Axar.az
Yuxarı

76 yaşlı səfirin polad sirri: Bülbüloğlu niyə geri çağırılmadı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər bir çox diplomat geri çağırılsa, bəzilərinin yeri dəyişdirilsə də, 2006-cı ildən bəri Rusiyada səfirimiz olan Polad Bülbüloğlu yenə də postunda qaldı.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, həm səfir kimi kifayət qədər uzun müddət işləməsinə, həm də yaşına baxmayaraq, P.Bülbüloğluna sonsuz etimad göstərilərək Moskvadan çağırılmadı. Ancaq bu postda saxlanması da özlüyündə bəzi haqlı suallar doğurur.

Aydındır ki, Rusiya Azərbaycan üçün olduqca strateji əhəmiyyətli ölkədir. Bu ölkə ilə əlaqələrin tənzimlənməsi əsas etibarilə iki ölkə prezidentinin şəxsi münasibətləri sistemində həll edilir, səfirlik bəzi hallarda ancaq texniki işlərlə məşğul olur.

Onu da demək lazımdır ki, P.Bülbüloğlu Rusiyada tanınmış, nüfuzlu şəxsdir və böyük hörmət sahibidir. Onun oxuduğu mahnılar, bəstələdiyi musiqilər hələ də sevilən şlyagerlər sırasındadır. Bəs P.Bülbüloğlunu toxunulmaz edən başqa hansısa bilmədiyimiz səbəblər varmı? Ümumiyyətlə, Rusiya kimi strateji ölkəyə səfir təyinatında hansı prinsiplər əsas götürülür?

Vaxtaşırı belə fikirlər də səslənir ki, Rusiya kimi ölkəyə alternativ səfir axtarışı gedir, dövlət Moskvanın siyasi kluarlarında qəbul olunacaq bir fiqur olmasını istəyir. Ona görə hələlik Bülbüloğlu “əvəzolunmaz” səfir kimi vəzifəsini davam etdirməkdədir.

Digər tərəfdən, P.Bülbüloğlunu Azərbaycan səfirləri arasında bəlkə də ən xoşbəxti hesab etmək olar. Ona görə ki, onu 75 illiyi münasibətilə həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də elçi olduğu Rusiyada Kreml rəhbəri Vladimir Putin təbrik edib. Bəs yaxın zamanlarda vəzifəsindən gedişi gözlənilirmi? İndiki situasiyada bunu birmənalı iddia etmək, kiminsə adını çəkmək çox çətindir və yerinə bir namizəd ağla gəlmir, lakin ölkədə kifayət qədər ziyalı, peşəkar diplomatlar, Azərbaycan-Rusiya münasibətlərini bilən kadrlar var.

Politoloq Tofiq Abbasov bu mövzuda geniş və detallı fikirlərini açıqladı. Onun sözlərinə görə, səfirlərin təyinatı müxtəlif olur: “Kimisi üç illik təyin olunur, bəziləri 7 illik... İstisna hallar da var. Səfir təyin olunanda onu da nəzərə alırlar ki, həmin ölkə onu necə qarşılayacaq. Çünki hansısa dövlət diplomata müsbət cavab verməyə bilər ki, onu ölkəmdə görmək istəmirəm. Yəni belə bir təcrübə var. Bizdə isə səfirlərin dəyişməsinin səbəbləri var: əvvəla, onların vaxtı çatmışdı, ikincisi, diplomatların şəxsi keyfiyyətlərindən, natiqliyindən, məharətindən, çevikliyindən çox şey asılıdır”.

T.Abbasov qeyd etdi ki, P.Bülbüloğluna gəldikdə Rusiya sıradan ölkə deyil, ABŞ və digər böyük dövlətlər ora səfirini göndərəndə çox götür-qoy edirlər:

“Polad müəllim Rusiya reallığını bilən adamdır, güclü funksionerdir, idarəçidir. Onun mədəniyyət xadimi olmasına görə Rusiyada yaxşı tanıyırlar, qəbul edirlər. Ona görə ölkə rəhbərliyi onu Rusiyaya səfir təyin edəndə ağıllı gediş etdi. Polad müəllimin də bu illər ərzində ağıllı gedişləri olub, müəyyən gərgin məqamların qarşısını alıb. Ancaq bu yaxınlarda xəbər yayılmışdı ki, səfir postundan geri çağırılır. Elə özü də açıqlamasında demişdi ki, yorulmuşam, cavan deyiləm. Sadəcə, yeni reallıq, Rusiya-Azərbaycan əlaqələrinin indiki müstəvisi bu məsələyə təsir edir. Prezidentin də şübhəsiz ki, öz yanaşması var. Məsələn, bu yaxınlarda Prezidentin Moskvaya səfəri oldu, bu səfərlərdə səfirin də rolu olur. Polad Bülbüloğlu uğurlu səfirdir. Amma yaxın zamanda onun əvəzlənməsi lazım gələcək, çünki özü deyib ki, yorulmuşam. Sadəcə, Prezident zəruri bilib ki, hələ də oradadır. Eyni zamanda Rusiyaya təyin olunacaq yeni səfir də elə olmalıdır ki, qəbul edilsin”.

Siyasi ekspert Bülbüloğlu ilə bağlı mühüm bir nüansı da açıqladı: “2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi olanda bölgədə son dərəcə ağır vəziyyət yaranmışdı. O zaman Rusiyanın Prezidenti Medvedyev, Baş nazir Putin idi. Rusiyanın bəzi siyasi dairələrində məkrli planlar hazırlanmışdı, Polad müəllim həmin vaxt Türkiyədə istirahətdə idi.

Mən bunu dəqiq deyirəm və altından qol çəkirəm - Polad Bülbüloğlu həmin ərəfədə Rusiya daxilində idbar qüvvələrin Azərbaycanla bağlı təxribatının qarşısını aldı. Çox istədilər ki, həmin hadisələrə bizi qatsınlar. Təbii ki, diplomatiyamızın başında cənab İlham Əliyev dayanır, amma Rusiyadakı səfirimizin də böyük rolu oldu".

Qeyd edək ki, Polad Bülbüloğlu 1945-ci ildə Bakı şəhərində dünya şöhrətli müğənni, SSRİ xalq artisti, professor Bülbülün ailəsində dünyaya göz açıb. 1987-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1988-ci ildən 2006-cı ilədək Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifələrində çalışıb. 2006-cı ildən ölkəmizin Rusiyada səfiridir. Sənətkarın Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri yüksək qiymətləndirilib, o, 1973-cü ildə “Əməkdar incəsənət xadimi”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2005-ci ildə “İstiqlal”, 2015-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.

Tarix
2021.07.28 / 09:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov polşalı həmkarına erməni təxribatından danışdı

Burada sakinlər ölülərlə birgə yaşayırlar - Foto

ASAN xidmət "Baykar Makina" ilə araşdırma mərkəzi yaradır

O, vasitəçilik edir: Ərdoğanla Nikol harda görüşəcək?

Gürcüstanlı jurnalist və ekspertlər Şuşada - Foto

Ombudsmandan tapşırıq: Şəhid ailələri ziyarət edildi

GUAM XİN-in 37-ci iclasının protokolu qəbul edildi

Daha bir ölkədə Azərbaycan Evi açıldı

Səttar Möhbalıyevlə bağlı iddialara rəsmi cavab

Azərbaycanın qələbəsi bizim qələbəmizdir - Sancrani

KULT
<>
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla