II qrup Qarabağ əlili Zaur Həsənovun özünü Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) binası qarşısında
yandırması və bu olayda AHİK sədri Səttar Mehbalıyevin adının
hallandırılması iki gündür medianın və sisoal şəbəkələrin ən çox
müzakirə etdiyi mövzudur.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu gün olayla
bağlı yeni açıqlama verib:
"İddia da, ittiham da ədalətlilik prinsipinə
söykənməlidir...
2013-cü il dekabrın 25-də Bakının Səbail rayonu ərazisində Zaur
Həsən oğlu Həsənovun özünü yandıraraq intihara cəhd etməsi faktı
cəmiyyət və kütləvi informasiya vasitələri tərəfindən birmənalı
qarşılanmadı. Baş vermiş intihara cəhdin ilk saatlarda əsil məğzi,
mahiyyəti, səbəbləri çoxlarına bəlli olmadığından bəzi media
vasitələrində əsasən Z.Həsənovun və yaxınlarının iddialarına və
ittihamlarına istinadən birtərəfli işıqlandırılıb. Azərbaycan
Həmkarlar İttifaqlarının adı hadisəyə səbəb kimi hallandırılıb.
Reallıqda isə, səbəbi Həmkarlar İttifaqlarında deyil, Z.Həsənovun
Azərbaycan Respublikasının qanunlarına münasibətində axtarmaq lazım
idi.
Z. Həsənovun"Şıx" sanatoriyasına məxsus ərazidə tikib işlətdiyi
iaşə obyektinin üzərində yerləşdiyi torpaq sahəsi keçmiş Bakı şəhər
Xalq Deputatları Sovetinin 22 mart 1985-ci il tarixli 1/12 saylı
qərarı ilə dənizkənarı sahil zonası yaratmaq üçün Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının "Kurort" Səhmdar
Cəmiyyətinin tabeliyində olan "Şıx" sanatoriyası üçün ayrılıb.
Həmin torpaq sahəsi hətta inzibati ərazi kimi Bakı şəhər İcra
Hakimiyyəti başçısının 31 avqust 2000-ci il tarixli 811 saylı
qərarı ilə Bibi-Heybət bələdiyyəsinə təhvil verilmiş olsa belə,
onun mülkiyyətinə verilməmiş və torpaq istifadəçisi
dəyişdirilməyib. Bundan başqa, "Azərbaycan Respublikasında Xəzər
dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2003-cü
il tarixli sərəncamı ilə Xəzər dənizinin Azərbaycan Respublikasına
mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında
olan torpaqların dövlətin müstəsna mülkiyyətində olması
müəyyənləşdirib.
İcarə müqaviləsi bağlanan zaman mübahisəli torpaq sahəsi
dövlətin müstəsna mülkiyyətində olmaqla "Şıx" sanatoriyasının
qanuni istifadəsində olub.
Məhz yuxarıda göstərilən faktlara əsasən, Bibi-Heybət
Bələdiyyəsi tərəfindən "Şıx" sanatoriyasının qanuni və daimi
istifadəsində olan 1,67 ha torpaq sahəsi hüdudlarındakı 70 kv.m
torpaq sahəsinin Həsənov Zaur Həsən oğluna icarəyə verilməsi, həmin
ərazidə iki otaqdan ibarət ictimai-iaşə obyektinin tikilməsi, sahil
boyunca stol və stulların qoyulması Bibi-Heybət Bələdiyyəsi
tərəfindən yol verilmiş qanunsuzluq kimi qiymətləndirilməlidir. Z.
Həsənova verilmiş torpaq sahəsi bələdiyyə mülkiyyəti deyil və həmin
torpaq sahəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına
"Şıx" sanatoriyasının istifadəsi üçün verilmiş dövlət
mülkiyyətidir. Ona görə də bələdiyyənin həmin torpaq sahəsinə dair
sərəncam vermək səlahiyyəti yoxdur. "Bələdiyyələrin statusu
haqqında" Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən
bələdiyyələr yalnız öz əmlaklarına dair mülkiyyət hüququna
malikdir, yəni sərbəst olaraq öz əmlaklarına sahiblik edir, ondan
istifadə edir və ona sərəncam verir.
Nəzərinizə çatdırırıq ki, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının "Kurort" Səhmdar Cəmiyyətinin tabeliyində olan
"Şıx" sanatoriyasının qanuni istifadəsində olan torpaq sahəsinin
Həsənov Zaur Həsən oğlu tərəfindən zəbt edilməsi ilə bağlı məsələyə
Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində,
Bakı Apellyasiya Məhkəməsində, Azərbaycan Respublikası Ali
Məhkəməsində baxılmış və Z. Həsənovun şikayətləri əsassız
sayılmışdır.
Z.Həsənovun iddialarının əsassızlığını təsdiq edən məhkəmə
qərarlarını sizə təqdim edirik:
Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin
qətnaməsi:
Bibi-Heybət Bələdiyyəsi ilə Həsənov Zaur Həsən oğlu arasında
bağlanmış 25 saylı 8 aprel 2005-ci il tarixli icarə müqaviləsi
etibarsız hesab edilsin.
"Şıx" sanatoriyasına məxsus 1,67 ha torpaq sahəsini əhatə edən
çimərlik zonasında 70 kv.m torpaq sahəsində Həsənov Zaur Həsən oğlu
tərəfindən qanunsuz inşa edilmiş tikililər cavabdehlərin hesabına
sökülsün və sahə boşaldılsın.
İddiaçılar tərəfındən ödənilmiş 20 manat dövlət rüsumu
cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçılara müştərək
qaydada ödənilsin.
Apellyasiya şikayəti qətnamə tərəflərə rəsmi qaydada verildiyi
gündən bir ay müddətində Azərbaycan Respublikası 1 saylı Bakı Yerli
İqtisad Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə
bilər.
Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi:
Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin
2-(81)- 1434/09 saylı iş üzrə 10.09.2009-cu il tarixli qətnaməsi
dəyişdirilmədən saxlanılsın.
Cavabdeh Həsənov Zaur Həsən oğlunun apellyasiya şikayəti təmin
edilməsin.
Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi
gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə
Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə
bilər.
Bakı Apellyasiya Məhkəməsinin qərardadı:
Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-139/2010 saylı iş üzrə 26
aprel 2010-cu il tarixli qətnaməsindən cavabdeh Həsənov Zaur Həsən
oğlunun kassasiya şikayəti üzrə buraxılmış prosessual müddətin
bərpa edilməsi barədə ərizəsi təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-139/2010 saylı iş üzrə 26
aprel 2010-cu il tarixli qətnaməsindən cavabdeh Həsənov Zaur Həsən
oğlunun kassasiya şikayəti geri qaytarılsın.
Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Qərardaddan qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada
təqdim verdiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali
Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına Bakı Apellyasiya
Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı:
Cavabdeh Həsənov Zaur Həsən oğlu və vəkili Salahova Züleyxa
Əbdül Qasım qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin
edilməsin.
Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2010-cu il tarixli
qərardadı dəyişdirilmədən saxlanılsın.
1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qətnaməsi Səbail rayon
icra şöbəsinin icra məmurları tərəfindən yerinə yetirilərək icarə
müqaviləsi ləğv edilib, Z.Həsənov tərəfindən qanunsuz inşa edilmiş
tikililər sökülüb, avadanlıqlar çıxarılaraq sahə boşaldılıb.
İddiaçılar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu
cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçılara müştərək
qaydada ödənilib.
Qəbul edilən məhkəmə qərar və qətnamələrinə baxmayaraq Z.
Həsənov israrla öz iddialarından geri çəkilməyib, müxtəlif
vaxtlarda yuxarı instansiyalara Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının rəhbərliyi haqqında böhtan dolu, təhqiramiz,
şantaj xarakterli məktublar yollayib, media mənsublarına
müsahibələr vermiş, həqiqətə uuğun olmayan fikirlərlə ictimaiyyəti
çaşdırıb. AHİK-in rəhbərliyi Z.Həsənovun heç bir hüquqi əsas
olmadan Konfederasiyanın qarşısında özünü yandıracağı ilə bağlı
təhdidləri barədə rəsmi olaraq Səbail rayon Polis İdarəsinə
məktublar göndərib. Maraqlıdır ki, sonralar Z. Həsənov AHİK-in
sədri, millət vəkili Səttar Mehbalıyevə unvanladığı məktublarının
birində öz dediklərini özü də təkzib edib. Həmin məktubun bir
hissəsini sizə təqdim edirik:
"Bunları yazmaqda mənim - döyüşlərdə sağlamlığını itirmiş bir
döyüşçünün məqsədi Sizdən dəfələrlə üzr istəməkdir. Belə ki, Sizin
böyük ziyalı olmağınızı, kasıb-küsuba əl tutan, ehtiyacı olanlara
yardım edən, xeyirxah bir insan olmağınızı mən bilməmişəm. Mənim
komandirlərim Sizin haqqınızda mənə elə sözlər dedilər ki,
yazdıqlarıma görə xəcalət hissi keçirdim. Daha dəqiq desək,
yazdıqlarıma görə yox, vəkillərimin mənim üçün yazdıqlarına və
mənim isə onları oxumadan altından qol çəkməyimə görə. Çox xahiş
edirəm, məni bağışlayasınız".
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olaraq baş
vermiş insidentlə bağlı bildiririk ki, hər hansı mübahisəli
məsələnin və münaqişələrin bütün sivil cəmiyyətlərdə olduğu kimi,
məhkəmə yolu ilə həll edilməsi prinsipinə hörmətlə yanaşır, öz
əməli fəaliyyətimizdə bu prinsipə sözsüz riayət etməyə özümüzü
borclu sayırıq.