Prezident Ərdoğan bundan sonra yeni konstitusiya və
prezident üsul-idarəetmə siteminə keçmək yönündə ciddi addımlar
atmağa çalışacaq.
Bu barədə Türkiyədə keçirilən parlament seçkisində AKP-nin
təkbaşına iqtidar olması fonunda ölkəni gözləyən dəyişikliklər
barədə Axar.az-a danışarkən hazırda qardaş ölkədə olan politoloq
Fərhad Mehdiyev deyib. Onun sözlərinə görə, gərgin mübarizədən
sonra AKP-nin qələbəsi ölkə idarəçiliyində ciddi dəyişikliyə
gətirib çıxarmayacaq:
"Buna heç ehtiyac da yoxdur. Çünki keçici hökumətdə HDP-dən olan
nazirlər yeni formalaşan hökumətdə yer almayacaqlar. Ərdoğan bundan
sonra yeni konstitusiya və prezident üsul-idarəetmə sisteminə
keçmək yönündə ciddi addımlar atmağa çalışacaq. Ancaq "çözüm
sürəci"nin davam edib-etməyəcəyini indidən söyləmək çətindir. PKK
ilə mübarizə Ərdoğana MHP-nin səslərini verdi. Bu səbəblə də
prezidentlik üçün AKP PKK ilə mübarizəyə davam edə biləcəyi kimi,
Öcalanla bir razılığa gəlib, kürdlərə müəyyən hüquqlar vermək
şərtilə HDP-nin səsləri ilə yeni konstitusiyanı parlamentdən keçirə
bilər. Bununla da Türkiyənin siyasi həyatında mühüm gedişatın
şahidi ola bilərik".
Politoloq AKP-nin təkbaşına iqtidarda qərar tutmasının ölkənin
iqtisadi həyatına da təsir edəcəyini deyib:
"İqtisadiyyatda canlanma, dolların məzənnəsində geriləmə
müşahidə ediləcək. Xarici invenstisiyaların ölkəyə qayıtması üçün
iqtisadiyyatın liberallaşdırılması sahəsində ciddi islahatlar
aparılmalıdır".
AKP-nin qələbəsi fonunda Türkiyə gündəmini dəyərləndirən
politoloq MHP-nin hazırkı durumuna da toxunub:
"MHP-də ciddi islahatlar aparılmasa, bu partiya növbəti
seçkilərdə baryerin altına düşə bilər. MHP-də həm kadr islahatı,
həm siyasi xətt islahatı aparılmalıdır. Sinan Oğanın partiyaya
qayıtdığı deyilir. Məlumdur ki, Dövlət Baxçalı Sinan Oğanın partiya
daxilində artan nüfuzundan dolayı onu siyasi qurumdan çıxartmışdı.
Digər tərəfdən, MHP-dəki güclü adlardan olan Meral Akşənərlə də
vəziyyət eynidir. Baxçalı istefa vermək niyyətində deyil. Lakin
partiya qurultayında məsələ başqa istiqamətdə dəyişə bilər. Siyasi
xətt olaraq MHP daha mərkəzi partiya halına gəlməlidir".
Fərhad Mediyev bildirib ki, Türkiyə Suriya siyasətində də
dəyişikliyə gedə bilər:
"Rusiya və ABŞ Əsədin müvəqqəti hökumətdə yer alacağı ilə bağlı
razılığa gəliblər. Bu fonda Türkiyə də Suriyə siyasətini
dəyişməlidir. Lakin Türkiyə üçün bu siyasəti dəyişmənin mənası bu
anlama gəlir: Türkiyə səudların pulu hesabına Nüsrə və ASO
cəbhəsinə silah göndərməkdən imtina etməli, lakin bunu ABŞ ilə bir
razılıq prosessində həyata keçirməlidir. Rəsmi Ankara üçün hazırda
əsas mühüm məsələ Suriyanın şimalındakı kürd qəbilələri ilə necə
davranacağını müəyyən etməkdir. Hələ ki, bu ciddi məsələdə heç bir
addım atılmayıb. Proseslərin gedişatı məhz bu dəyişikliklərdən
asılı olacaq".