Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
cari il oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının
sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında verdiyi tapşırıq və tövsiyələrdən irəli
gələn məsələlərin icrası məqsədilə baş prokuror Zakir Qaralovun
sədrliyi ilə oktyabrın 14-də Baş Prokuror yanında Korrupsiyaya
Qarşı Mübarizə Baş İdarəsində qurumun fəaliyyətinin daha da
gücləndirilməsi və səmərəliliyinin artırılması ilə əlaqədar geniş
əməliyyat müşavirəsi keçirilib.
Axar.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər
verir ki, tədbiri giriş nitqi ilə açan Zakir Qaralov dövlətimizin
başçısı İlham Əliyevin böyük siyasi iradə, əzm və qətiyyəti
hesabına davamlı iqtisadi tərəqqiyə və xalqın rifahının
yüksəldilməsinə nail olunduğunu, müasir dünyada mövcud
siyasi-iqtisadi vəziyyət, qlobal maraqlar sistemi nəzərə alınmaqla
ölkəmizin davamlı inkişafına yönəlmiş islahatların, o cümlədən
korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirlərinin
inamla həyata keçirildiyini diqqətə çatdırıb.
Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin
tərkib hissəsi olduğunu vurğulayan baş prokuror bu sahədə həyata
keçirilmiş institusional və cinayət təqibi tədbirlərinin müsbət
nəticələrini bildirməklə mübarizənin kəsərliliyinin daha da
artırılmasının vacibliyini xüsusi qeyd edib. Zakir Qaralov Nazirlər
Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında
dövlətimizin başçısının korrupsiyaya qarşı mübarizə tədbirlərinin
səmərəliliyinin daha da artırılması, bu sahədə sistem xarakterli
islahatların davam etdirilməsi, korrupsiyaya və rüşvətxorluğa qarşı
mübarizədə ictimai nəzarətin gücləndirilməsi, büdcə vəsaitlərinin
israf edilməsinin qarşısının alınması, həmçinin maliyyə və iqtisadi
sahədə şəffaflığın tam təmin edilməsi, sahibkarlığın inkişafına
mane olan inhisarçılıq, sahibkarlıq fəaliyyəti subyektlərinin
dövlət qurumları tərəfindən qanunsuz yoxlanılması və çoxsaylı
əsassız lisenziyaların verilməsi, sahibkarlar qarşısında qanunazidd
tələblərin irəli sürülməsi kimi mənfi halların aradan qaldırılması
istiqamətində daha ciddi mübarizənin aparılması barədə çıxışından
irəli gələn vəzifələrin vacibliyini bildirərək bu sahədə
prokurorluq, o cümlədən ixtisaslaşmış cinayət təqibi orqanı olan
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən
konkret vəzifələrin icrasını tələb edib.