞ və Avropa Birliyi ilə əməkdaşlığın başlanmasına
hazırlıq gedir. Belə olan halda Tehranın Azərbaycanın İsraildə
səfirlik açmasına etirazı məntiqdən kənar səslənər. Çünki əgər İran
özü Qərblə əməkdaşlığa başlayacaqsa və yaxın gələcəkdə hətta ABŞ-ın
Tehranda səfirliyinin yenidən fəaliyyəti müzakirəyə çıxarılacaqsa,
Tehran oxşar addımı Azərbaycana atmağa mane ola bilməz. Rusiya və
Ermənistan İranın bölgədə iki strateji tərəfdaşıdır və Moskva və
İrəvanın İsraildə səfirlikləri var. Belə olan halda Tehran Bakıya
niyə İsraildə səfirlik açmağa mane olmalıdır?"
E.Şahinoğlunun sözlərinə görə, İran və ərəb dünyası faktoru
Azərbaycana İsraildə səfirlik açmağa mane olmayacaq:
"Ərəb dünyası ilə Azərbaycan arasında sıx əlaqələr var.
Azərbaycan Prezidenti İlham Əliyev bu ay ərəb dünyasının
liderliyinə iddialı olan Səudiyyə Ərəbistanına rəsmi səfər etdi.
Səudiyyə Ərəbistanı Yəməndəki savaşa müdaxilə edib. Çünki Ər-Riyad
İranın bölgədəki rolunun artmasından narahatdır. Səudiyyə
Ərəbistanı Yəmən üzərindən İranın bölgədəki maraqlarını
sıxışdırmağa çalışır. Bu mübarizədə Səudiyyə Ərəbistanının ABŞ-ın
dəstəyinə ehtiyacı var. Ər-Riyadın bu istiqamətdəki fəallığı
İsrailin də maraqlarına xidmət edir. Ümumiyyətlə, Səudiyyə
Ərəbistanının Misirin yeni hakimiyyətinə dəstəyi, Suriya, İraq və
Yəmənlə bağlı mövqeyi İsrailin mövqeyi ilə çox da kəsişmir. Demək,
Azərbaycanın İsraildə səfirlik açması faktına bölgənin əsas ərəb
oyunçusu Səudiyyə Ərəbistanı da mənfi yanaşmayacaq.
Beləliklə, həm İran, həm də ərəb dünyası faktoru Azərbaycana
İsraildə səfirlik açmağa mane olmayacaq. İyunun 30-da 5+1
formatında İranla saziş imzalanarsa, rəsmi Bakı 2015-ci il ərzində
İsraildə səfirlik açmaq üçün münbit geosiyasi şərait əldə
edəcək".
Politoloq bildirib ki, bu səfirliyin açılması Azərbaycanın milli
və təhlükəsizlik məsələlərində heç kimdən asılı olmadığını
göstərəcək:
"İsrail hökuməti səfirliyin açılması məsələsində rəsmi Bakını
tələsdirmir. Buna baxmayaraq, səfirliyinin açılmasının ləngidilməsi
belə bir təsəvvür formalaşdırır ki, Azərbaycan əvvəlki kimi kənar
təzyiqlərdən ehtiyat edir. Halbuki, Azərbaycan hakimiyyəti heç bir
dövlətin təsiri altında olmadığını, xarici siyasətdə milli və
təhlükəsizlik maraqlarından çıxış etdiyini vurğulayır. Bu baxımdam
rəsmi Bakının İsraildə səfirlik açması Azərbaycanın milli və
təhlükəsizlik məsələlərində heç kimdən asılı olmadığını
göstərəcək".