Bu gün Daxili İşlər Nazirliyində (DİN) bu il Polis
Akademiyasını bitirmiş, sıravi və kiçik rəis heyəti vəzifələrində
xidmət edən əməkdaşların Bakı Şəhər və Nəqliyyatda Baş Polis
idarələrinin orqan və hissələrində vakant olan zabit yerlərinə
təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib.
Axar.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik
Ramil Usubov təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri
əsasında gerçəkləşdiyini xatırladıb və son illər bu praktikadan
geniş istifadə olunduğunu bildirib. O deyib ki, ümumilikdə,
kadrların hazırlıq səviyyəsinin artırılması, onların peşəkarlığa,
dövlətçiliyə, xidməti borca sədaqətə, işgüzarlığa görə vəzifədə
irəli çəkilmələri, gənc əməkdaşlara lazımi diqqət və qayğı
göstərilməsi ölkə və DİN rəhbərliyinin fəaliyyətində prioritet
istiqamətlərdəndir.
Baş Kadrlar İdarəsinin rəis müavini, polis polkovniki Səfər
Əliyev Nazirliyə 30 əməkdaşın dəvət edildiyini bildirib və
namizədlərin siyahısını elan edib. Daha sonra iddiaçılar orta rəis
heyətinə aid müxtəlif vəzifələrin qeyd edildiyi xüsusi zərfləri
çəkiblər.
Onların nəzərinə çatdırılıb ki, püşkatmada iştirak etmiş bütün
əməkdaşlar daxili işlər nazirinin müvafiq əmrləri ilə "polis
leytenantı" xüsusi rütbəsi verilməklə zabit vəzifələrinə təyin
olunurlar.
Tədbirə yekun vuran daxili işlər naziri gənc əməkdaşları təbrik
edərək onlara tapşırıq və tövsiyələrini verib. Qeyd olunub ki,
Heydər Əliyevin müəllifi olduğu, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən
cinayətkarlıqla qətiyyətli mübarizə, ölkədə sabitliyin
dönməzliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının
nümunəvi qorunması kursu daxili işlər orqanlarının da üzərinə böyük
və məsul vəzifələr qoyur.
O, vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, ölkə
Prezidentinin rəhbərliyi altında hüquq-mühafizə, o cümlədən daxili
işlər orqanlarının gərgin səyləri hesabına respublikada
əmin-amanlığın yaradıldığını, cəmiyyət həyatının bütün sahələrində
müşahidə edilən hərtərəfli inkişafın əsasında ulu öndərin və dövlət
başçısının qeyd etdikləri kimi, məhz sabitlik amilinin dayandığını,
bu istiqamətdə əldə olunmuş uğurların hər zaman yüksək
qiymətləndirildiyini nəzərə çatdırıb.
Ramil Usubov gənc zabitləri bir daha təbrik edərək çətin və
şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca
tutmalarını, daim bilik və təcrübələrini artırmalarını, öz
üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına
yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və
operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar
həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.
Nazir əmin olduğunu bildirib ki, onlar bu yöndə səylərini
əsirgəməyəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək,
göstərilmiş etimadı layiqincə doğruldacaqlar.