Yuxarı

Cəbhədə yeni vəziyyət: Vəzifələrimiz nədir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

27 sentyabr! – Müzəffər ordumuzun şanlı tarixinə daha bir əlamətdar gün yazıldı!

Əlbəttə, bu əlamətdar gün daha çox bir başlanğıcı ifadə edir, hələ qarşıda gediləsi zəfər yolumuz var; bununla belə, ən yaxın günlərin zəfər yürüşünün özü ilə müqayisə etsək, ilk gün – cəmi bir neçə saat içində əldə edilən nəticələr deməyə əsas verir ki, 27 sentyabr daha təsirli, daha uğurlu nəticələrlə müşahidə olunur.

Bu, ilkin nəticələr olsa da, ordumuzun hazırlığını, düşmən qüvvələrindən nə qədər üstün olduğumuzu və haqq işimizin nəhayi qələbəsi üçün qətiyyətimizi ehtiva etməsi ilə özünəməxsus səciyyə daşıyır.

Cənab Prezidentin dediyi kimi, “Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan Silahlı Qüvvələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”.

Dünəndən bəri bizi tez-tez sülhə, danışıqlara dəvət edən xarici dövlətlər, beynəlxalq qurumlar, zəhmət çəkib, Azərbaycan Prezidentinin bu sözlərinə diqqət etsinlər və Ermənistan Baş nazirinin “Qarabağ – Ermənistandır. Nöqtə” anti-sülh çağırışını yada salsınlar.

Məncə, belə bir diqqət, onları öz çağırışlarında daha konkret ifadələrə gətirə bilər. İşğala məruz qalan tərəflə işğalçı tərəf eyni çağırışlar eşitməməli, hər kəs haqq etdiyi münasibəti görməlidir. Bölgəyə ədalətli sülh gəlməsinin həqiqi tərəfdarları hər kəsi öz adı ilə çağırmalı, hadisələrə mahiyyət üzrə, doğru-dürüst münasibət göstərməlidir.

Çox sadə bir suala cavab soruşmaq hər birimizin haqqıdır: Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının BMT tərəfindən tanınmış sərhədləri daxilində hansı hüquqla mövcuddur?!

Əlbəttə, ritorik sualdır.

Hər kəs çox yaxşı bilir ki, bu mövcudluq heç bir beynəlxalq hüquq normasının ən adi tələbinə uyğun gəlmir və şəxsən Baş nazir Paşinyanın oğlu da, ailəsinin istəyi ilə bu hüquqsuzluqda iştirak edib. Oğlunu Azərbaycan Respublikasının işğal altındakı ərazisinə həqiqi hərbi xidmətə göndərən, Qarabağda qanunsuz məskunlaşmaya, qanunsuz tikililərə rəvac verən bir baş nazir, hansı səmimiyyət, hansı ədalət və haqla sülh danışığı apara bilər?!

Ona görə də indi bir çağırış olmalıdır: Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini qeyd-şərstiz və yubanmadan tərk etsin! Ermənistan, onun havadarları Azərbaycanın daxili işlərinə hər hansı formada müdaxilədən əl çəksin!

Bax, bu, sülh istəyənlərin çağırışı kimi qəbul görə bilər; belə bir ədalətli yanaşmadan sonra danışıqlar masasında əyləşməyin bir anlamı olar.

Azərbaycan Prezidenti dəfələrlə xəbərdarlıq etmiş, beynəlxalq qurum və quruluşlara çağırış etmişdi ki, bizim bütün sülhpərvər davranışlarımıza, sülhə sadiqliyimizə baxmayaraq, Ermənistan işğalçılıq siyasətini davam və inkişaf etdirir, ardıcıl olaraq təxribatlar törədir, bununla da danışıqlar prosesini faktiki olaraq pozur. Ermənistanın bu ilin iyulunda Tovuz istiqamətində növbəti hücum cəhdi, Azərbaycanı təxribata çəkmək cəhdləri işğalçı dövlətin sülhdən nə qədər uzaq olduğunu, yalnız imitasiya ilə baş qatdığını bir daha göstərirdi zatən. Və Azərbaycan dövləti yalançı, nəticəsiz danışıqlarda deyil, həqiqi danışıqlarda iştirak etmək əzmini ifadə edib, bugün də o əzm və iradədədir! Cənab Prezident Azərbaycanın imitasiya naminə danışıqlarda iştirak etməyəcəyini, Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq niyyətində olmadığını açıq şəkildə bildirib, məhz Ermənistan rəhbərliynin danışıqlar prosesini pozduğunu, onların cəfəng açıqlamalarının, təxribatçı addımlarının danışıqları iflasa uğratdığını söyləyib.

Doğrudur, işğalçı ölkə uzun illər boyu sülh imitasiyası ilə məşğul olub; lakin “guya demokrat” Paşinyan hakimiyyətə gəldikdən sonra bəzi beynəlxalq qurum-quruluşlar bizi sülh imkanlarının gerçəkliyinə inandırmağa çalışırdı. Guya o, əlləri biləvasitə qana batmış, ruhlarını ölüm, qan-qada sarmış, Xocalı soyqırımının aşkar suçluları “Köçəryan-Sərkisyan dueti”ndən fərqli davranacaqdı. Artıq sirr deyil ki Paşinyan özü müxtəlif kanallarla Azərbaycan dövlət başçısından vaxt istəyərək, özünü produktiv danışıqlara meyilli kimi göstərirdi. Ancaq kim bilməsə də, Azərbaycan dövləti çox yaxşı bilirdi ki, bu yalnız vaxt udmaq, işğalı mümkün qədər uzatmaq niyyətlərini inkar etmir.

Bayaq vurğuladığımız kimi, bədnam, avantürist “Qarabağ – Ermənistandır. Nöqtə” açıqlaması, Qarabağdan onlarla kilometr uzaqlardakı Tovuza hücum cəhdi, yeni hərbi təxribatlar, Goranboy istiqamətində diversiya cəhdi, Paşinyanın həyat yoldaşının Qarabağda hərbi təlim keçməsi, Şuşada saxta “andiçmə mərasimi”nin keçirilməsi və bənzəri hadisələr sülh danışıqlarının işğalçı üçün bir əyləncə, oyun olduğunu sübut edirdi.

Azərbaycan dövləti, şəxsən cənab Prezident ən müxtəlif platformalarda, nüfuzlu beynəlxalq tribunalarda Ermənistanın dövlət siyasətini dəfələrlə faktlarla ifşa edib.

Prezident İlham Əliyev bugünlərdə, BMT-nin 75-ci sessiyasında çıxış edərkən, habelə AzTV, İTV, Real TV-yə bugünlərdəki müsahibəsində mövcud durumla bağlı açıq danışaraq, önəmli bəyanatlar səsləndirmişdi. “Guya demokrat” Paşinyanın Azərbaycan dövlətinə Ermənistanla deyil, hətta Ermənistanın özünün belə tanımadığı qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalı olduğunu bildirməsini xatırladan dövlət başçısı Azərbaycanın heç vaxt danışıqlar formatının dəyişməsinə razı olmayacağını, ölkəmizin oyuncaq kriminal xunta rejimi ilə heç bir təmasının ola bilməyəcəyini demişdi.

İşğalçı ölkənin ardıcıl təxribatlarının əsas səbəblərini, niyyət və hiyləli hədəflərini göstərən Azərbaycan Prezidenti bunun status-kvonu dəyişməz saxlamağa, danışıqları pozmağa və bunda da Azərbaycanı ittiham etməyə hesablandığını söyləmişdi.

Bəli, Azərbaycan Prezidenti açıq xəbərdarlıq etmişdi ki, Ermənistan müharibəyə hazırlaşır; Ermənistan təmas xəttinə yeni hərbi qüvvələr, zirehli texnika toplayır. Və açıq şəkildə bildirilmişdi ki, əgər Ermənistan öz çirkin planlarından, növbəti hərbi qarşıdurmadan əl çəkməsə, bunun onun üçün çox ağır nəticələri olacaq.

Bütün bunları niyə xatırladıram?

İlk növbədə ona görə ki, vaxtında beynəlxalq səviyyəli təsirli tədbirlər görülsəydi, sülhyaratma mandat-missiyasına malik qurum-quruluşlar Ermənistana sərt şəkildə “Dur!” desəydi, BMT-nin 4 qətnaməsi yerinə yetirilsəydi, düşmən yeni hücum cəhdlərində bulunmaz, mülki əhalini atəşə tutmazdı və yeni müharibə alovu qalxmazdı. Sanki Xocalı soyqırımını, Qaradağlı, Ağdaban, Bağanis-Ayrım soyqırım aktlarını bir başqa şəkildə yenidən canlandıran Ermənistan dövləti ailələri sonuncu nəfərinədək öldürür, qocalara, qadınlara, uşaqlara qıyır.

Təsəvvür edin, dünən düşmənin atdığı mərmi Naftalanın Qaşaltı kənd sakini Elbrus İsa oğlu Qurbanovu 4 ailə üzvü ilə birgə həlak edib. Bununla Ermənistan silahlı qüvvələrinin əli ilə daha bir ailənin həyat hekayəsi bitdi, bir həyat ağacı kəsildi, bir nəsil zədə aldı...

Axı nə üçün!?

İşğalçı Ermənistan dövlətinin üzərinə düşən beynəlxalq öhdəlikləri kobud şəkildə pozaraq, dinc əhalini, yaşayış evlərini, mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə alması buğun də davam edir. Bu sətirlər yazılanadək – dünəndən bəri – ümumilikdə 29 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Düşmən əhalinin sıx olduğu məntəqələri (rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektləri), o cümlədən xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını hədəf kimi seçir. Bu, bir daha sübut edir ki, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz antisülh, təxribatçı əməllərini davam və inkişaf etdirmək niyyətindən əl çəkməyib. Bu, Ermənistanın Cenevrə Konvensiyası ilə öz üzərinə götürdüyü öhdəlikləri növbəti dəfə nümayişkəranə şəkildə pozmasıdır. Mülki əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutmaq, silahsız dinc əhaliyə qarşı müxtəlif cinayətlər törətmək hansı şəkildə əsaslandırıla, necə bəraət ala bilər?!

Bu:

- təcavüzkar müharibə aparmaqdır;

- milli, irqi, dini ədavət və ya düşmənçilik niyyətinin acı, gerçək ifadəsidir;

- öncədən düşünülmüş şəkildə, məqsədyönlü olaraq planlanmış hərbi cinayətdir;

- adamları qəsdlə, xüsusi amansızlıqla öldürməkdir.

Beləliklə, beynəlxalq hüquq normalarını dəfələrlə pozmuş Ermənistan Respublikasının, onun silahlı qüvvələrinin 27 sentyabr 2020-ci ildə, o normaları yenidən, kobud şəkildə pozması yeni situasiya yaradıb. Artıq ölkədə hərbi vəziyyət və qismən səfərbərlik elan edilib. Müzəffər ordumuz cəbhədə irəliləyir, düşmən haqq etdiyi ağır cavabları almaqdadır.

Belə bir durumda deyiləcək bir söz, ediləcək bir hərəkət var:

Hər şey cəbhə üçün, hər şey qələbə üçün!

Kim harda, hansı işin başındadırsa, öz olduğu yerdə ən yaxşı, nümunəvi xidmət göstərməklə qələbəmizə töhfə vermiş olacaq. İnanıram ki, dünya azərbaycanlıları da ümumi işimizə özünəməxsus töhfələrlə çıxış edəcək, Vətənin çağırışlarına cavab verəcək.

Bizim işimiz haqq işidir! Biz qalib gələcəyik!

Şəhidlərimizə əbədi ehtiram!

Dövlətimiz, ordumuz, bayrağımız var olsun!

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

Tarix
2020.09.28 / 21:18
Müəllif
Axar.az
Oxunub
72 112
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla