16:07
Avropa Birliyinin (AB) Bakı ofisinin və Yunanıstanın
Azərbaycandakı səfirinin Azərbaycana qarşı işbirliyi ortaya
çıxıb.
APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata əsasən,
Yunanıstan Prezidenti Prokopis Pavlopulos Bakıda keçiriləcək l
Avropa Oyunlarında iştirak etmək qərarından daşınıb. Buna səbəb isə
Yunanıstanın Azərbaycandakı səfiri Dimitris Sunqasın bu ölkənin
Xarici İşlər Nazirliyinə ötürdüyü dezinformasiya xarakterli
məlumatlar olub.
Belə ki, səfir mayın 21-də Yunanıstan XİN-ə göndərdiyi məlumatda
iddia edib ki, l Avropa Oyunlarının açılışında heç bir dövlət və
hökumət başçısı iştirak etməyəcək.
Səfir öz iddiasını həm də Avropa Birliyinin Bakı ofisindən
səfirliyə daxil olan və guya l Avropa Oyunlarının dünya liderləri
tərəfindən "boykot" ediləcəyi haqqında məlumat ilə
əsaslandırıb.
Səfir məktubunda hətta iddia edib ki, Rusiya və Türkiyə
prezidentləri də açılışda iştirak etməyəcəklər. Məhz bundan sonra
Yunanıstan hökuməti səfirin yanlış iddiasını əsas tutaraq, açılış
mərasimində idman nazirinin müavini Stavros Kontonis səviyyəsində
təmsil olunmaq barədə qərar qəbul edib.
Diplomatik mənbə onu da bildirib ki, Yunanıstan XİN-i formal
olaraq bu qərarını Prezident Prokopis Pavlopulosun mayın 9-da
Qələbə günü münasibətilə Moskvada keçirilən hərbi paradda iştirak
etməməsi və buna görə də balans saxlamaq zərurəti ilə
əsaslandırıb.
O da məlum olub ki, son günlər Avropa Birliyi və onun Bakıdakı
ofisi ayrı-ayrı ölkələrin rəhbərliyinə və Azərbaycandakı
səfirliklərinə müraciətlər edərək, onları l Avropa Oyunlarının
açılış mərasimində iştirakdan çəkindirməyə çalışır.
***
Aİ-nin Bakı nümayəndəliyindən isə APA-ya daxil olan xəbərdə qeyd
olunub ki, bu barədə mediada verilən informasiya heç bir şəkildə
düzgün deyil: "Aİ-a üzv dövlətlərin Avropa Oyunları kimi idman
tədbirlərində iştirak etməsinə dair tövsiyə vermək Aİ
nümayəndəliyinin səlahiyyətinə daxil deyil".
Aİ Nümayəndəliyi onu da xatırladıb ki, 21-22 may tarixində Şərq
Tərəfdaşlığı Sammitinin Riqadakı birgə bəyanatında sammit
iştirakçılarının "iyun ayında Azərbaycanda keçiriləcək I Avropa
Oyunlarını səbirsizliklə gözlədikləri" vurğulanıb.
Yunanıstanın Bakıdakı səfirliyi isə məqalənin bütün məzmununu
qəti şəkildə təkzib edib: "Yunanıstan tərəfi rəsmi mövqeyini
bildirəcək".