112 saylı Qax Seçki Dairəsindən deputatlığa namizəd Azər
Kərimlinin seçicilərlə görüşləri davam edir.
Axar.az xəbər verir ki, deputatlığa namizəd dünən rayonun Qum
kənd ərazi dairəsində Qum, Süskənd və Çinarlı, Ləkit ərazi
dairəsində Ləkit, Ləkit Malax və Ləkit Kötüklü kəndlərinin, daha
sonra isə Fıstıqlı kəndinin seçiciləri ilə görüş keçirib.
Millət vəkili kimi fəaliyyətdə olduğu müddət ərzində daim
seçicilərlə sıx ünsiyyətdə olduğunu bildirən Azər Kərimli Qax
rayonunda görülən və bundan sonra görüləcək işlərdən danışıb, seçki
platformasının əsas istiqamətlərini seçicilərin diqqətinə təqdim
edib, onları maraqlandıran sualları cavablandırıb. Ləkitdə
keçirilən görüşdə son 5 il ərzində görülən işlər ayrı-ayrı
slaydlarla əyani şəkildə nümayiş etdirilib.
Azər Kərimli, eyni zamanda son 5 il ərzində Milli Məclisin
Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin
üzvü, Azərbaycan-İtaliya Parlamentlərarası dostluq qrupunun
rəhbəri, Azərbaycan-İtaliya Assosiasiyasının sədri kimi gördüyü
işlər barədə seçicilərə ətraflı məlumat verib.
Azər Kərimli Qaxda keçirilən beynəlxalq multikulturalizm
konfransının, Qax rayonun və bütövlükdə Azərbaycanın tolerantlıq,
birgəyaşayış ənənələrindən bəhs edən "Qax Kürmük Oba bayramı"
filminin ölkədən kənarda yaratdığı təəssüratdan, Qax rayonu ilə
İtaliyanın Bormio şəhərinin qardaşlaşması ilə bağlı imzalanan
protokolun əhəmiyyətindən, Azərbaycan-İtaliya Assosiasiyasının
təsis etdiyi "Via della Seta" (İpək yolu) jurnalından söhbət
açıb.
Deputatlığa namizəd qeyd edib ki, Azərbaycan-İtaliya
parlamentlərarası dostluq qrupu, Azərbaycan-İtaliya Assosiasiyası
və "Via della Seta" jurnalı ölkəmizin sabit və davamlı inkişafı,
tariximiz, mədəniyyətimiz və ənənələrimizin təbliği sahəsində
yürüdülən dövlət siyasətinin dəstəklənməsi istiqamətində bir sıra
uğurlu layihələrə imza atıb və bu proses bundan sonra da daha
intensiv şəkildə davam etdiriləcək.