"Azərbaycan" qəzetində
Almaniyaya həsr olunmuş məqalə dərc edilib.
Axar.az məqaləni təqdim edir.
Avropa Almaniyanın hegemonluğuna qarşı
1941-ci il mayın 30-u yunan Manolis Qlezosun Adolf Hitleri
məsxərəyə qoyduğu gündür. O, öz dostu ilə Afina Akropolundan faşist
Almaniyasının böyük bayrağını qopararaq yerə atdı və qəhrəmana
çevrildi.
"Der Spiegel" nəşri yazır ki, indi 92 yaşlı Qlezos Avropa
Parlamentində Yunanıstanın hakim SİRİZA partiyasını təmsil edir.
İkinci Dünya müharibəsi zamanı müqavimət hərəkatının fəalı olan
yunan qəhrəmanı almanların Avropada hökmranlığının nə ilə
nəticələndiyinin canlı şahididir və onun sözlərinə görə, hazırda bu
proses yenidən baş verir: "Ancaq bu dəfə Yunanıstanı boğazından
hərbçilər deyil, siyasətçilər və biznes rəhbərləri tutublar. Alman
kapitalı Avropada hökmrandır və ona Yunanıstanın bədbəxtliyi və
məşəqqətləri sərf edir. Amma bizə onların pulları lazım deyil".
Qlezosun fikrincə, indinin özündə də Almaniya dəhşətli keçmişi ilə
bağlıdır. Ancaq o, bu iddianı səsləndirəndə xüsusi qeyd edir ki,
alman xalqını yox, onun hakimiyyətini nəzərdə tutur: "Almaniya bu
gün də təcavüzkardır. Onun Yunanıstana münasibətini tiranın qula
münasibəti ilə müqayisə etmək olar".
Qlezos faşist Almaniyasının baş ideoloqu Yozef Gebbelsin
"2000-ci il" adlı məqaləsini xatırlayır. Həmin yazıda Gebbels
Almaniyanın rəhbərliyi ilə Avropanın gələcəyi haqqında öz
fikirlərini bölüşür. Qlezos deyir ki, Gebbels cəmi 10 il
tələsib.
Ekspertlər hesab edirlər ki, ümumdünya iqtisadi böhranı güclü
iqtisadi potensiala malik Almaniyanın ümumavropa hegemonluğu
iddiasını reallaşdırmağa əlverişli şərait yaradır. Bu isə bütün
Avropada sərt müqavimətlə üzləşir: Almaniya kansleri Angela Merkel
bu ekspanisiyanın müəllifi kimi təqdim olunur. Onun Hitlerin
bığları ilə təsvir olunmuş karikaturaları, Avropanın alman
tanklarının tapdağı altında təsvir olunduğu rəsmlər Yunanıstan,
Bolqarıstan, İspaniya, Böyük Britaniya, Polşa, Portuqaliya və digər
ölkələrdə ildırım sürəti ilə yayılır. Nasist simvolikası isə
Almaniyanın ayrı-ayrı ölkələrə tətbiq etdiyi sərt qənaət
siyasətinin ayrılmaz atributu kimi təqdim edilir. Avropa Almaniyada
"Üçüncü Reyxin" xələfi olan "Dördüncü Reyxin" yaranmasından
danışır.
Azərbaycan-Almaniya əlaqələri: tarixə qısa
ekskurs
Almaniya Avropanı fəth etmək yoluna çıxdığı bir zamanda Cənubi
Qafqazın və postsovet məkanının parlayan ulduzu Azərbaycan bu ölkə
və onun söz sahibi olduğu Avropa İttifaqı ilə münasibətlərini necə
qurmaq niyyətindədir? 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyi
əldə etdikdən sonra iki ölkə arasında münasibətlər müəyyən
mərhələyə qədər rəvan inkişaf edib. 1992-ci ildə Almaniya ilə
Azərbaycan arasında diplomatik münasibətlər qurulub, səfirliklər
açılıb. Həmin dövrdə siyasi dəstəyə və sərmayələrə böyük ehtiyacı
olan rəsmi Bakı Avropanın ən güclü iqtisadiyyatı ilə yaxın əlaqələr
yaratmaqda maraqlı olduğu kimi, yenicə birləşmiş Almaniya da öz
təsir dairəsini genişləndirmək, mühüm strateji bölgədə yerləşən,
zəngin təbii ehtiyatlara və güclü inkişaf potensialına malik
Azərbaycanla təmaslarını gücləndirmək perspektivindən imtina edə
bilməzdi. 1995-ci ilin dekabrında Almaniyanın o zamankı xarici
işlər naziri Klaus Kinkelin Azərbaycana, 1996-cı ilin iyulunda isə
Azərbaycanın Prezidenti Heydər Əliyevin Almaniyaya səfərləri iki
ölkə arasında əlaqələri yeni səviyyəyə yüksəltdi. Sonrakı illərdə
ölkələr arasında siyasi, iqtisadi, elmi-texniki, müdafiə,
təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində uğurlu
əməkdaşlıq inkişaf etdirildi. Siyasi əlaqələrin möhkəmlənməsi,
əlverişli investisiya mühiti alman şirkətlərinin Azərbaycana
gəlməsi və uğurlu fəaliyyətinin başlıca səbəbləri kimi xarakterizə
oluna bilər. "Simens", "Ferrosstal", "İnterselekt", "Mersedes Bens"
kimi iri şirkətlər də daxil olmaqla Almaniyanın 150-yə yaxın biznes
subyekti Azərbaycanda aktiv fəaliyyət göstərməyə başlamışlar.
Siyasi əlaqələrin xarakterinə gəldikdə, Azərbaycan bütün
ölkələrlə olduğu kimi, Almaniya ilə də bərabərhüquqluluq,
qarşılıqlı etimad, səmərəli əməkdaşlıq, bir-birinin daxili işlərinə
qarışmamaq prinsiplərinə əsaslanan münasibətlərin qurulması və
inkişaf etdirilməsində maraqlı olub.
Azərbaycan müstəqil dövlət kimi, ikitərəfli əlaqələrdə
böyük-kiçik münasibətlərini qəbul etmir və qarşı tərəfdən də
analoji münasibət gözləyir. Bununla yanaşı, Azərbaycan hər bir ölkə
və beynəlxalq təşkilatla əlaqələrində Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həllinə xüsusi münasibət tələb edir. Bu
münasibəti şərtləndirən başlıca faktorlardan biri isə beynəlxalq
hüququn prinsiplərinin dəstəklənməsidir ki, bu da
Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün vacib şərtlər
sırasına daxil olub.
Ədalət naminə qeyd edilməlidir ki, Almaniya dəfələrlə ən yüksək
səviyyədə Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini ifadə edib.
2004-cü ildə bu ölkənin prezidenti Horst Keller bildirib ki,
"Almaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və onun
bu mövqeyi dəyişməz qalır". Almaniyanın kansleri Gerxard Şreder isə
Almaniyanın Azərbaycanın tərəfdaşı olduğunu vurğulamaqla onun
"ərazi bütövlüyünü tanıdığını və böyük hörmətlə yanaşdığını" deyib.
Almaniya Bundestaqı Federal Şurasının 14 may 2010-cu il tarixli
"Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və güclənmə" adlı
qətnaməsində isə qeyd edilib ki, "Almaniya beynəlxalq hüququn
dövlətlərin razılığı olmadan onların sərhədlərinin
dəyişdirilməsinin yolverilməzliyini ehtiva edən əsas prinsiplərini
dəstəkləyir".
Beləliklə, Azərbaycanla Almaniya arasında əməkdaşlıq
əlaqələrinin inkişafı bir tərəfdən Almaniyanın Cənubi Qafqaz kimi
mühüm regionda möhkəmlənməsinə, alman biznesinin, QHT-lərinin bu
bölgəyə gəlməsinə şərait yaratdısa, digər tərəfdən də Azərbaycanın
Avropa İttifaqı ilə əlaqələrinin güclənməsində,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılmasında pozitiv rolunu
oynadı. Əminliklə demək olar ki, ikitərəfli əlaqələrin inkişafında
2007-ci ilin fevralında Prezident İlham Əliyevin Almaniyaya
səfərinin və səfər çərçivəsində əldə olunmuş razılaşmaların böyük
əhəmiyyəti vardır.
Azərbaycanın Almaniya və Avropa İttifaqı üçün əhəmiyyəti
baxımından 2014-cü ilin oktyabrında Bakıda səfərdə olan Almaniyanın
xarici işlər naziri Valter Ştanmayerin fikirləri maraqlıdır:
"Azərbaycan strateji baxımdan Şərq və Qərb arasında vacib ölkədir,
körpü rolunu oynayır. Azərbaycan, həmçinin, enerji baxımından vacib
ölkədir, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük
rola malikdir. Azərbaycan regionda yeganə ölkədir ki, burada
Almaniyanın Xarici Ticarət Palatası fəaliyyət göstərir və 140 üzvü
özündə birləşdirir. Bu da bizim iqtisadi əlaqələrimizin geniş
olmasının göstəricisidir. Bundan başqa, "Cənub" qaz dəhlizi
ikitərəfli əməkdaşlığımızın daha da inkişafı üçün böyük
perspektivlər açır".
Azərbaycan və "Dördüncü Reyx"
İki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyi və strateji
tərəfdaşlıq meyillərinin gücləndiyi bir ərəfədə - 2011-ci ildə
Almaniya QHT-lərinin, mediasının və bir sıra hallarda rəsmi
şəxslərinin Azərbaycana qarşı aqressiv davranışı düşündürücü hal
idi. Ekspertlər Bakıda keçirilmiş "Eurovision -2012" mahnı
müsabiqəsi dövründə Almaniya başda olmaqla, Qərb dairələrinin
Azərbaycana qarşı həyata keçirdiyi qarayaxma kampaniyasını müxtəlif
amillərlə izah etdilər. Onlar bunu əsasən Azərbaycan qazının Avropa
bazarına çıxarılması, həmçinin Almaniyanın hegemonluq iddiası və
ABŞ-ın təhriki ilə Cənubi Qafqazın mərkəzi ölkəsi olan Azərbaycanı
öz təsiri altına salmaq cəhdləri ilə bağladılar. Söz yox ki, bu
bədbin niyyət demokratiya və insan haqları iddiaları ilə
pərdələnmişdi. Amma bu maska o qədər primitiv idi ki, hətta
Almaniyanın həmin dövrdə Azərbaycanda səfiri olmuş Herbert Kvelle
2012-ci ildə Azərbaycan mediasına məktubunda da ona normal izahat
verməkdə çətinlik çəkirdi. Səfir iddia etmişdi ki, 2011-ci ildə
Düsseldorfda "Eurovision" mahnı müsabiqəsində qələbədən sonra alman
mətbuatı Azərbaycanla daha çox maraqlanmağa və pozitiv məlumatlarla
yanaşı, internetdə çoxsaylı neqativ informasiyalarla rastlaşaraq
onları qabartmağa başladı. Səfir yazırdı ki, Almaniya federal
hökumətinin müstəqil və güclü alman KİV-inə təsir etmək imkanı
yoxdur. Əlbəttə, öz ölkəsinin maraqlarını müdafiə edən səfirin
mülahizələri problemə bu çərçivədə izahat vermək cəhdiydi. Əgər
cənab Kvelle məsələyə mühüm transkontinental enerji layihələrində
Almaniyanın maraqları, bu ölkənin hakimiyyət və digər siyasi
dairələrinin Azərbaycan müxalifəti ilə təmaslarının
intensivləşməsi, prosesdə Almaniyanın xarici işlər naziri Guido
Vestervelle, onun müavini Mixael Linkin fəal iştirakı, aparıcı
alman siyasi dairələri tərəfindən idarə olunan nüfuzlu fondların
Azərbaycan müxalifəti ilə əlaqələri, nəhayət, özünün müxalifət
"liderləri" ilə görüşlərində müzakirə olunan mövzular prizmasından
yanaşsaydı, tam başqa mənzərə yaranardı və səfir
qeyri-obyektivlikdə ittiham olunmazdı.
Ancaq az keçmədi ki, Almaniyanın "Spiegel", ARD kimi aparıcı
KİV-ində Azərbaycana qarşı əsassız, qeyri-obyektiv materiallar
verilməsi bu ölkənin müəyyən dairələrinin Azərbaycanla bağlı
maraqları ilə uzlaşdırıldı və total qarayaxma kampaniyasının tərkib
hissəsinə çevrildi. Konrad Adenauer, Fridrix Nauman, Henrix Böll,
Fridrix Ebert kimi fondlar Azərbaycanda nəzərəçarpacaq dərəcədə
aktivləşdi, Almaniyanın rəsmi şəxslərinin, parlamentarilərinin
müxalifət partiyalarının rəhbərləri ilə görüşləri intensiv xarakter
aldı.
Almaniya hökumətinin İnsan Haqları və Humanitar Yardım üzrə
müvəkkili Markus Löninq Azərbaycana qarşı həyata keçirilən
kampaniyanın əsas təşkilatçılarından birinə çevrildi. O, 2011-ci
ilin avqustunda Azərbaycana səfəri zamanı kəskin fikirləri ilə
yadda qaldı. Müxalifət nümayəndələri ilə görüşündə Löninq
bildirmişdi ki, "Almaniya Azərbaycanda dəyişikliklər etmək üçün
sizə hər zaman kömək etməyə hazırdır". Löninqin anti-Azərbaycan
demarşı 2013-cü ilə kimi, BMT-nin İnsan Haqları Komissiyasında
Almaniyada insan hüquq və azadlıqlarının pozulması, irqçilik və
ksenofobiya faktlarının artmasını nəzərdə tutan hesabatın
açıqlandığı günə qədər davam etdi.
Almaniyadan Azərbaycana qarşı digər kampaniya isə Avropa
Şurasının insan haqları üzrə bədnam məruzəçisi Kristofer Ştrasserin
xəttilə təşkil edildi. Lakin AŞ PA-nın 2013-cü il yanvar
sessiyasında onun Azərbaycana dair məruzəsi tam iflasa uğradı və
deputatlar Ştrasserin özü ilə birgə onun hesabatını da tarixin
arxivinə təhvil verdilər.
Bu kampaniyanın daha bir istiqaməti Bundestaqın Yaşıllar
fraksiyası vasitəsilə reallaşdırıldı. Ermənipərəst mövqeyi ilə
seçilən Bundestaqın Cənubi Qafqaz üzrə parlament qrupunun sədr
müavini, Yaşıllar partiyasının fəalı Viola fon Kramon bildirmişdi
ki, Bundestaqın "Eurovision" müsabiqəsinin boykot edilməsi ilə
bağlı Avropa İttifaqı ölkələrinə müraciət etməsinə nail olacaqlar.
Bu partiyanın Almaniya parlamentindəki nümayəndəsi Folker Berq isə
mətbuata açıqlamasında açıq şəkildə demişdi ki, "Bakı Avrovoziyanın
keçirilməsi üçün münasib yer deyil".
Bütün bunlarla yanaşı, 2012-ci ilin martında Azərbaycanda
səfərdə olmuş Almaniyanın xarici işlər naziri Guido Vestervellenin,
bu ölkənin Azərbaycandakı səfiri Herbert Kvellenin müxalifət
başçıları və fəalları ilə davamlı təmasları onu deməyə əsas verirdi
ki, Almaniya dövlət səviyyəsində Azərbaycana qarşı çirkin kampaniya
həyata keçirməyə başlamışdı. Təsadüfi deyil ki, 2012-ci ildə
Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə parlament qrupunun sədr
müavini və Fridrix Nauman Fondunun xəttilə Bakıda keçirilən bütün
tədbirlərin aparıcı siması olan Mixael Linkin Almaniya xarici işlər
nazirinin müavini vəzifəsinə təyin olunması AXCP-də böyük ruh
yüksəkliyi ilə qarşılanmışdı. Əli Kərimli M.Linki "dostumuz"
adlandıraraq öz ətrafına bildirmişdi ki, onun bu vəzifəyə təyinatı
heç də təsadüfi xarakter daşımır. Ə.Kərimli bu fikirləri işlədərkən
yəqin onu nəzərdə tuturdu ki, Fridrix Nauman Fondu Almaniya Azad
Demokratlar Partiyası ilə sıx əlaqədədir. M.Link isə bu partiyanın
fəallarındandır. Beləliklə, M.Linkin təyinatı bir tərəfdən fondun
pul kisəsini daha geniş şəkildə AXCP-nin üzünə açır, digər tərəfdən
də AXCP-nin Almaniya hökuməti və Azad Demokratlar Partiyası
səviyyəsində dəstək almasına şərait yaradırdı.
Göründüyü kimi, Almaniyanın rəsmi şəxsləri, dövlət strukturları,
mediası, QHT-ləri Azərbaycanı fəaliyyətlərinin əsas hədəfi
seçmişdilər. Həmin vaxt Almaniyanın Azərbaycana olan marağını
təhlil edən ekspertlər bildirirdilər ki, Gürcüstanın Avropa
İttifaqı və NATO istiqamətində irəliləməsi, Ermənistanın isə
Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Təşkilatına üzv olması
və şimal qonşumuzun orbitində fırlanması fonunda, Azərbaycan heç
bir bloka qoşulmayan və müstəqil siyasət yürüdən ölkə kimi diqqəti
çəkməyə bilməzdi. Azərbaycanın müstəqil siyasətini qəbul etməyən
ABŞ tərəfindən məhz Almaniyanın vasitəsilə Bakını öz təsir
dairəsinə salmağa cəhd edildi. Almaniya artıq dövlət səviyyəsində
həm Avroviziya-2012" amilindən, həm də Qərbin standart təzyiq
vasitələrindən - demokratiya amilindən istifadə etməklə Azərbaycana
təzyiq göstərməyə çalışırdı. Bu, Avropada hökmranlığa can atan
"Dördüncü Reyx"in həm də uzaq Qafqazda möhkəmlənmək, Bakı neftini
idarə etmək planlarına cavab verirdi. Əgər 60 il əvvəl "Üçüncü
Reyx" bu planı hərbi yolla həyata keçirmək istədisə, Angela Merkel
demokratik institutları Azərbaycana qarşı süngüyə çevirdi. Ancaq
heç nə alınmadı və 1942-43-cü illər 60 ildən sonra yenidən
təkrarlandı. Necə oldu ki, Almaniya Azərbaycanın müqavimətini
sındıra bilmədi?
Antiazərbaycan kampaniyanın iflasının pərdəarxası və ya
İlham Əliyev Vestervelleyə nə demişdi?
2012-ci ildə Avroviziya mahnı yarışması ərəfəsində Almaniyanın
Xarici İşlər naziri Guido Vestervellenin Azərbaycana səfərinin
indiyə kimi açıqlanmamış təfərrüatları həm də ictimai maraq
baxımından böyük əhəmiyyət kəsb edir.
Həmin il martın 15-də, Almaniyadan Azərbaycana qarşı kampaniya
başlandığı bir dövrə G.Vestervelleni qəbul edən Prezident İlham
Əliyevin məsələ ilə əlaqədar ona öz iradlarını bildirdiyini ehtimal
etmək olar. Yəqin Vestervelle də dövlət başçısını əmin etməyə
çalışıb ki, bu, Almaniya hökumətinin xətti deyil və ayrı-ayrı
maraqlara xidmət edən lokal qrupların özfəaliyyətidir. Vestervelle
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla mətbuat
konfransında da Almaniya mediasının Azərbaycana qarşı kampaniyası
ilə bağlı sualı cavablandırarkən bildirmişdi ki, "Almaniyada media
azaddır və onun üzərində nəzarət yoxdur. Ancaq Almaniyada
Azərbaycan haqqında fikir müxtəlifliyi də var və bəziləri hesab
edirlər ki, Azərbaycan inkişaf edən ölkədir".
Maraqlıdır ki, bundan cəmi bir ay sonra, aprelin ortalarında
Almaniyanın Azərbaycandakı səfiri H.Kvelle Prezident
Administrasiyasına müraciət ünvanlayaraq xahiş etmişdi ki,
Azərbaycan Prezidenti ABŞ-a səfəri zamanı G.Vestervelle ilə yenidən
görüşmək məsələsini nəzərdən keçirsin. Buna səbəb isə Almaniyadan
təşkil olunmuş və getdikcə güclənən antiazərbaycan kampaniyasının
Azərbaycan ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanması və
güclü cavab reaksiyasının başlanmasıydı. Alman QHT-lərinin
Azərbaycandakı ofislərinin fəaliyyətinə təhlükə yarandığı bir
zamanda, Azərbaycan hökuməti də bu ölkə ilə iqtisadi sahədə
əməkdaşlıq məsələlərini yenidən nəzərdən keçirməyə
hazırlaşırdı.
Qeyd edək ki, 2012-ci il mayın 4-də Prezident İlham Əliyev BMT
Təhlükəsizlik Şurasının iclasına sədrlik etmək üçün Nyu Yorka səfər
etmişdi. Məhz həmin səfər çərçivəsində İlham Əliyevin Vestervelle
ilə görüşü baş tutmuşdu. Rəsmi məlumata əsasən, Prezident İlham
Əliyev ölkələr arasında uzun illər davam edən dostluq və əməkdaşlıq
mühitinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud
olduğunu vurğulamışdı.
Ancaq əminliklə demək olar ki, həmin görüşdə İlham Əliyev
Vestervelleyə sərt xəbərdarlıq edərək Almaniya hökumətinin
qeyri-səmimi davranışının ikitərəfli münasibətlərə mənfi təsir
etdiyini onun diqqətinə çatdırmışdı. Çünki hadisələrin gedişi
təsdiq edirdi ki, anti-Azərbaycan kampaniyası heç də xaotik şəkildə
yaranmamışdı və bu prosesin arxasında ciddi qüvvələr dururdu. Buna
görə də Almaniya hakimiyyəti destruktiv fəaliyyətini davam
etdirəcəyi təqdirdə Almaniya-Azərbaycan münasibətlərinə ciddi
təhlükə yaranacağı, əməkdaşlıq əlaqələrinin kəsiləcəyi və
tərəfdaşlığa son qoyulacağı heç bir şübhə doğurmurdu. Almaniyanın
Azərbaycandakı strateji maraqlarını nəzərə alaraq, demək olar ki,
görüşdə Vestervelle də Azərbaycan dövlət başçısını problemin aradan
qaldırılması ilə bağlı təxirəsalınmaz və hiss olunacaq tədbirlərin
görüləcəyinə əmin etmişdi. Həmçinin Vestervellenin bu halın
gələcəkdə təkrarlanmayacağına zəmanət verdiyini də istisna etmək
olmaz.
Düzdür, problem heç də güman edildiyi kimi operativ həll
olunmadı. Amma Azərbaycan tərəfi də anlayırdı ki, uzun müddət
hazırlanmış və tam gücü ilə çalışan bir mexanizmi dərhal
dayandırmaq mümkün deyil. Əsas odur ki, proseslərin sonrakı
inkişafında hakimiyyət qurumlarının və dövlətlə bağlılığı olan
təsisatlarının fəallığı minimuma endi. Ən azından bu özünü
Kristofer Ştrasserin, Markus Löninqin, səfir Kvellenin, xarici
işlər nazirinin müavini Linkin, hakimiyyətlə bağlı olan QHT və
medianın fəaliyyətində büruzə verdi.
Avroviziya dövründə müşahidə olunan proseslərin təhlili göstərdi
ki, Almaniyanın Azərbaycanla bağlı ciddi planları mövcuddur. Qərb
nəyin bahasına olursa olsun Cənubi Qafqazın yeganə müstəqil siyasət
yürüdən ölkəsinin müqavimətini qırmağa və onu öz təsir dairəsinə
daxil edərək geostrateji əhəmiyyətə malik regionda dominant mövqe
əldə etməyə böyük səy göstərir.
Valter Ştaynmayerin zəmanəti və Almaniya-Azərbaycan
münasibətlərinin inkişafında yeni mərhələ
2012-ci ilin dekabrında Angela Merkel yenidən Xristian Demokrat
Birliyi Partiyasının (XDP) sədri seçildikdən sonra onun üçüncü dəfə
kansler postuna iddiasını gerçəkləşdirmək üçün əlverişli şərait
yarandı. Maraqlıdır ki, 7 dəfə dalbadal partiya sədri seçilən
Angela Merkelə qurultay nümayəndələrinin 97,94 faizi səs vermişdi.
2013-cü ilin payızında isə Xristian Demokrat Partiyası parlament
seçkilərində qələbə qazandıqdan sonra Angela Merkel növbəti dəfə
Almaniyanın siyasi olimpinə yüksəldi. Hakimiyyət komandasında
həyata keçirilmiş dəyişikliklərdən biri də 2005-2009-cu illərdə
Almaniya xarici siyasət idarəsinə rəhbərlik etmiş Frank-Valter
Ştaynmayerin yenidən bu vəzifəyə qaytarılması olmuşdu.
Ştaynmayer Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. O, 2007-ci
ildə də Bakıda səfərdə olmuşdu. Xarici işlər nazirinin Azərbaycana
növbəti səfəri isə onun 2014-cü ilin oktyabrında Cənubi Qafqaz
turnesi çərçivəsində reallaşmışdı. Ştaynmayer Azərbaycana vacib
missiya ilə gəlmişdi - onun üzərinə 2012-ci ildən iki ölkənin
münasibətlərinə yaranmış durğunluğu aradan qaldırmaq yükü
qoyulmuşdu. Bu məqsədlə Almaniya hökuməti xüsusi təkliflər paketi
ilə də çıxış etmişdi. Ancaq problemi həll etmək üçün Azərbaycanın
da öz tələbləri var idi. Çox böyük ehtimal ki, həmin vaxt xarici
işlər nazirini qəbul edən Prezident İlham Əliyev ona bu tələbləri
çatdırmışdı. Bu hansı tələblər ola bilərdi? Azərbaycan müstəqil
dövlətdir və heç bir qüvvənin, o cümlədən Almaniyanın və Avropa
İttifaqının təsir dairəsində fəaliyyət göstərmək niyyətində deyil.
Azərbaycanla Almaniya arasında münasibətlər o vaxt pozitiv məcraya
qayıda bilər ki, rəsmi Berlin üzərinə Azərbaycana qarşı bir daha
kampaniya təşkil etməyəcəyi və belə bir kampaniyada iştirak
etməyəcəyinə dair öhdəlik götürsün. Yəqin ki, "Eurovision"
yarışması dövründə Almaniyadan aparılan qarayaxmanın konturları,
onun başlıca məqsədlərinə dair Azərbaycanın rəyi də Ştaynmayerin
diqqətinə çatdırılmış və belə bir şəraitdə səmərəli əməkdaşlıq
əlaqələrinin mümkün olmadığı xüsusi vurğulanmışdı. Təbii ki,
məqsədli şəkildə Azərbaycana gələn Ştaynmayerin Almaniya
hakimiyyətinin bundan sonrakı dövrdə hərtərəfli əməkdaşlıq
əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu, baş vermiş
halların bir daha təkrarlanmaması üçün tədbirlər görüldüyünü
deməkdən başqa çıxış yolu yox idi. Bununla da Almaniyanın xarici
işlər naziri sonrakı dövrdə Almaniyanın Azərbaycana qarşı səmimi
davranacağına zəmanət vermiş olurdu.
Görünür, məhz Ştaynmayerin zəmanətindən sonra Prezident İlham
Əliyev Azərbaycan hökumətinə Almaniya ilə iqtisadi, siyasi və
humanitar sahədə əlaqələrin bərpa olunması, alman şirkətlərinin
Azərbaycanda fəaliyyətinə əlverişli şərait yaradılması barədə
tapşırıq vermişdi.
Almaniyanın xarici siyasəti riyakarlığın bariz
nümunəsidir
Təhlillər onu da deməyə əsas verir ki, I Avropa Oyunları
dövründə anti-Azərbaycan kampaniyası ABŞ tərəfindən təşkil edilib
və idarə olunur, Almaniya isə növbəti dəfə bu kampaniyanın fəal
icraçılarından biri kimi çıxış edir. Rəsmi Berlin ABŞ-ın təsirində
olduğuna və hegemonluq iddiasını ram edə bilmədiyinə görə,
Azərbaycana qarşı yenidən riyakarlıq yolunu tutub.
Bu riyakarlığın ilk işartıları Azərbaycan Prezidenti İlham
Əliyevin 2015-ci ilin yanvarında Almaniyaya işgüzar səfəri zamanı
özünü büruzə verdi. Qeyd edək ki, bu səfər çərçivəsində İlham
Əliyev Almaniya kansleri Angela Merkellə görüşərək ikitərəfli
münasibətlərin bütün istiqamətlərini müzakirə etdi. Həqiqətən də,
iki liderin görüşündə Almaniya-Azərbaycan əlaqələrinin inkişaf
etdirilməsi üçün vacib razılıqlar əldə olundu. Bu müsbət
əhval-ruhiyyə liderlərin mətbuat konfransında da özünü açıq
göstərdi. Lakin həmin mətbuat konfransı həm də əvvəlcədən İlham
Əliyevə qarşı hazırlanmış təxribatla yadda qaldı. Belə ki, tədbirin
keçirildiyi zala daxil olan bir nəfər plakat qaldıraraq Azərbaycana
qarşı şüar səsləndirdi. Həmin şəxsin kimliyi bəlli olsa da, onun
həmin yerə necə keçməsi məsələsi hələ də müəmmalı qalır. Lakin
ehtimal etmək olar ki, Azərbaycan Prezidenti Merkellə və digər
rəsmi şəxslərlə apardığı danışıqların müsbət nəticələrini nəzərə
alaraq, bu təxribata reaksiya verməməyi üstün tutdu. Yəqin o,
fikirləşdi ki, kiçik bir təxribat səfərin nəticələrinə kölgə
salmamalıdır. Bu isə həqiqətən də İlham Əliyevin böyüklüyünün,
Almaniya ilə münasibətlərin inkişaf potensialına inamının və bütün
razılaşmalara sadiqliyinin əyani təzahürü kimi xarakterizə oluna
bilər. Həmçinin belə düşünmək olar ki, Prezidentin səfərindən sonra
Azərbaycan hökumətinin Almaniya ilə bütün istiqamətlər üzrə
əməkdaşlıq əlaqələrini inkişaf etdirmək istiqamətində real
təşəbbüsləri və addımları da məhz cənab İlham Əliyevin tapşırığının
nəticəsiydi.
Merkelin "Avroparlament-Bundestaq" oyunu
Bəs Almaniya Azərbaycanın xoş məramına necə cavab verdi? Öz
ənənəvi üslubunda: ilk baxışdan maraqlarına uyğun olaraq ağıllı,
əslində isə primitiv və dayaz şəkildə. Məhz ABŞ-ın təhriki və
Merkelin birbaşa tapşırığı ilə anti-Azərbaycan kampaniyası
Almaniyadan Avropa Parlamentinin platformasına keçirildi. Əslində,
Avropa Parlamentinin Azərbaycana qarşı təzyiq mexanizmi qismində
istifadəsi yeni taktika deyildi. Qeyd edək ki, Avropa Parlamentində
deputatların ümumi sayı 2007-ci ilə kimi Nissa müqaviləsi ilə
tənzimlənmiş və 736 nəfər olmuşdu. 2007-ci ildə Lissabon
müqaviləsinə əsasən deputatların sayı 751 nəfərə çatdırılmışdı.
Təəccüb doğuran hal ondan ibarətdir ki, Azərbaycanda insan hüquq və
azadlıqlarının vəziyyəti ilə bağlı qətnamələrin müzakirəsində və
səsvermədə iştirak edən deputatların sayı hər dəfə 50-60 nəfəri
keçməmişdi. Məsələn, 2011-ci il mayın 12-də qəbul olunmuş
qətnamənin müzakirəsində və səsvermədə cəmi 54 deputat iştirak
etmişdi. 2012-ci il mayın 20-də qəbul olunmuş qətnamənin
müzakirəsinə isə cəmi 56 deputat qatılmışdı. Eyni hal 2013-cü il
iyunun 15-də və 2014-cü il sentyabrın 18-də də təkrar olunmuş və
tapşırıq əsasında fəaliyyət göstərən bir qrupun təşəbbüsü və
parlamentin azsaylı üzvlərin iştirakı ilə Azərbaycana qarşı qərəzli
qətnamələr qəbul edilmişdi.
Avropa Parlamentinin tərkibinə və strukturuna nəzər saldıqda,
olduqca maraqlı analogiya üzə çıxır. Belə ki, bu qurum Almaniya
Bundestaqına çox oxşayır və faktiki onu təkrarlayır. Almaniyada
olduğu kimi, Avroparlamentdə də xristian demokratlar (Avropa Xalq
Partiyası - EPP) və sosialist demokratlar (Sosialistlər və
Demokratlar Proqressiv Alyansı - SOC) uzun illərdir liderliyi
əllərində saxlayırlar. Məsələn, 2014-cü il seçkilərində
Avroparlamentdə EPP 29.4 faiz səslə 221, SOC isə 25.4 faizlə 191
mandat əldə ediblər. Ümumilikdə 751 deputatın təmsil olunduğu
parlamentdə 412 səsə (53.8 faiz) malik olan bu iki fraksiya bütün
məsələlərə təsir imkanlarını öz əllərində saxlayır. Kommunistlər və
solçular, yaşıllar, regionallar, liberallar, mühafizəkarlar,
milliyyətçilər və avroskeptiklər, sağçılar, həmçinin müstəqil
deputatlar bu və ya digər şəkildə qərarların qəbuluna ciddi təsir
göstərmək imkanına malik deyillər.
2013-cü ildə Almaniya Bundestaqına seçkilərdə Angela Merkelin
rəhbərlik etdiyi XDS/XCC 41,5%, ASDP isə 25,7 faiz səs
toplamışdılar. Yəni burada da xristian demokratlar
sosial-demokratları üstələmişdilər. Avropa Parlamentində olduğu
kimi, Almaniya Bundestaqında da bu iki partiya öz dominantlığını
qoruyub saxlayır. Hətta Avropa Parlamenti ilə Avropa İttifaqı
Şurası arasında qanunvericilik bölgüsü Almaniyada Bundestaqla
Bundesrat arasındakı bölgüyə oxşayır. Yəni Avropa Parlamenti istər
struktur, istər üzvlük, istərsə də fəaliyyət baxımından Bundestaqı
xatırladır və bu qurumda məhz Almaniyanın ton verməsi şübhə
doğurmur. Belə demək mümkündürsə, Avroparlament Almaniyanın
nəzarətindədir. Məhz buna görə də bu strukturun Azərbaycana qarşı
aqressiv münasibətinin Angela Merkelin reyxkanselyariyası ilə
bağlaması üçün tam əsas vardır.
Digər tərəfdən, Avroparlamentin sədri Martin Şults milliyətcə
almandır. 2014-cü ildə o, sosial-demokratların lideri kimi Avropa
Komissiyasının rəhbəri postuna öz namizədliyini irəli sürmüşdü.
Lakin bu mübarizədə, o, Avropa Xalq Partiyasının namizədi Jan-Klod
Yunkerə məğlub olmuş və ikinci dəfə Avropa Parlamentinə rəhbərlik
etmək təklifinə razılaşmışdı. Avropa mediasının verdiyi məlumata
görə, bu şəxslərdən hansının Avropa Komissiyasının, hansının isə
Avropa Parlamentinin rəhbəri olacağı Lissabon müqaviləsinə əsasən
parlamentarilər tərəfindən deyil, iyunun 26-27-də Avropa
İttifaqının Sammitində dövlət başçıları tərəfindən müəyyən
olunmuşdu. Avropa Parlamentinin deputatları isə sadəcə öz
rəhbərlərinin iradəsinə uyğun səs vermişlər. Əlbəttə, söhbət
Avropadan gedirsə, bunu da "demokratiyanın" növbəti təzahürü kimi
qəbul etmək olar.
Eyni zamanda, Jan-Klod Yunker Almaniya xristian demokratlarının
dominantlıq etdiyi Avropa Xalq Partiyasının namizədi kimi Avropa
Komissiyasına sədr seçilib. Deməli, o da Almaniyanın layihəsidir.
Bunu təsdiq edən faktlardan biri də odur ki, seçkilərdən dərhal
sonra bir araşdırmaçı jurnalist təşkilatının internet saytında
Jan-Klod Yunkerə qarşı ciddi korrupsiya ittihamları irəli
sürülmüşdü. Belçikanın "Libre Belgique" nəşrinin məlumatına görə,
"Luxembourg Leaks" adı alan bu qalmaqallı araşdırmada Yunkerin
Lüksemburqa rəhbərlik etdiyi dövrdə dünyanın nəhəng şirkətlərinin
öz ölkələrində vergidən yayınması üçün əlverişli vergi sistemi
qurduğu iddia olunmuşdu. Həmin dövrdə media iddia etmişdi ki,
Avropa Komissiyasına seçkilərdən sonra belə məlumatların
ictimailəşdirilməsi Yunkerin seçilməsinin əleyhinə qətiyyətlə çıxış
edən Böyük Britaniya hakimiyyətinin işi ola bilər. Ancaq nədənsə bu
məsələ inkişaf etdirilmədi və tez bir zamanda unuduldu. Necə ki,
vaxtilə Martin Şultsun Ukraynada V.Yanukoviç hakimiyyətindən külli
miqdarda rüşvət aldığı barədə məlumatlar araşdırılmadı və
dövriyyədən çıxarıldı.
Beləliklə, Almaniya hakimiyyəti Avropa Parlamentinin iki əsas
fraksiyasını nəzarətdə saxlamaqla yanaşı, həm də Avropa İttifaqının
müxtəlif orqanlarına öz adamlarını yeridib və onların idarəçiliyini
öz əlində cəmləşdirib. Bu da onu deməyə əsas verir ki, Almaniyanın
razılığı olmadan Avropa Parlamenti heç bir qərar və ya qətnamə
qəbul edə bilməz. Digər tərəfdən, Avroparlamentdə Azərbaycana qarşı
keçirilmiş bütün dinləmələrin təşəbbüskarı Yaşıllar fraksiyasıdır.
Bu fraksiya 2014-cü il seçkilərində 6,7% səs toplayaraq cəmi 50 yer
qazanıb. Avroparlament Yaşıllarının analoqu olan Almaniya İttifaq
90/Yaşıllar partiyası isə 8,4 faiz səs qazanaraq Bundestaqda 63 yer
əldə etməyə müvəffəq olub. Oxşarlıq kifayət qədərdir. Ancaq
məsələnin ən maraqlı tərəfi odur ki, Avroparlamentdə son
antiazərbaycan dinləmələrinin əsas təşkilatçılarından biri qurumun
avstriyalı vitse-prezidenti, Yaşıllar fraksiyasının üzvü, həm də
seksual azlıqların qurumu olan LGBT-nin fəalı Ulirike Lunaçekdir.
Onun yaxın ətrafı isə əsasən alman deputatlardır. Görəsən
həqiqətənmi Avroparlamentdə at oynadan Almaniya Yaşılların
avstriyalı nümayəndəsini qabağa verib onun əli ilə Azərbaycana
qarşı kampaniya təşkil etməklə kölgədə qaldığını düşünür?! Görəsən
xanım Merkel həqiqətənmi bütün dünyada insanların bu qədər primitiv
düşündüyü qənaətindədir? Axı ən azından 2012-ci ildə Prezident
İlham Əliyevlə Guido Vestervellenin Nyu Yorkdakı görüşündən sonra
Bundestaqa "divan tutan" Yaşılların birdən-birə sakitləşməsi
Almaniya hakimiyyətinin bu partiyaya necə ciddi təsir göstərdiyini
aşkara çıxardı!
I Avropa Oyunları ərəfəsində - iyunun 11-də yenə də Yaşılların
birləşdiyi Avropa Azad Alyansının təşəbbüsü ilə "İdman və insan
hüquqları" adlı dinləmələrin təşkil edilməsinin, bundan bir gün
əvvəl ABŞ-ın məlum "qvardiyasının" alman "legionu" ilə birləşib
etiraz aksiyası, mətbuat konfransı təşkil etməsinin arxasında
kimlərin durduğu yaxşı bəllidir. Burada "ABŞ-Almaniya alyansı"nın
silueti tam aydın göründü. Yəqin işin yaxşı təşkil edilməməsi və ya
avroparlamentarilərin bir çoxunun müstəqil bir dövlətə qarşı oyun
qurulduğunu başa düşməsinin nəticəsi oldu ki, ciddi cəhdlə təşkil
olunmuş şou-maskarad iflasa uğradı. Sual olunur: nəyə görə
Avroparlamentdəki dinləmələr baş tutmadıqdan dərhal sonra - iyunun
12-də analoji dinləmələr Böyük Britaniya parlamenti, Fransa Senatı,
Danimarka Folketinqi, İsveç Rikstaqında və ya başqa bir Avropa
ölkəsinin qanunvericilik orqanında deyil, məhz Almaniya
Bundestaqında keçirildi? Hansı səbəbdən "Azərbaycanda insan
hüquqlarına riayət olunmasına dair tələblər" və "Azərbaycanda
2015-ci il Avropa Oyunları zamanı demokratiyaya, hüquqi dövlətə və
insan haqlarına riayət olunması" adlı qətnamələrin müzakirəsində
631 deputatdan cəmi 35 nəfər iştirak edib? İki qətnamə cəmi 30
dəqiqə müzakirə olunub və 21 nəfər lehinə, 10 nəfər əleyhinə və 4
nəfər bitərəf qalmaqla qəbul edilib. Parlamentarizm tarixində
bundan rüsvayçı və gülünc tamaşanı xatırlamaq çətindir. Görəsən
ABŞ-ın Almaniya üzərində hökmü o qədər böyükdür ki, bir gündə həm
strateji marağı olan müstəqil bir dövlətlə münasibətlərini
korlayır, həm də ölkə parlamenti məzhəkə salonuna çevrilir?! Hər
halda bu, Angela Merkel hakimiyyəti üçün əsl rəzalətdir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin genişləndirilmiş iclasının iştirakçısı olan
deputatlar Almaniya Bundestaqının qəbul etdiyi qətnamə ilə əlaqədar
bəyanat yayaraq, bu "sənədi" Azərbaycan və Almaniya dövlətləri
arasında münasibətlərə xələl gətirməyə, Azərbaycanın beynəlxalq
nüfuzuna kölgə salmağa yönələn qərəzli və həqiqətdən uzaq bir sənəd
hesab etdiklərini bildirmişdilər. Bəyanat müəllifləri qeyd
etmişdilər ki, son dövrdə Almaniyada Azərbaycana qarşı məqsədyönlü
kampaniya həyata keçirilir. Bu, bir tərəfdən Almaniyadakı erməni
lobbisinin təsiri ilə bağlıdırsa, digər tərəfdən vaxtilə ikitərəfli
münasibətlərdə gərginlik yaratmış "Ştrasser məsələsi"nə görə
Almaniyanın bəzi siyasi dairələrinin Azərbaycandan qisas almaq
niyyəti ilə əlaqəlidir. Buna görə də deputatlar hökumətə müraciət
edərək, onun Almaniya Bundestaqının qətnaməsindən müvafiq nəticələr
çıxarmasını və ilk addım olaraq, bu yaxınlarda Azərbaycana səfəri
nəzərdə tutulan Almaniya rəsmi nümayəndə heyətini yüksək səviyyədə
qəbul etməməsini istəmişlər.
Bundan başqa, Almaniyanın Azərbaycandakı səfiri Haydrum Tempel
də Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilmiş, ona
Azərbaycan hökumətinin etirazı və xəbərdarlığı çatdırılmış,
həmçinin ikitərəfli əlaqələrin perspektivi ilə bağlı Azərbaycanın
ciddi narahatlığı ifadə olunmuşdu.
Göründüyü kimi, məhz Almaniya hökumətinin qeyri-səmimiliyi,
riyakar siyasəti səbəbindən Almaniya-Azərbaycan münasibətləri
hazırda böhran vəziyyətinə düşüb. Artıq Vestervelle, Ştaynmayer və
digər Almaniya rəsmilərinin bundan sonrakı vədlərinin də vəziyyəti
stabilləşdirəcəyinə əminlik yoxdur. Əgər kansler Angela Merkel
ikili oyun oynayırsa, özünü üzdə bir, arxada isə başqa cür
aparırsa, hansı vədlərdən və səmimiyyətdən söhbət gedə bilər?!
Elmar Brokdan Vilfred Lemkeyə qədər alman
diplomatiyasının mənəvi-əxlaqi dəyərləri
Elmar Brok Almaniyanın hakim partiyasını Avroparlamentdə təmsil
edir və bu qurumun xarici əlaqələr komitəsinin sədridir.
Azərbaycanı tənqid atəşinə tutmağa, Ermənistanı isə mümkün qədər
çox tərifləməyə aludədir. Məsələn o, Ramil Səfərovu əfv etdiyinə
görə Azərbaycanı sərt pisləmişdi. Demokratiya və insan hüquqları
məsələsində də cənab Brok Azərbaycanın "qəbahətlərini" daim
qabardır. "Erməni soyqırımı"nın 100 illiyi isə Elmarın həyatında
dərin izlər buraxdı. Türkiyəni ardıcıl şəkildə "erməni soyqırımı"nı
tanımağa çağıran cənab Brok üstəlik rəsmi Ankaradan ermənilərdən
üzr istəməyi də tələb etdi. Avroparlamentin Xarici əlaqələr
komitəsinin rəhbəri vaxtı olanda daha ciddi məsələlərlə də məşğul
olur, məsələn Ukrayna probleminin həlli ilə. Onun Ukraynada hansı
məsələlərlə baş vurduğu isə...
Ukraynanın "obozrevatel.com" saytı 2013-cü ilin yanvarında Elmar
Brokun Ukraynaya səfəri zamanı bu ölkə ətrafında yaranmış böhranın
aradan qaldırılması məsələlərindən daha çox, Kiyevin gecə
barlarında eyş-işrət məclisləri qurduğunu şahidlərin dili və bütün
təfərrüatları ilə təsvir etmişdi. Məlumatlar təsdiq edir ki,
Brüssel-Moskva-Kiyev üçbucağı ilə hərəkət edən cənab Brok
danışıqları V.Putin və V.Yanukoviçlə deyil, gecə barlarının adətkar
sakinləri ilə aparırmış. Məhz belə gecələrdən birinin səhərisi
bəyanatla çıxış edən E.Brok bildirmişdi ki, Moskvada Rusiya
rəhbərliyi ilə danışıqlarda, o, Ukraynanın Avrasiya İttifaqına
deyil, Avropa İttifaqına birləşməsini razılaşdırıb. Bu bəyanatdan
narahat olan Ukrayna mediası, təbii ki, xüsusi xidmət orqanlarının
köməyi ilə cənab Brokun apardığı danışıqları araşdırıbıar. Bəlli
olub ki, o, Kiyevin Treşşina yaşayış massivində yerləşən "Tusse",
"Viva Art", "TEO Club" və "Quli-Quli" gecə klublarında doyunca
əylənib və sonra yüngül əxlaqlı qadınlarla xüsusi evdə qalıb.
Brokun Ukrayna və Rusiya rəsmiləri ilə görüşüb-görüşmədiyi isə bu
günə kimi bəlli deyil.
Beləliklə, Angela Merkelin antiazərbaycan komandasının üzvləri -
Şults, Lunaçek, Brok və digərlərinin mənəvi-əxlaqi keyfiyyətləri
aydın şəkildə göstərir ki, Almaniya Azərbaycana qarşı
kampaniyasında deqradasiyaya uğramış ünsürləri səfərbər edib. Yəqin
ona görə ki, normal insanlar, ciddi ictimai-siyasi xadimlər,
ekspertlər və s. bu məzhəkənin iştirakçısı olmaq istəmirlər. Avropa
Parlamenti kimi bir qurumu oyuncağa çevirən rəsmi Berlin ölkə
parlamentində də diktat rejimi tətbiq edir. Bundan sonra BMT Baş
katibinin idman məsələləri üzrə xüsusi müşaviri almaniyalı Vilfrid
Lemkenin guya "Azərbaycanda diktatura hökm sürdüyü" barədə
iddialarını kim ciddi qəbul edə bilər. Onun digər yüksək vəzifəli
almanlar kimi məhz Merkelin təlimatı əsasında danışmadığına zəmanət
varmı?
Azərbaycana hücum kampaniyasının
anatomiyası
Ümumiyyətlə, Qərb hər bir addımı ilə təsdiq edir ki, Britaniya
imperiyasının "bizim əbədi dostlarımız yoxdur, əbədi maraqlarımız
var" siyasət prinsipi bu gün də onun üçün aktualdır və geniş tətbiq
edilir. Xüsusilə bu prinsip ABŞ-ın, Almaniyanın, Böyük Britaniyanın
siyasətində açıq müşahidə olunur.
l Avropa Oyunları zamanı əsasən bu ölkələrdən Azərbaycana qarşı
təşkil olunmuş kampaniyanın təhlili bu prosesin necə həyata
keçirildiyi, onun aktorları, hədəfləri barədə dolğun təsəvvür
formalaşdırmaq imkanı yaratdı. Antiazərbaycan kampaniyası
beynəlxalq QHT-lərin bəyanatları, mediada gedən hədəf yazıları ilə
başladı. Bir sıra ölkələri əhatə edən media infrastrukturuna eyni
tezislər əsasında materiallar vermək tapşırıldı. Buna görə də
Britaniyada BBC, "Reuters", "The Guardian", "The İndependent", "The
Telegraph", Almaniyada "Der Shpiegel", "Shtern", "Deutche Welle",
Fransada "Le Monde", "Frans Press" və digər ölkələrdə aparıcı media
qurumları bir birini təkrarlayan materiallar verdilər.
Materialların əsas məğzini konkret cinayət əməllərinə görə həbs
olunmuş ABŞ-ın Azərbaycandakı "5-ci kolon" üzvlərinin azadlığa
buraxılmasına dair çağırış-tələblər təşkil etdi. Bu kampaniya
beynəlxalq təşkilatların ABŞ-ın təsiri altında olan məsul
işçilərinin Azərbaycana qarşı çıxışları ilə möhkəmləndirildi (Nils
Mujnieks, Dünya Miyatoviç, Ulrike Lunaçek, Mişel Forst, Vilfrid
Lemke, Elmar Brok, Zeyd Raat əl Hüseyn və s.). Prosesin gedişində
materiallar yerlərdə vəziyyətin təsviri, yerli fəalların
danışdırılması, beynəlxalq QHT-lərin kampaniyada iştirak edən
nümayəndələrinin (Rebecca Vinsent, Ketty Pearce, Georgi Gogia, Emma
Hughse və b.), həmçinin xaricdə yaşayan kosmopolit
azərbaycanlıların (Arzu Qeybulla, Emin Milli, Gülnarə Axundova,
İdrak Abbasov və b.) məqalələri və müsahibələri ilə
zənginləşdirildi. Paralel olaraq sosial şəbəkələrdə Azərbaycanın
mənfi rəyinin formalaşdırılmasına cəhd olundu, Avropanın müxtəlif
paytaxtlarında etiraz aksiyaları təşkil edildi. Çox maraqlıdır ki,
ABŞ-dan idarə olunan bu prosesdə cəmi bir neçə adam iştirak etdi.
Ortada yalnız illərlə yaradılmış infrastrukturdan başqa heç nə yox
idi: tanınmış beynəlxalq QHT-lər və ayrı-ayrı ölkələrin aparıcı
mediası. Sonrakı mərhələdə isə nüfuz agentləri işə salındı: U2,
CNN-də Kristin Amanpur, Britaniyadan şou aparıcısı Con Olivyer.
Beləliklə, "beynəlxalq ictimai rəy" kimi təqdim olunan bu
məfhum, əslində insan resursunun olmadığı böyük adlar toplusundan
başqa bir şey deyil. Bu, adi sabun köpüyüdür ki, Azərbaycan da buna
həm layiqli müqavimət göstərdi, həm də onu açıb bütün dünyaya
nümayiş etdirməyi bacardı.
Adi araşdırmalar da təsdiq edir ki, 2012-ci ildə olduğu kimi, I
Avropa Oyunları ərəfəsində də Almaniya mediası Azərbaycana qarşı
hücum kampaniyasının mərkəzi fiqurlarından birinə çevrildi. Eləcə
onu demək kifayətdir ki, iyunun 1-dən 15-dək bu ölkənin mediası
Azərbaycanla bağlı 30-a yaxın tənqidi material verdi.
Demokratiyanın "alman modeli" və ya taleyin
ironiyası
2013-cü il aprelin 25-də Cenevrədə BMT-nin İnsan Haqları
Şurasının iclasında müzakirəyə çıxarılan hesabat, sözün əsl
mənasında Almaniya hökuməti üçün ciddi zərbə, "qara cümə axşamı"
oldu. İnsan haqları üzrə müvəkkil Markus Löninq başda olmaqla bu
ölkənin nümayəndə heyəti Almaniyada insan haqlarının nəyə görə bu
qədər faciəvi duruma düşməsinə dair BMT-nin üzvü olan 100-ə yaxın
ölkə qarşısında cavab verməyə məcbur oldu.
Türkiyənin BMT-dəki nümayəndəsi Oğuz Dəmiralp Almaniyada
əcnəbilərə münasibətdə düşmənçilik təzahürlərinin geniş vüsət
almasından, hakimiyyətin fəaliyyətsizliyi səbəbindən bu ölkədə
yaşayan 3 milyon türkün həyatı üçün ciddi təhlükə yaranmasından
geniş danışmışdı. Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey
Qoltyayev isə Almaniyada milli azlıqlara və miqrantlara münasibətdə
düşmənçilik təzahürlərinin artmasından narahatlığını ifadə etmişdi.
Almaniyanın ombudsmanı M.Löninq faktlara əsaslanan bütün
ittihamlara əvvəlcədən hazırlanmış standart frazalarla münasibət
bildirərək demişdi ki, Almaniya nasistlər tərəfindən təşkil edilmiş
bu cür qətllərin bir daha təkrarlanmaması üçün əlindən gələni
edəcəkdir. Buna baxmayaraq, Almaniyanın bir nömrəli hüquq
müdafiəçisi alman müstəntiqlərinin yol verdiyi məşum səhvləri
etiraf etməli və öz ölkəsi adından Türkiyədən və BMT-dən dönə-dönə
üzr istəməli olmuşdu. Hətta Böyük Britaniya və Fransa da Almaniya
hökuməti qarşısında ciddi tələblər irəli sürmüş, bu ölkədə
irqçiliyin genişlənməsini tənqid etmişlər. Qeyd olunmuşdu ki,
Almaniya polisi güc tətbiq edilməsində ifrata varır, öz
səlahiyyətlərindən sui-istifadə edir və baş vermiş cinayət
hadisələrini lazımi qaydada araşdırmır. Digər ölkələrin
nümayəndələrinin kəskin tənqidi çıxışları da nəzərə alınmaqla,
BMT-nin İnsan Haqları Şurası Almaniya üçün tövsiyələrin
hazırlanması barədə qərar vermişdi.
Əslində, bu hesabat Almaniyada insan haqlarının vəziyyətini ifşa
etməklə yanaşı, həm də Azərbaycana qarşı davamlı şəkildə hücum edən
ombudsman Löninqin hüquq müdafiəçisi karyerasının sonu demək idi.
Amma həmin iclasda cənab Löninq üzr istəməklə yanaşı, həm də belə
bir suala cavab verməliydi: nəyə görə Almaniya BMT Baş
Assambleyasının gündəliyinə "Nasizmin qəhrəmanlaşdırılmasının
qəbuledilməzliyi" haqqında çıxarılan qətnaməni dövrü əsasda rədd
edir. Məgər bu, Almaniya hökumətinin neonasizm meyillərini müdafiə
etdiyinin bariz nümunəsi deyilmi? Cənab Löninq başqa bir suala da
aydınlıq gətirməliydi: insan haqlarının bu qədər biabırçı durumda
olduğu bir ölkənin ombudsmanı hansı haqla digər bir ölkəni tənqid
edə bilər?
Almaniyanın Drezden şəhəri İslama qarşı olan PEGİDA - Patriotic
Europeans against İslamization of the West (Qərbin
İslamlaşdırılmasına dair Vətənpərvər Avropalılar) təşkilatının
mərkəzidir. 5 yanvar 2015-ci ildə Drezdendə İslam əleyhinə
Avropanın ən böyük nümayişi keçirilmişdi. Ekspertlər hesab edirlər
ki, Almaniyada güclənməkdə olan islamofobiya meyilləri 30-cu
illərdə antisemitizmin alovlanmasını xatırladır.
Almaniyanın "Bertelsmann" fondunun apardığı sorğunun
nəticələrinə əsasən, hər 2 almandan biri İslam dinini təhlükə
mənbəyi hesab edir. Hüquq-mühafizə orqanları isə irqi zəmində baş
verən cinayətləri faktiki olaraq araşdırmır. Buna görə də təəccüblü
deyil ki, Berlində Burak Bektaş adlı 22 yaşlı türkün güllələnməsi,
onunla olan 16 yaşlı rusun və 17 yaşlı ərəbin isə ağır yaralanması
polisin diqqətindən kənarda qaldı və müqəssirlər tapılmadı.
Statistikaya əsasən, 2012-ci ildə əcnəbilərə edilən hücumlar
2011-ci ilə nisbətən 4,4% artıb. Ümumilikdə ultrasağçılar
tərəfindən 17.616 cinayət hadisəsi törədilib. Neonasistlər
tərəfindən xüsusi zorakılıqla törədilən 842 cinayət hadisəsi qeydə
alınıb. Bu da ötən illə nisbətdə 1,7% çoxdur.
Maastrixt Universitetinin apardığı araşdırma nəticəsində
Almaniya şirkətlərinin dünya üzrə insan hüquqlarını ən kobud
şəkildə pozduqları müəyyən edilib. Nəticəyə əsasən, 1800 insan
hüququ pozuntusu halının 87 faizi Almaniyanın payına düşür.
Korrupsiya Almaniyada biznes fəaliyyəti ilə məşğul olmaq üçün
maneə hesab edilmir. Saxtakarlıq və korrupsiya riskləri tikinti,
səhiyyə və dövlət xətti ilə satınalmalar sektorunda daha qabarıq
şəkildə özünü göstərir. Almaniya Cinayət Məcəlləsində rüşvətxorluq
maddəsi şirkətlərə deyil, fərdlərə tətbiq edilir. Belə ki, fərdlər
tərəfindən rüşvətin verilməsi, ödənilməsi və qəbul edilməsi
qeyri-qanunidir. Nəticə etibarilə, şirkətlər səviyyəsində
korporativ qaydada rüşvətin alınması üçün geniş imkanlar
vardır.
Ancaq korrupsiya halları Almaniyanın dövlət orqanlarında da
geniş yayılmış haldır. 2011-ci ilin sonunda Almaniyanın prezidenti
Kristian Vulfun öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək
500.000 avro məbləğində aşağı faizli kredit alması faktı aşkara
çıxmışdı. Hotel biznesində ƏDV-nin ləğvi haqqında qanunun qəbulu
ərəfəsində xarici işlər naziri Guido Vestervellenin rəhbərlik
etdiyi partiya monopolistlərdən 1.1 milyon avro ianə almışdı.
Avropa Mərkəzi Bankının yeni ofisinin və Villi Brant adına
Beynəlxalq Hava Limanının tikintisinə astronomik məbləğlər
xərclənsə də, onların başa çatmasını hələ çox gözləmək lazım
gələcək. Hava limanının tikintisi dəfələrlə təxirə salınıb ki, hər
gecikmə də büdcəyə 120 milyon avroya başa gəlib. "Business under
Control" təşkilatının hesabatında göstərilir ki, hava limanının
tikintisində 3 milyard avroluq korrupsiyaya yol verilib.
"Transparency International" təşkilatının hesabatında göstərilir
ki, əgər 2003-cü ildə Almaniya əhalisinin 45%-i ölkədə
korrupsiyanın artdığını düşünürdüsə, 2007-ci ildə bu göstərici 69%
olub. Əhalinin 77%-i hökumətin korrupsiya ilə mübarizə tədbirlərini
yetərsiz hesab edir. Təkcə 2012-ci ildə rüşvətxorluq və məmurların
ələ alınması Almaniya iqtisadiyyatına 250 milyard avro ziyan vurub.
"Die Velt" qəzeti iddia edir ki, əgər rüşvəti 2004-cü il
səviyyəsinə qaytarmaq mümkün olsa, o zaman iqtisadi zərər 30
milyard avro azalar.
Ölkədə insan haqlarının pozulması, korrupsiya və digər neqativ
hallara qarşı keçirilən etiraz aksiyalarının qarşısı isə polis
tərəfindən qəddar şəkildə alınır. Buna misal kimi hakimiyyətin bu
yaxınlarda Frankfurt və Hamburqda keçirilmiş aksiyalara qəddar
münasibətini göstərmək olar. Həmin vaxt təkcə aksiya iştirakçıları
deyil, həm də hüquq müdafiəçiləri və jurnalistlərə qarşı zorakılıq
tətbiq olunmuşdu. Bu, eynilə ABŞ-ın Ferqyuson və Baltimor
şəhərlərində qaradərili etirazçılara, onları müdafiə edən QHT
nümayəndələrinə, hadisələri işıqlandıran jurnalistlərə göstərilən
münasibətin analogiyası idi. Əslində, ardıcıl şəkildə baş verən
belə hüquq pozuntuları Qərbdə hakim dairələrin sərbəst toplaşmaq,
ifadə azadlığına dözümsüzlüyünü, demokratik dəyərlərə etinasız
yanaşdığını göstərir.
Almaniya hökumətinin dünyada söz və məlumat azadlığı
məsələlərinə əsl münasibətini göstərən faktlardan biri də "Al
Jazeera" telekanalının əməkdaşı Əhməd Mənsurun Misirin hüquq
mühafizə orqanlarına təhvil verilməsi məqsədilə Berlin Hava
Limanında saxlanılmasıdır. Məlumatlara görə, iki həftə bundan əvvəl
Misir Prezidenti Əbdül Fəttah əs-Sisinin Berlinə rəsmi səfəri
zamanı iki ölkə arasında iqtisadi sahədə razılaşmalar əldə olunub
və Almaniyanın "Simens" şirkəti Misirdə yüksək məbləğdə layihələr
icra etmək hüququ qazanıb. Hətta İnterpol belə Əhməd Mənsurun
saxlanılması ilə bağlı Qahirənin müraciətinin icrasından imtina
edib. Hazırda ekspertlər hesab edirlər ki, Merkel hökumətinin
canfəşanlığı Misirlə əldə olunmuş razılaşmaların qarşılığıdır.
"Shpiegel Online international" dərgisinin məlumatına görə,
Almaniyanın ərazisində yerləşən Ramşteyn hərbi bazası ABŞ
tərəfindən Yaxın Şərq və Cənub-Şərqi Asiyada "drone"
əməliyyatlarının həyata keçirilməsi üçün əsas bazadır. Orada
yerləşdirilmiş xüsusi məxfi qərargah və ötürücü antena siqnalı
sistemi vasitəsilə ABŞ dünyanın müxtəlif bölgələrində hər hansı
səbəb göstərmədən və ya izahat vermədən müxtəlif canlı və ya
texniki obyektləri məhv edir. Almaniya hakimiyyəti isə susaraq və
bu özbaşınalığa imkan yaradaraq törədilən cinayətlərin
iştirakçısına çevrilir.
Ancaq rəsmi Berlin təkcə bu məsələdə susqunluq göstərmir, həm də
öz xüsusi xidmət orqanlarının yaxından iştirakı ilə amerikalıların
geniş regionda hakimiyyətlər, biznes subyektləri, vətəndaş
cəmiyyəti institutları da daxil olmaqla hamını dinləməsinə şərait
yaradır. Bu yaxınlarda mərkəzi qərargahı Bavariyada olmaqla ABŞ
dinləmə mərkəzlərinin Almaniya hakimiyyətinin özünü də izləməsi
məsələsi aşkara çıxdıqdan sonra, Angela Merkel Bundestaqda çıxış
etməyə və rüsvayçı şəkildə baş verənlərə bəraət qazandırmağa məcbur
olmuşdu.
Avropanın hegemonu, yoxsa Amerikanın
vassalı?
Ekspertlər hesab edirlər ki, Almaniya get-gedə daha qəti şəkildə
Avropa İttifaqına nəzarəti ələ keçirməyə cəhd edir. Bu ittifaq bir
çox cəhətlərinə görə Avropa, xüsusən də elə Almaniyanın üzərində
nəzarət üçün anqlosaksonların layihəsi kimi yaradılmışdı. Yəni, öz
suverenliyini hələ də bərpa etməyən Almaniyanın ambisiyaları artıq
bütün qitəyə yayılır. "Dördüncü Reyx" hər hansı təbliğatçının
xəyalı deyil, əgər anqlosakson nəzarətindən xilas ola bilsə,
Almaniyanın gələcəyidir.
Xarici mediada verilmiş bəzi ekspert rəylərinə diqqət
yetirək.
Yalnız əsrin əvvəllərində Adenauer (Qərb istiqamətində) və
Branda-Şmidt (Şərq istiqamətində) kurslarının yaradıcı birləşməsi
alman siyasətinin yeni keyfiyyət mərhələsinə çıxması üçün şərait
yaratdı. 2005-ci ildən AFR-ə rəhbərlik edən Angela Merkel Avropa
İttifaqında iqtisadi liderliyi siyasi liderliyə çevirməyə, Otto fon
Bismark tərəfindən yaradılmış Almaniya reyxini yeni simada bərpa
etməyə cəhd göstərir. Ancaq bu, necə baş verir?
BBC qeyd edir ki, "20 il əvvəl Almaniyanın avropalaşdırılması
məqsədilə başlanmış siyasət əks effekt verdi, Avropa almanlaşmağa
başlayıb". Ümumdünya iqtisadi böhranından sonra Almaniya Avropa
iqtisadiyyatının xilasından danışmağa başlasa da, əməldə başqa
dövlətlərin çökdürülməsi və onların iqtisadiyyatının nəzarətə
götürülməsi hesabına öz milli iqtisadiyyatını gücləndirmək və
Avropanın hegemonuna çevrilmək siyasətini tətbiq edir.
Avropa ekspertləri hesab edirlər ki, Almaniyanın hazırda
Avropanın bir sıra ölkələrinə dair irəli sürdüyü tələblər
anti-humanist xarakter daşıyır. Angela Merkeli ümumavropa maraqları
deyil, Almaniyanın iqtisadi gücünün nəyin bahasına olursa olsun,
daha da artması maraqlandırır. Məsələn, artıq 3 ildir ki, Almaniya
Yunanıstandan sosial xərclər də daxil olmaqla bütün əlavə xərcləri
azaltmağı tələb edir. Amma hərbi xərclər bu siyahıya daxil edilmir.
Çünki Almaniyanın silah ixracının 15 faizi Yunanıstanın payına
düşür. Almaniyanın bu ölkəyə təkcə sualtı qayıqların satışından
əldə etdiyi vəsaitin məbləği 2 milyard avrodur. Belə çıxır ki,
Almaniyanın Yunanıstana verdiyi borcun əhəmiyyətli hissəsi hərbi
xərclər vasitəsilə yenidən bu ölkəyə qayıdır. Bu, əslində
Yunanıstanın dilənçi kökünə salınması hesabına Almaniyanın daha da
zənginləşməsi sxemidir.
Elə bu səbəbdəndir ki, bu gün Avropa ölkələrində, xüsusilə də
Almaniyanın maliyyə ekspansiyasına məruz qalmış dövlətlərdə Angela
Merkelin "Dördüncü Reyx"i bərpa etmək planlarından danışırlar.
Almaniya hələlik iqtisadi baxımdan Avropanı işğal edir. Ancaq
gündəlikdə Avropa İttifaqının hərbi strukturunun yaradılması
planları da var ki, bu ideyanın arxasında da məhz Berlin durur.
Merkel Bismark kimi tarixdə qalmaq istəyir. Amma qala
biləcəkmi?
Əslində bu iki kanslerin siyasətində oxşarlıqdan çox fərqlilik
var. Bismarkın xarici siyasətini "beş Avropa topu ilə hoqqabazlıq
etmək" adlandırırdılar - Avstriya, Rusiya, Böyük Britaniya, Fransa
və Almaniya. Merkelin də "Normand dördlüyü" və "Veymar üçbucağı"
arasında götür-qoy etməsi elə hoqqabazlığı xatırladır. Çox güman
ki, Merkel müstəqil şəkildə Almaniyanın siyasi kursunu seçmək və
onu həyata keçirmək iqtidarında deyil. Çünki Almaniyanın özü
okeanın o biri tərəfindəki hoqqabazın əlində acizdir.
Nə qədər ekzotik görünsə də, İkinci Dünya müharibəsindən ötən
dövr ərzində Almaniya tam suverenliyə qovuşmayıb və faktiki olaraq
ABŞ-ın işğalı altındakı ölkə qismində qalır. AFR-in keçmiş
kəşfiyyat rəisi Komossanın sözlərinə görə, 1949-cu ildən bu ölkənin
kanslerləri vəzifələrinin icrasına başlamazdan əvvəl Amerikadan
vassal asılılığını təsdiq edən "Kansler Aktı"nı imzalamağa
məcburdurlar. Almaniyanın indiki kansleri A.Merkelin Ukrayna
hadisələri ilə bağlı özünü necə apardığına əsasən təxmin etmək olar
ki, "Kansler Aktı" hələ də qüvvədədir.
Ancaq bütün bunlar bu gündür. Sabah Almaniya Avropanı işğal
etdikdən sonra Amerikaya da əzələ nümayiş etdirəcək. 1933-cü ildə
Adolf Hitleri hakimiyyətə gətirməklə SSRİ-ni çökdürmək və Avropa da
daxil olmaqla böyük bir məkanı idarə etmək planını quranlar bu gün
də Almaniyanı Avropanın hegemonuna çevirmək planını
reallaşdırırlar.
İkinci Dünya müharibəsində faşist Almaniyasının məğlubiyyətə
uğradılmasında Azərbaycan neftinin də rolu az olmadı. İndi də neft
və qazımız Avropaya ayaq açır. Amma əminliklə demək olar ki,
Almaniya Avropada hökmranlığı ələ alacağı təqdirdə avropalılara
Azərbaycan nefti də kömək etməyəcək.
Azərbaycan da bundan sonrakı dövrdə kiminlə əlaqələri necə
qurmağı, kimə inanıb, kimə inanmamağı yaxşı ölçüb-biçəcək. İxtiyarı
özündə olmayan hakimiyyətlərlə münasibətlərdə hansı etimaddan və
səmimiyyətdən danışmaq olar?!
"Azərbaycan" qəzeti