Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə
yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini, 1969-cu il
təvəllüdlü Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmənin
hazırlıq iclası davam etdirilib.
Report-un
xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən
prosesdə ötən iclasda müdafiə tərəfinin qaldırdığı vəsatətə
baxılıb. Vəkil cinayət işin materialları ilə tanış olduqlarını,
cinayəti zərərçəkənin həyat yoldaşı X.İsgəndərova tərəfindən
törədilmədiyini və istintaq zamanı cinayət içinin sübutlarının
saxtalaşdırıldığını, kobud səhvə yol verildiyini bildirib.
Dövlət ittihamçısı çıxış edərək bildirib ki, qaldırılan vəsatət
əsassızdır.
Daha sonra məhkəmə heyəti müşavirə otağına yollanıb. Müşavirədən
qayıdan hakimlər kollegiyası qərar verib. Qərara əsasən, vəsatət
təmin edilib. Kobud qayda pozuntularının qeydə alınmasına görə, iş
istintaqa qaytarılıb. Həbs qəti-imkan tədbiri isə dəyişdirilmədən
saxlanılıb.
Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabr ayında baş
verib. 1964-cü il təvəllüdlü İsgəndərov Füzuli Haqverdi oğlu
yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb. Bakı Şəhər
Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi
əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə
İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova
şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz
Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub.
O həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası
oğludur.