Yaponiyada səfərdə olan Azərbaycan Milli Məclisinin
sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti
aprelin 25-də Hiroşima şəhərinə gəlib.
Trend-in məlumatına görə, əvvəlcə qonaqlar Hiroşima Sülh
Memorial Parkı ilə tanış olublar. Hiroşima şəhər merinin müavini
Nişito Kouci məlumat verib ki, park 1945-ci ildə atom bombardmanı
nəticəsində tamamilə məhv olmuş Nakacima dairəsinin ərazisində
yerləşir. Ümumi sahəsi 12 hektardan çox olan parkın ərazisində
Memorial Sülh Muzeyi, çoxsaylı abidələr, mərasimlər zəngi və
kenotaf var.
Burada yerləşən "Sülh məşəli" abidəsində alov onun inşa edildiyi
1964-cü il avqustun 1-dən etibarən fasiləsiz olaraq yanır. Onun
müəlliflərinin ideyasına görə, bu məşəl "Yer kürəsindəki bütün atom
bombaları həmişəlik ləğv edilməyincə" yanacaq. Bildirilib ki,
parkla üz-üzə, Ota çayının digər sahilində partlayışdan sonra
Hiroşimanın mərkəzində salamat qalmış azsaylı binalardan biri
Qembaku Günbəzi yerləşir.
Milli Məclisin sədri Oqtay Əsədov atom bombasının təsiri
nəticəsində həlak olmuş insanların xatirəsinə ucaldılmış abidənin
önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını
bildirib.
Sonra Azərbaycan parlamentinin nümayəndə heyəti parkda yerləşən
Memorial Sülh Muzeyi ilə tanış olub. Muzeyin girişində qonaqlara
Hiroşima faciəsindən bəhs edən müxtəlif nəşrlər təqdim olunub.
Məlumat verilib ki, muzey iki korpusdan ibarət olan kompleksdən
ibarətdir. Baş korpusda Yaponiyanın atom bombardmanı ilə bağlı
çoxsaylı eksponatlar partlayışın müdhiş nəticələri, yanğınlar,
yüksək radiasiya yoluxmaları və şüa xəstəlikləri barədə tam
təsəvvür yaradır.
Şərq korpusundakı ekspozisiya isə Yaponiyanın II Dünya
müharibəsində iştirakı, nüvə əsri haqqında ümumi məlumatları,
müxtəlif görüntüləri, fotoşəkilləri özündə birləşdirir.
Azərbaycan nümayəndə heyəti fəxri qonaqlar zalında atom
bombardmanının canlı şahidi olmuş xanım Matsumoto Tomiko ilə
görüşüb. Faciə zamanı nənəsindən başqa bütün ailə üzvlərini itirmiş
Matsumoto Tomiko bu barədə qonaqlara ətraflı məlumat verib. O, uzaq
məsafədən Yaponiyaya gəldiklərinə, vaxt tapıb Hiroşimanı və
buradakı Sülh Memorial Muzeyini ziyarət etdiklərinə görə
minnətdarlığını bildirib. Qeyd edib ki, həmin dəhşətləri canlı
yaşamış bir insan olaraq o, Yer üzündə müharibələrin, insanların
məhv edilməsinin birdəfəlik dayandırılmasını arzulayır.
Faciə barədə ətraflı məlumata görə M.Tomikoya təşəkkürünü
bildirən Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, onun kimi
insanların yaşaması və yeni nəslə baş verən faciə barədə danışması
bütün insanlığa çox böyük xidmətdir.
Sonra Milli Məclisin sədri Oqtay Əsədov muzeyin xatirə kitabına
ürək sözlərini yazıb.
Bununla da Milli Məclisin nümayəndə heyətinin Yaponiyaya səfəri
başa çatıb.