Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında
noyabrın 1-də keçirilən parlament seçkilərində yol verildiyi iddia
edilən qanun pozuntuları ilə bağlı müraciətlərə
baxılıb.
Report-un
xəbərinə görə, 35 saylı üçüncü seçki dairəsindən namizədliyi Ümid
Partiyası tərəfindən irəli sürülən İqbal Ağazadənin şikayətinə
baxılıb.
MSK üzvü Ramiz İbrahimov bildirib ki, İ.Ağazadə MSK-ya müraciət
edərək dairə seçki komissiyasının bir neçə seçki məntəqəsində qanun
pozuntularına yol verildiyini iddia edib:
"Eyni zamanda, o, həmin məntəqələrin səsverməsinin nəticələrinin
ləğv olunmasını istəyib. MSK şikayəti baxılması üçün məsələni dairə
seçki komissiyasına (DSK) göndərib. DSK 5, 10, 11, 18 və 26 saylı
seçki məntəqələrinin səsverməsinin nəticələrini ləğv edib. 17 saylı
seçki məntəqəsində isə səslərin yenidən sayılmasına qərar verib.
Ancaq bu da ümumi nəticələrə təsir etməyib".
Bundan başqa, İqbal Ağazadənin MSK-ya təqdim etdiyi
video-materiallar da araşdırılıb. Qərar verilib ki, onun şikayəti
əsasında aparılan araşdırmalar dayandırılsın.