Yuxarı

İran federallaşmalı, yoxsa unitar qalmalıdır? – Şəriətmədari

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış Güney azərbaycanlı dissident, mərhum Ayətullah Məhəmməd Kazım Şəriətmədarinin oğlu Həsən Şəriətmədarinin Axar.az-a müsahibəsi:

- İranda nə baş verir?

- İranda ictimai-sosial inqilab baş verir. Yəni, gənclər və qadınlar İran cəmiyyətində mövcud olan bu vəziyyətin dəyişilməsini istəyirlər. Onlar dəyişiklikdə özlərinin də iştirakının olmasında maraqlıdırlar. Amma təəssüf ki, İranda qeyri-sabit bir durum var. Həmin şəxslərin kimlikləri açıqlansa, tutub, zindana atar, edam və işgəncə verərlər.

Digər tərəfdən də orda hadisələrin daxilində olan bir çoxları, cəmiyyətin bəzi təbəqəsi öz yaxınlarını - ataları, babaları, anaları, qardaşları, bacıları və ailələrini düşünür. Onların qarşısında məsuliyyətləri var. Gələcəkləri üçün qayğılıdırlar. Həmin şəxslərin çoxu ayağa qalxmır, çünki gələcəklərini aydın görmürlər. Odur ki, soruşurlar: İran kimin əlinə düşəcək, nə olacaq? Hadisələrin sonu hara gedəcək, kimlər iş başına gələcək? Yaxud bilmək istəyirlər ki, onların əllərində olan sərvətin, var-dövlətin axırı necə olacaq? Hazırkı vəziyyətlərini saxlaya biləcəklər, ya yox? İranda qalsalar yaxşıdır, yoxsa getsələr? Bu, insanların qarşısında olan ciddi və böyük suallardır ki, biz bunu nəzərdən qaçırmamalıyıq.

- İran əhalisinin bu tərəddüdünə, qeyd etdiyiniz suallara son qoymaq üçün nə etmək lazımdır?

- Gərək bir alternativ olsun. Bu alternativ İranın gələcək idarəçiliyini və planlarını açıqlamalıdır. Planda aydın göstərilməlidir ki, gələcək hakimiyyət onların sağlığına, var-dövlətinə toxunmayacaq, demokratiya olacaq. Məhkəmə sistemi və qanun hər şeydən daha üstün olacaq. Ədalət bərpa olunacaq və ayrı-seçkilik aradan qalxacaq. Bunları xalqa açıq-aşkar demək və onlarda bir ümid yaratmaq lazımdır.

Bütün bunları həyata keçirmək üçün iki təklif var. Biri budur ki, 10-12 tanınmış ziyalıdan ibarət nümayəndə olsun. Hansı ki, cəmiyyətin onlara ehtiyacı var. Nümayəndələr qabağa düşüb, beynəlxalq danışıqlar aparsın. Bilirsiz ki, dünya dövlətlərinin İranda gələcəkdə nə olacağı ilə bağlı ciddi şübhələri var. Avropa və Amerikada əsas düşüncə İranda etirazları dəstəkləyir, inqilab olmasının tərəfdarıdır. Xalqın yanında olmaq istəyir. Amma rejimin dəyişilməsi məsələsində tərəddüdlər var. Həm ciddi şübhə içindədirlər, həm hazırki rejimə yox deyirlər, həm də qorxurlar ki, İranda bacarıqsız bir qrup hakimiyyətə gələr və bölgənin vəziyyətini tamamilə qarışdırar. Qərbin da əmin olması üçün belə bir alternativ lazmdır.

İki qrupdan başqa çoxları rejimdən ayrılmaq istəyir. Onların vicdanı xalqı öldürməyə, əzməyə razı olmur. Hakimiyyətdən ayrılmaq üçün isə bir yer, güvənməyə möhkəm bir divar tapmır. Bu səbəbdən onlara da bir alternativ lazımdı. Belə bir alternativ olmasa, onlar rejimdən ayrıla bilməzlər. İndi ayrılan olsa da, aşağı səviyyəli məmurlar ayrılar.

- Beynəlxalq danışıqları aparacaq 10-12 nəfərlik qrupun ayrılması niyə gecikir?

- Dünya ilə danışıqlara gedə biləcək 10-12 nəfərlik heyəti (xaricdə olan insanları) İranın sosial ictimaiyyəti qəbul edə bilmir. Bunun da səbəbi İranda olan avtoritar rejimdir. İran cəmiyyəti istəyir ki, proses öz iştirakı da təmin edilsin. Onlar deyirlər ki, başımızın üstündə ağa olmasın. İstəyirlər öz nümayəndələri olsun. Düşünürlər ki, inqilab edib, öz hakimiyyətlərini qurmağı da bacararlar. Bu isə inqilabi məntiqdir. Yəni haqqı verir inqilab edənlərə. Bu isə alınan iş deyil. Çünki inqilabı təkcə İranda küçələrdə olanlar etmir. Çoxlu insan tətil aksiyaları keçirir, bəziləri işlərində təxribat törətməklə inqilaba yardım edir, dünyada yaşayan diaspor nümayəndələri də gecə-gündüz fəaliyyətdədir. Bu inqilab milli bir inqilabdır. Təkcə qadınlara və gənclərə məxsus deyil. Həm də harada ki, inqilabçılar hakimiyyətə gəlib, sonda faciə törənib. Onlar cəmiyyəti inqilabçılara, ya da qeyri-inqilabçılara bölüblər. Qeyri-inqilabçıları bir kənara qoyub, diktatorluq ediblər. Keçmiş SSRİ-ni, Çini, Kubanı, Şimalı Koreyanı nümunə göstərmək olar. İnqilabçılar, adətən, iş başına gələndə tək hakim olur, digərlərinə yer vermirlər. Bu söhbətlərdə inqilabçıların haqlı olan tərəfləri olsa da, haqsız yanaşmaları da var.

- Xaricdə yaşayan müxalif qüvvələrin bir araya gəlməsi ilə bağlı planınızdan danışardınız...

- Mənim planım qeyd etdiyim iki planı birləşdirməkdən ibarətdir. Belə ki, iki yüz nəfəri bir araya gətirib bir qurum yaratmaq lazımdır. Ora 10-15 nəfər tanınmış simadan nümayəndələr seçilsin. Küçədə hadisələrin içində olan qadın və gənclərdən də iştirak edənlər olsun. Cəsarəti olan öz adları ilə, yaxud başqa adlarla gəlib qatılsınlar. Zindanda olanlara da yer saxlayaq ki, gələn gün yerləri olsun. Etnik partiyalar da bu qurumda təmsil olunmalıdır. Türklər, kürdlər, ərəblər, bəluclar, türkmənlər, lorlar, şimallılar bunların da öz bölgəsəl istəkləri var. Düzdür, indi milli birlik yaranıb, hamı deyir ki, biz bu rejimin getməsinə və İranın birliyinə çalışırıq. Buna baxmayaraq, heç kim narahatlığını, məruz qaldığı ayrı-seçkiliyi də unutmayıb. Bunlar da öz haqlarını almaq istəyir. Etnik qurumların, etnik partiyaların da nümayəndələri bu qurumda iştirak etməlidir. Həmçinin, rejissorlar, aktyorlar, yazıçılar, hüquqşünaslar, univeritet müəllimləri, tələbələr - bunlardan da nümayəndə olmalıdır. İranın hamısı burada özünü görməlidir. Bu da bir həll yoludur. Bu qurum özünü hakimiyyət hesab etmir. Hakimiyyətdə olmaq niyyəti də yoxdur. Çalışmalıdır ki, küçədə olan xalqı diaspor ilə birləşdirsin, səslərini dünyaya çatdıra bilsin. Rejim getmək durumuna gəlib çıxana qədər bu qurum fəaliyyət göstərməlidir.

- “İranda hazırki rejim çökür” deyə bilərikmi?

- Rejimin məhv olmasının 3 əlaməti var və çox asanlıqla özünü göstərir. Birinci əlaməti budur ki, kənarda dayananlar da rejimin qalıb-qalmaması ilə bağlı hesab-kitab edir, getməyinə inanır. Buna “boz qrup” deyilir. Bu qrup inanandan sonra müxalif qüvvələrə qatılır və milyonlarla insan küçələrdə nümayişə şıxır.

Digər ələməti isə rejimin daxilində parçalanmanın baş verməsidir. Bu ikisi baş versə, dünyada da siyasət dəyişər. Bu nəticəyə gələrlər ki, bu rejim qalmalı deyil və buna şübhələri olmayacaq.

Belə bir halda qeyd etdiyim həmin o 200 nəfər öz içindən 23-24 nəfərdən ibarət müvəqqəti (keçici) bir dövlət və hökumət yaratmalıdır. Təsisçilər Məclisi seçilməli və ölkəni müvəqqəti olaraq idarə etməlidir.

- İrandan kənarda yaşayan alimlər və tanınmış ziyalılar, siz də daxil olmaqla, Qərb ölkələrinə İranın BMT-dəki nümayənliyinin bağlanması ilə bağlı müraciət edib. Gözləntiləriniz nədir?

- Beynəlxalq hüquqşünas dostlarımızdan biri bu sənədi yazdı. Biz də onu dəstəklədik. Həmin 40 nəfərdən biri də mənəm. Sənəd dünyanın 11 dövlət başçısına və BMT-yə yazılıb. Təklif etmişik ki, insan hüquqlarının qorunmasında öhdəliklərinə əməl etmədiyinə görə İran nümayəndəsinin etimadnaməsi müvəqqəti dayandırılsın. Bunun yaxşı tərəfi budur ki, BMT-də buna veto qoymaq hüququ olmur. İran dövlətinin BMT-dən tamamilə çıxarılmasını istəsəydik, buna Rusiya və Çin imkan verməzdi. Nəticədə bu iş olmaz, başqaları da qəbul etməzdi. Bizim təklif etdiyimiz yol isə BMT-nin Baş Assambleyasında qəbul edilə, İranın nümayəndəsi qurumdan kənarlaşdırıla bilər.

- İranın Azərbaycana düşmənçilik edən Ermənistanla isti münasibətlərini necə şərh edərdiniz?

- Hamımız bilirik ki, bu işlərin arxasında çox böyük bir dava dayanır. Nə qədər ki, İran İslam Respublikası mövcuddur, Ermənistan-Azərbaycan münaqişəsi həll olmayacaq. Baxmayaraq ki, Azərbaycan tərəfi haqlıdır. İran bu işlərin müsbət həll olmasına imkan verməyəcək, davamlı problem yaradacaq. Münaqişə həll olunmaq istəyəndə İran araya girir və məsələ həll olunmur. Fikrimcə, münaqişə bu rejim yox olacağı halda öz həllini tapacaq. İslam Respublikası elə bir vəziyyətdədir ki, həm kiçik olmadığı üçün bölgədə onsuz bir şey həll olmur, həm də başqalarına mane olacaq qədər böyük deyil. Odur ki, xalqın istəyi ilə gərək bu rejim gedə. Elə bir hakimiyyət gələ ki, Azərbaycanla yüksək səviyyəli siyasi, iqtisadi və ticari əlaqələr qura. Rusiya və Türkiyə ilə də həmçinin. Bu rejim olmasa, biz hər şeydən öncə bölgəsəl məsləhətləşmə etmək istərdik. Bölgədə açıq qalan məsələlər bağlanmalıdır ki, Türkiyənin, Rusiyanın, İranın, Ərəbistanın yeri bilinsin. Ticari əlaqələr qurmaqla yaxınlaşsınlar, bir-birini aradan götürməyə səy göstərməsinlər. Səudiyyə Ərəbistanı ilə də oturub danışmalı, aramızda heç bir münaqişə olmadığını, hökumətin problemi olduğunu bildirməliyik. O zaman bu həll oluna bilər.

- Son günlər şahın oğlunu dəstəkləmək məqsədi ilə sosial şəbəkələrdə “mən vəkalət verirəm” həştəqi ilə kampaniya başladılıb. Buna necə yanaşırsınız?

- İranda bir qisim var ki, səltənətçidir. Bir qisim isə qorxur ki, İran parçalanar. Ona görə də Rza Pəhləvini bu işə münasib bilirlər. Amma bir çoxları bu həll yollarını qəbul etmir. İranda çoxlu cümhuriyyətçi var, əhalinin 60-65 faizi başqa millətlərdir və onlar da bunu qəbul etmir. Solçular, universitet müəllimləri, bizim çoxlu alimimiz var, onlar buna razı deyil. Onların sayı, fikirimcə, çoxdur. Nəticə də alındı, göstərdi ki, bu iş baş tutmaz.

- İranın gələcəkdə idarə üsulu necə olmalıdır: Federal, yoxsa unitar dövlət quruluşu?..

- İş belə göstərir ki, mərkəziyyətçi olmayan sekular və demokratik bir hökumət olacaq. Formasına Təsisçilər Məclisi qərar verəcək. Mən özüm cümhuriyyətçiyəm. Ya yaxşı bir mərkəzçi hökumət, ya da İraq və Livandakı kimi deyil, Almaniya və Amerikadakı kimi fedaral dövlətdən yanayam.

Tarix
2023.01.30 / 08:30
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Pezeşkian Moskvaya gedir: Rusiya ilə saziş imzalayacaq

Əlcəzair liderindən Əliyevə: Bu ağrılı sınaqdan...

Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?

Məlikovdan Əliyevə: Sizinlə birlikdə kədərlənirik...

Təyyarə qəzası necə baş verib? - Nazir danışdı

Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla