Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının
2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin
yaradılması haqqında sərəncam imzalayıb.
Axar.az sərəncamın mətnini təqdim edir:
"İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında
IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul
edilmiş 2013-cü il 24 iyul tarixli qərar Azərbaycanda məmnunluqla
qarşılanıb. Bu mühüm hadisə bir daha nümayiş etdirir ki, Azərbaycan
Respublikası dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli
yerini tutmaqdadır.
İslam aləmində özünəməxsus mövqeyə malik Azərbaycanın mövcud
potensialı və gerçəkləşdirdiyi genişmiqyaslı müasir infrastruktur
layihələri idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində
təşkili üçün əlverişli zəmin yaradır.
Uğurla başa çatmış ilk Avropa Oyunlarının ardınca eyni məkanda
növbəti İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların
keçirilməsi Azərbaycan Respublikasının tolerantlıq və
multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsi olmaqla
yanaşı, onun idman şöhrətini artıracaq, beynəlxalq nüfuzunu daha da
möhkəmləndirəcək".
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq və IV İslam Həmrəyliyi Oyunlarının
2017-ci ildə Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək
məqsədi ilə qərara alıram:
1. 2017-ci ilin may ayında Bakı şəhərində IV İslam Həmrəyliyi
Oyunlarının keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi
yaradılsın:
Təşkilat Komitəsinin sədri
Mehriban Əliyeva - Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri
Təşkilat Komitəsinin üzvləri
Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı,
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman
naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin
vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin
üzvü
Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər
naziri
Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat və
sənaye naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər
naziri
Eldar Mahmudov – Azərbaycan Respublikasının milli təhlükəsizlik
naziri
Ziya Məmmədov – Azərbaycan Respublikasının nəqliyyat naziri,
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və
turizm naziri
Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və yüksək
texnologiyalar naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri
Əli Əsədov – Azərbaycan Respublikası Prezidentinin iqtisadi
məsələlər üzrə köməkçisi,
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin
müavini
Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin
müdiri,
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin
rəisi
Aydın Əliyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
sədri
Cahangir Əsgərov – "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar
Cəmiyyətinin prezidenti,
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Rövnəq Abdullayev – Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin prezidenti
Balababa Rzayev – "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri
Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya
Komitəsinin vitse-prezidenti,
Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
Xəzər İsayev – Azərbaycan Respublikası Milli Olimpiya
Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsinin üzvü
Ağacan Abiyev – Azərbaycan Respublikası Milli Olimpiya
Komitəsinin Baş katibi,
Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
Anar Ələkbərov – Heydər Əliyev Mərkəzinin direktoru
Fərhad Hacıyev – Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun icraçı direktoru
Könül Nurullayeva – Azərbaycan Respublikası Milli Olimpiya
Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi,
Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının İslam Həmrəyliyi İdman
Federasiyasının İcraiyyə Komitəsindəki nümayəndəsi (Təşkilat
Komitəsinin katibi)
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Bakı
Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Milli Olimpiya
Komitəsi ilə birlikdə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə
dair xüsusi tədbirlər planını hazırlayıb Təşkilat Komitəsinə təqdim
etsin.
3. Təşkilat Komitəsi IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci
ildə Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll
etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.