11:19
Azərbaycan Prezidenti İlham Əliyevin şimal-qərb
bölgəsinə səfəri başlayıb.
APA-nın xəbərinə
görə, səfər Zaqatala rayonundan başlanıb. Zaqatala Mədəniyyət və
İstirahət Parkında Heydər Əliyevin abidəsini ziyarət edən dövlət
başçısı Müəllimlər İnstitutunun Zaqatala rayon filialının binasının
açılışında iştirak edib.
Daha sonra Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin, Heydər
Əliyev Fondunun yardımı ilə tikilən körpələr evi - uşaq bağçasının,
Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun açılış
mərasimlərinə qatılıb.
Prezident İlham Əliyev Zaqataladan Şəki rayonuna gedib. Dövlət
başçısı Şəkidə də bir sıra obyektlərin açılışında iştirak
edəcək.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
noyabrın 4-də Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun
əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.
Axar.az xəbər verir ki, Prezident İlham Əliyevə Zaqatala
şəhərinin 28 May və Qarabağ küçələrində aparılan yenidənqurma və
bərpa işləri barədə də məlumat verilib.
Görülən işlər 2011-ci ildən həyata keçirilən layihənin -
Zaqatala şəhərinin qədim hissəsinin – tarixi mərkəzinin bərpası və
yenidən qurulması layihəsinin davamıdır. Bu ərazidəki binaların
böyük əksəriyyəti XIX əsrdə inşa edilib. 2014-cü ildən başlanılan
yenidənqurma və bərpa işləri çərçivəsində 28 May və Qarabağ
küçələrində 60-dan çox yaşayış binasında, sahibkarlıq obyektlərində
bərpa işləri aparılıb, 5400 kvadratmetr asfalt örtüyü salınıb,
yağış sularının axıdılması üçün arxlar qazılıb, yaşıllıq və
işıqlandırma işləri görülüb. Binaların fasadları təbii çay daşı və
kərpiclə üzlənib ki, bu da əraziyə xüsusi gözəllik verir.
Burada dövlət başçısına, həmçinin Zaqatala rayonunun Yuxarı və
Aşağı Tala kəndlərinin və Zaqatala şəhərinin ərazisindən keçən
avtomobil yolunun genişləndirilməsi və abadlaşdırılması işləri
barədə məlumat verilib. Əsaslı təmir zamanı Yuxarı Tala kəndinə
girişdə yol qovşağı inşa edilib, ərazi abadlaşdırılıb. Avtomobil
yolunun Yuxarı Tala və Aşağı Tala kəndləri ərazisindən keçən
hissəsində ikitərəfli yola keçid üçün yolun genişləndirilməsi
məqsədilə 2 min metr uzunluğunda ikitərəfli istinad divarı və səki
inşa edilib. Ümumilikdə, 4 kilometr uzunluğu olan yolda görülən
işlər çərçivəsində müasir dayanacaqlar qoyulub, işıqlandırma
sistemi quraşdırılıb. Hazırda yolun digər hissələrinin
genişləndirilməsi və abadlaşdırılması işləri davam etdirilir.
Sonra dövlətimizin başçısı Zaqatala-Danaçı-Aşağı Çardaxlar
avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.
Bu yolun yenidən qurulması üçün 2013-cü ilin fevralında dövlət
büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5,5
milyon manat vəsait ayrılıb. Həmin ilin iyununda tikinti işlərinə
başlanıb. Ümumi uzunluğu 28 kilometr olan yolun 24,5 kilometri
artıq istismara hazırdır. Dördüncü texniki dərəcəli yolun eni 10
metrdir. Ərazidən asılı olaraq onun 6,5 metrini asfalt örtüyü, 3-4
metrini çiyin təşkil edir. Avtomobil yoluna 10 santimetr
hündürlüyündə 2 qatdan ibarət asfalt beton örtüyü döşənib.
Yolun əhəmiyyətini artıran əsas amil onun 12 yaşayış məntəqəsini
birləşdirməsidir. Bu isə 15,6 min insanın rahatlığını təmin
edəcək.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
noyabrın 4-də Zaqatalaya səfəri çərçivəsində Heydər Əliyev Fondunun
təşəbbüsü ilə inşa edilmiş "Qızılgül" körpələr evi-uşaq bağçasının
açılışında iştirak edib.
Axar.az xəbər verir ki, dövlət başçısı uşaq bağçasının binasının
rəmzi açılışını bildirən lenti kəsib.
Ümumi sahəsi 1280 kvadratmetr olan bina 100 uşaq üçün nəzərdə
tutulub. İkimərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin,
Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğını əks
etdirən fotolar sərgilənir. Körpələr evi-uşaq bağçasında 5 qrup
fəaliyyət göstərəcək. Burada 1 yaşdan 6 yaşadək uşaqların
təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb.
Binada müəllimlər, tibb, qəbul, yataq, kompyuter otaqları, idman,
oyun, musiqi zalları yaradılıb.
Körpələr evi-uşaq bağçasında 28 pedaqoji işçinin çalışması
nəzərdə tutulub. Bir sözlə, uşaqların gələcəyin sağlam vətəndaşı
kimi yetişmələri üçün binada hərtərəfli şərait yaradılıb. Burada
qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları əsas götürülüb.
Körpələr evi-uşaq bağçasında uşaqların istirahəti və əyləncəsi üçün
geniş imkanlar var. Bütün otaqlar lazımı avadanlıqla təchiz edilib.
Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli
inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması,
sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət
mərkəzində saxlanacaq.
Bina havalandırma sistemi, çamaşırxana, transformator
yarımstansiyası, nasosxana ilə təchiz olunub. Ərazidə geniş
yaşıllıq zolağı salınıb.
***
Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax
hissəsinin yenidənqurmadan sonra açılışında iştirak
edib.
Dövlət başçısına Şəki-Qax-Zaqatala avtomobil yolunun yenidən
qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat
verilib.
Bildirilib ki, Şəki-Qax avtomobil yolu Böyük Qafqaz sıra
dağlarının cənub ətəyində yerləşir və respublikanın ən böyük turizm
marşrutlarından olan yolun bir hissəsidir. Uzunluğu 35 kilometr
olan yolun 26 kilometri Şəki rayonunun, 9 kilometri isə Qax
rayonunun ərazisinə düşür. Bu avtomobil yolu Şəki və Qax şəhərləri
arasında nəqliyyat əlaqəsinin yaxşılaşmasına, hazırda istifadə
olunan 77 kilometrlik məsafənin 42 kilometr qısalmasına imkan
verir. Yolun əsas üstünlüyü isə onun 39 min nəfər əhalinin yaşadığı
22 yaşayış məntəqəsini əhatə etməsidir. 2011-ci ildən icrasına
başlanan layihə iki mərhələdə həyata keçirilib. Birinci mərhələdə
yolun uzunluğu 35 kilometr olan Şəki-Qax hissəsi, ikinci mərhələdə
isə uzunluğu 28 kilometr olan Qax-Zaqatala hissəsi yenidən qurulub.
Üçüncü texniki dərəcəli, ikizolaqlı yolun eni 12 metrdir.
Diqqətə çatdırılıb ki, yenidənqurma işləri zamanı yol üzərində
20 körpü, uzunluğu 1074 metr olan suötürücü borular, 12 avtobus
dayanacağı tikilib, 176 yol nişanı quraşdırılıb. Bu yolun istismara
verilməsi Bakıdan və digər bölgələrdən Zaqatala, Balakən
rayonlarına, həmçinin qonşu Gürcüstana və əks istiqamətdə nəqliyyat
vasitələrinin Qax şəhərinə daxil olmadan hərəkətinə imkan
yaradacaq, Qax şəhərinin ekoloji təmizliyinə müsbət təsir
göstərəcək.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kədib.
Prezident İlham Əliyev inşaatçılarla xatirə şəkli çəkdirib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
noyabrın 4-də Şəkiyə səfəri çərçivəsində 840 şagird yerlik Qoxmuq
kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi
mərasimində iştirak edib.
Dövlət başçısı məktəbin yeni binasının rəmzi açılışını bildirən
lenti kəsib.
Məktəbdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham
Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət
guşələr yaradılıb.
Burada yaradılan şəraitlə tanışlıq zamanı Azərbaycan
Prezidentinə məlumat verildi ki, Qoxmuq kənd tam orta məktəbinin
binası 1967-ci ildə inşa edilmişdi. O vaxtdan təmir olunmayan bina
tədris üçün yararsız vəziyyətdə düşmüşdü. Prezident İlham Əliyevin
ölkədə təhsilin inkişafına göstərdiyi diqqət, bu sahədə aparılan
islahatlar Qoxmuq kənd tam orta məktəbinin həyatında da mühüm rol
oynadı. 2013-cü ilin oktyabrında Şəki Şəhər İcra Hakimiyyətinin
sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına 840 şagird yerlik
Qoxmuq kənd tam orta məktəbi üçün yeni binanın inşasına başlandı.
Yüksək keyfiyyətlə tikilən binada təlim-tədris üçün bütün zəruri
şərait yaradılıb. Sahəsi 5277 kvadratmetr olan bina
üçmərtəbəlidir.
Bildirildi ki, 108 müəllimin çalışdığı məktəbdə 42 sinif otağı
yaradılıb, müasir standartlara cavab verən və əyani vasitələrlə
təchiz olunan fənn laboratoriyaları qurulub. İnformatika kabineti
kompyuter avadanlığı ilə təchiz edilib. Hərbi kabinetdə şagirdlərin
hərbi biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb.
Məktəbin kitabxanası dərs vəsaitləri ilə təmin olunub və
şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular
quraşdırılıb. Binanın 240 yerlik akt zalında isə müxtəlif
tədbirlərin keçirilməsinə hər cür imkan var. Məktəbin binasının
ətrafında geniş yaşıllıq zolağı salınıb, həyətyanı sahədə idman
meydançası yaradılıb və idman qurğuları quraşdırılıb.
Hazırda Şəki rayonunda 97 ümumtəhsil müəssisəsi fəaliyyət
göstərir və həmin məktəblərdə 24 minə yaxın şagird təhsil alır.
***
Azərbaycan prezidenti İlham Əliyev Şəki Məhkəmə Kompleksinin
yeni inzibati binasının açılış mərasimində iştirak edib.
Axar.az xəbər verir ki, Ədliyyə naziri Fikrət Məmmədov yeni
binanın inşası və burada yaradılan yüksək şərait barədə dövlət
başçısına məlumat verib.
Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti
kəsib. Dövlət başçısı kompleksdə yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, Şəki Məhkəmə Kompleksi Dünya Bankı ilə birgə
həyata keçirilən layihə çərçivəsində inşa olunmuş ikinci məhkəmə
kompleksidir. Kompleksdə Şəki Apelyasiya Məhkəməsi, Şəki
İnzibati-İqtisadi Məhkəməsi, Şəki Ağır Cinayətlər Məhkəməsi və Şəki
Rayon Məhkəməsi yerləşir. Kompleks təxminən 1 milyon 370 min
əhaliyə xidmət göstərəcək. Burada 250 nəfər, o cümlədən 42 hakim,
170-dən çox məhkəmə aparatı əməkdaşı və 35 ədliyyə işçisi
çalışacaq.
Prezident İlham Əliyev məhkəmə zallarında yaradılan şəraitlə
tanış olub.
Bildirilib ki, kompleksin əsas binasında 16 məhkəmə iclas zalı –
cinayət işlərinin baxıldığı 7 və mülki işlərin baxıldığı 9 zal
fəaliyyət göstərir.
Konfrans zalı ilə tanışlıq zamanı dövlət başçısının diqqətinə
çatdırılıb ki, müasir avadanlıqla təchiz edilən zalda hakimlərə və
məhkəmə işçilərinə Ali Məhkəmənin Plenumuna, Məhkəmə-Hüquq
Şurasının, həmçinin Ədliyyə Nazirliyinin iclaslarına, müşavirə və
toplantılarına birbaşa qoşulmaq imkanı yaradılıb.
Prezident İlham Əliyev kompleksdə məhkəmə və ədliyyə
orqanlarının əməkdaşları ilə görüşüb. Dövlət başçısı mərasimdə
çıxış edib. Sonra ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri
Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış
ediblər.
Sonra Azərbaycan prezidenti İlham Əliyev Şəki rayon qeydiyyat
şöbəsinin inzibati binasında yaradılan şəraitlə tanış olub. Sonda
xatirə şəkli çəkdirilib.