Ana səhifə Gündəm |
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin ilə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns arasında görüşün Ankarada keçirilməsi heç də təsadüf deyil.
Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.
Polkovnik hazırda müharibənin dondurulmasının hər iki tərəfin mənfəətinə uyğun olduğunu bildirib:
“Türkiyə böhran dövründə və müharibə başlayandan bəri öz neytrallığını qoruyub, ədalətli davranıb, sülhün əldə olunması üçün aktiv fəaliyyət göstərib. Ona görə də bütün tərəflərin güvəndiyi dövlət kimi, Türkiyənin belə bir ciddi görüşə ev sahibliyi etməsi çox təbiidir. Kəşfiyyat orqanları arasında keçirilən görüş prosesin gedişatına öz müsbət təsirini göstərəcək. Əslində bu, heç kim üçün sirr deyil ki, Rusiya ilə müharibə aparan əsas güc ABŞ-dır. Rəsmi Vaşinqton Ukraynada qazanılan uğurları həm özü, həm də Ukrayna üçün qazanc hesab edir. Əlbəttə ki, Rusiyanın işğal nəticəsində ilhaq etdiyi digər ərazilərdən tam imtina edilməyib. Ancaq ABŞ prosesi uzatmaq və öz mənfəətləri istiqamətində dizayn etmək üçün onu daha geniş zamana yaymaq istəyir. Rusiya isə bugünədək çox ağır itkilər verdi və müharibədə hər keçən gün onların zərərinədir. Ona görə də Moskva əlində olanları da itirməmək üçün öz itkiləri ilə barışmağa məcburdur. Rusiya bütün əlində olanları xərclədi, ağır sanksiyalar var, öz qazını sata bilmir və ona görə mümkün qədər tez zamanda sülh əldə etmək və qazını Avropaya satıb büdcəni doldurmaq istəyir. Bütün bunlara nəzər yetirdiyimiz zaman Rusiyanın hazırki məqamda sülhün əldə edilməsi üçün daha çox istəkli olduğunu demək mümkündür. Avropada da bir çox dövlət qışın yaxınlaşmasına görə ABŞ-ın bütün bunları öz mənfəətləri üçün edib-etmədiyini daha ucadan dilə gətirməyə və sorğulamağa başladı. Dolayısı ilə Vaşinqton müharibəni dondurub uzun müddət içərisində və yavaş-yavaş Moskvanı çökdürmək istəyir. Məsələlər tam həllini tapmasa da, hər iki dövlətin müəyyən məsələlərdə razılığa gəlməsi mümkündür. Türkiyə isə yenə neytrallığını qorumaq və beynəlxalq hüququn prinsiplərinə əsaslanmaqla problemin tam həlli üçün əlindən gələni edəcək”.
Tarix
2022.11.16 / 09:08
|
Müəllif
Söhrab İsmayıl
|