Rusiyada çıxan "Nezavisimaya qazeta" nəşrində
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun "Azərbaycan
sülhə can atır" sərlövhəli müsahibəsi dərc olunub.
AzərTac xəbər verir ki, "Nezavisimaya qazeta"nın şərhçisi
Viktioriya Panfilovanın suallarına cavab verən Elmar Məmmədyarov
Rusiya-Azərbaycan münasibətlərindən, Azərbaycan dövlətinin
siyasətindən, habelə tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına
ölkənin necə hazırlaşmasından danışıb.
Azərbaycan xarici siyasət idarəsinin başçısı bildirib ki,
Azərbaycan beynəlxalq məkanda beynəlxalq hüquq normalarına və
prinsiplərinə əsaslanan müstəqil, fəal və çevik xarici siyasi kurs
yeridir. Dövlətlərarası münasibətlərdə də Azərbaycan daim qanunun
aliliyinə və dövlətlərin öz öhdəliklərinə riayət etmələri
prinsiplərinə sadiq qalır. Nəticədə Azərbaycan dünyada etibarlı
tərəfdaş kimi qəbul edilir, getdikcə daha çox dövlət onunla sıx
əməkdaşlıq etmək istəyir.
Nazir deyib: "Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan
ərazilərinin təqribən 20 faizinin Ermənistan tərəfindən işğalına
son qoyulması, Azərbaycan ərazilərinin suverenliyinin beynəlxalq
miqyasda tanınmış sərhədlər çərçivəsində təmin edilməsi bu gün
Azərbaycanın xarici siyasəti qarşısında duran ən əsas məsələdir". O
vurğulayıb ki, beynəlxalq hüququn norma və prinsiplərini və BMT
Nizamnaməsini kobud şəkildə pozan Ermənistan Azərbaycana hərbi
təcavüz edib. Nəticədə Azərbaycan ərazilərinin təqribən 20 faizi
işğal edilib, bir milyondan çox azərbaycanlı amansız etnik
təmizləməyə məruz qalıb. E.Məmmədyarov bildirib: "Erməni silahlı
qüvvələri bütün mövcud hüquq normalarını pozmaqla bərabər, hərbi
təlimlər də keçirir. Bu təlimlərdə Yerevandan yüksək vəzifəli
rəhbərlər iştirak edirlər. Suriyadan və Livandan olan qaçqınları
israrla işğal edilmiş torpaqlarda məskunlaşdırmaq cəhdləri də davam
etdirilir. Bütün bu bəsirətsiz addımlar və mənfi elementlər
münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların gedişatını ciddi
şəkildə çətinləşdirir".
Nazir xüsusi qeyd edib ki, ilk növbədə Ermənistan öz qoşunlarını
Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmalıdır. O deyib:
"BMT-nin dörd qətnaməsində Ermənistan silahlı qüvvələrinin işğal
edilmiş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb
olunur. Təəssüf ki, artıq 20 ildən çoxdur ki, bu tələblər yerinə
yetirilmir, çünki Ermənistan onlara sadəcə məhəl qoymur".
Azərbaycan nazirinin fikrincə, ötən il danışıqlar prosesi
Azərbaycan və Ermənistanın prezidentləri səviyyəsində yetərincə
intensiv olub. E.Məmmədyarov deyib: "ATƏT-in Minsk qrupunun
həmsədrlərinin təkidlə böyük sülh sazişi üzərində işə başlamağa
çağırmalarına baxmayaraq, bu işi yerindən tərpətmək mümkün olmayıb,
çünki Ermənistan həmin çağırışları qulaqardına vurub. Azərbaycan
dəfələrlə böyük sülh sazişi üzərində işə başlamağa hazır olduğunu
bildirib. Hesab edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri
sülhməramlı missiyalarında bu münaqişənin həlli prosesində
irəliləyişə nail olmaqdan ötrü Ermənistanı sülhə məcbur etmək üçün
onun barəsində tədbirlər görməlidirlər. Beynəlxalq asayişin kobud
pozucularına belə yanaşmanın çoxsaylı nümunələrini gətirmək
olar".
Azərbaycanın xarici-siyasi fəaliyyətinin prioritetlərindən
danışan nazir dost ölkələrlə əməkdaşlığın genişlənməsini və
möhkəmlənməsini, ölkənin iqtisadi maraqlarının, energetika və
nəqliyyat strategiyasının təşviq olunmasını, Azərbaycan haqqında
həqiqətlərin dünya birliyinə çatdırılmasını, mədəni və humanitar
diplomatiyanın inkişafını, xarici ölkələrdə Azərbaycan
vətəndaşlarının hüquqlarının müdafiə olunmasını və Azərbaycan
diasporu ilə əlaqələri vurğulayıb.
Müsahibəsində Rusiya-Azərbaycan münasibətlərinə xüsusi diqqət
yetirən E.Məmmədyarov deyib: "Bu gün Rusiya ilə bir çox tərəfdaşlıq
münasibətlərinin sınaqdan keçirildiyi bir vaxtda Azərbaycan ilə
Rusiya arasında münasibətlər intensiv inkişaf edir və bütün
sahələri əhatə edir. Bizim əlaqələrimiz qarşılıqlı ehtirama və
qarşılıqlı əməkdaşlığa söykənir. Rusiya Azərbaycanın əsas ticarət
tərəfdaşlarından biridir. Biz ərzaq məhsulları, kənd təsərrüfatı
xammalı, metal, oduncaq, avadanlıq, nəqliyyat vasitələri,
sellüloz-kağız məmulatı alırıq. Azərbaycanın Rusiyaya ixracında
mineral xammal, toxuculuq məmulatı, pambıq, kənd təsərrüfatı
malları üstünlük təşkil edir. Azərbaycanda 500 Rusiya şirkəti
qeydiyyata alınıb. Bunların 200-ü yüz faiz Rusiya kapitalı, 300-ü
müştərək müəssisə formatında fəaliyyət göstərir. Rusiyanın ən iri
istehsalçıları və şirkətləri arasında "Qazprom", "Lukoyl", "KamAZ"
və "VTB"-nin adlarını çəkmək olar.
Nazir terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni
və turizm sahəsində əməkdaşlığı da yüksək qiymətləndirərək deyib:
"Qarşılıqlı səfərlərin intensivliyi, Azərbaycan mədəniyyətinin və
mətbəxinin təbliği, ölkələrimiz arasında tələbə mübadiləsi bizi
yalnız sevindirir. Qeyd edim ki, Azərbaycanın 120 minlik rus icması
Cənubi Qafqazda ən böyük rus icmasıdır. Ruslar Azərbaycanın layiqli
vətəndaşlarıdır və ölkəmizin inkişafına böyük töhfə verirlər".
Bakıda Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı suala cavab
verən nazir deyib: "Əvvələn, Soçi Olimpiadasının uğurla
keçirilməsinə görə rusiyalıları təbrik etmək istərdim. Çox gözəl və
möhtəşəm tədbir idi. Biz Rusiyanın uğurlarına, rusiyalı
idmançıların qələbəsinə çox sevinirdik. İndi biz artıq birinci
Avropa Oyunlarının astanasındayıq. Bu tədbir ilk dəfə keçirilir.
Biz Oyunları ən yüksək səviyyədə keçirməyə çalışırıq. Olimpiya
Xartiyasına görə, Azərbaycan öz zəngin təcrübəsinə söykənərək
Avropa Oyunlarını təşkil etməklə, təkcə Avropada deyil, həm də onun
hüdudlarından uzaqlarda sülhə, sabitliyə, çiçəklənməyə, dostluğa,
mədəniyyətlərarası və dinlərarası dialoqa xidmət edir. Bu,
yetərincə irimiqyaslı Oyunlar olacaq. Biz idmanın 20 növündə
yarışacaq 6 mindən çox idmançı qəbul edəcəyik. Onları 3 mindən çox
adam müşayiət edəcək. Qeyd etmək istərdim ki, biz Rusiyadan, özü də
təkcə Moskvadan deyil, regionlardan da 150 KİV nümayəndəsinin
gələcəyini gözləyirik. Rusiyalı jurnalistləri, idmançıları və
azarkeşləri Bakıda görməyə çox şad olacağıq".