Ermənistanın daxili siyasi həyatına Rusiyanın orijinal
təsiri bir daha sübut edir ki, Rusiya Ermənistanı özünün həqiqi
müttəfiqi və ya tərəfdaşı hesab etmir. Bu anlayışlar ritorikanın
məhsuludur. Rusiya Ermənistanın, onun indiki rəhbərliyinin apardığı
siyasətin antirusiya mahiyyətli olduğunu bilir, bunun qarşısını
almaq üçün tədbirlər görür. Rusiya Erməniləri İttifaqının sədri Ara
Abramyan 2017-ci ildə Ermənistanda keçiriləcək parlament
seçkilərində iştirak etmək niyyətində olduğunu
açıqladı.
Bunu Trend-ə
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq
Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu bildirib ki, bunun üçün o, 100-ə yaxın hüquqşünas və
digər ixtisaslı mütəxəssisləri cəlb etməklə Ermənistanda partiya
yaratmağın təfərrüatını öyrənir:
"Ara Abramyan açıq şəkildə başa saldı ki, o bu işi Vladimir
Putinin göstərişi ilə edir: "Putin həmişə haqdır". Söz yox,
Ermənistan prezidenti S.Sərkisyan bu variantın qarşısında təslim
olmaq niyyətində deyil. A.Abramyan bu fikirləri Rusiya Erməniləri
İttifaqının qurultayında səsləndirdi. Həmin qurultay Kremlin dövlət
sarayında keçirildi. Qurultaya V.Putinlə yanaşı, S.Sərkisyan da
təbrik məktubu göndərmişdi. S.Sərkisyan təbrik məktubunun lap
önündə A.Abramyanın uzun müddət Moskvada yaşamasını bildirmişdi.
Başqa sözlə, Ermənistan konstitusiyasının tələbinə görə, uzun
müddət Ermənistandan kənarda yaşadığına görə, A.Abramyan seçkilərdə
iştirak edə bilməz. A.Abramyan da S.Sərkisyanı cavabsız qoymadı. O,
ildə 18 dəfə özünün doğma Malişka kəndinə gəldiyini bildirdi,
Ermənistan vətəndaşı olduğunu yada saldı".
Politoloq qeyd edib ki, S.Sərkisyan ağır artilleriya hesab
olunan, vaxtilə Kremldə birbaşa prezidentə tabe olan MDB idarəsinin
rəisi işləmiş M.Kolerovu dövrəyə buraxdı:
"M.Kolerov bildirdi ki, A.Abramyan Putinə istinadını sübut edə
bilməz. Bununla da incə diplomatik hiyləyə əl atdı: RF prezidenti
heç vaxt publik şəkildə A.Abramyana "Ermənistanda seçkiyə qatıl"
əmrini verdiyini etiraf edə bilməz. Nəticədə, A.Abramyana qoşulmaq
istəyən rusiyapərəst oliqarxlar və siyasətçilər tərəddüd içində
qaldılar. Əks-təqdirdə, həmin adamlar bir anın içərisində
S.Sərkisyanın ətrafını tərk edib A.Abramyana qoşula bilərdi. Yada
salaq ki, M.Kolerovun Rusiya vətəndaşı, İA rəhbəri və vaxtilə çox
yüksək vəzifədə olmasına baxmayaraq, o Ermənistanın, xüsusilə Serj
Sərkisyanın marağını RF-nin dövlət və milli marağından üstün tutur.
Ermənistanda rus dilinə qarşı təhqirli kampaniya aparılanda da
M.Kolerov bu kampaniyanı aparanlara haqq qazandırdı, günahı Rusiya
məmurlarının üstünə qoydu. A.Abramyanla əlaqəli proses yenicə
başlayıb: onun qızının ABŞ-da porno aktrisa olduğu barədə
məlumatlar dövriyyəyə buraxıldı".
M.Əhmədoğlu hesab edir ki, Rusiya Ermənistanın daxili həyatına
təcavüz etməkdə günahlandırılır:
"Rusiyanın Ermənistandakı ermənilərə inanmadığı şəksizdir.
Baxmayaraq ki, ermənilərin təxminən 60%-i Ermənistanı Rusiyanın
tərkibində görürlər. Nəzərə alınmalıdır ki, bu rəqəm də getdikcə
azalır. 2013-cü ildə bu rəqəm 81.2% idi. Eləcə də Kreml Rusiyada
yaşayan ermənilərə də inanmır. O hazırda Ermənistanı iki oliqarx
vasitəsilə idarə etmək kursunu götürüb. Ermənistanın siyasi
həyatını A.Abramyan, iqtisadi həyatını isə Moskvada yaşayan bir
nömrəli erməni milyarderi, "Taşir" qrupunun başçısı S.Karapetyan
idarə edəcək. Ona görə Ermənistanın elektrik şəbəkəsi S.Karapetyana
verildi. Razdan İES də veriləcək. Üçüncü oliqarxın da Ermənistanın
daxili həyatına qoşulacağı ilə də bağlı fikirlər dolaşır. Vaxtilə,
Rusiyada "Sberbank"ı, "Skolkovo" şirkətlərini, "Ameriabank"ı
yaradan R.Vardanyanın da Ermənistanın idarəçiliyinə qoşulacağı
deyilsə də, R.Vardanyan Kremldən narazıdır. Ermənistanda Qərbin
maraqlarının, ingilis dilinin güclənməsinə investisiya qoyur. Onun
Qarabağda reallaşdırdığı layihələr Rusiyanın maraqları ilə
uzlaşmır. Ona görə biz, R.Vardanyanın Ermənistanın idarəçiliyinə
qatılmasını istisna etmirik, amma bunu Kremlin deyil, Qərbin və ya
S.Sərkisyanın planı hesab edə bilərik. A.Abramyan və S.Karapetyanın
ətrafında Ermənistanın özündə xeyli yüksək çinli siyasətçilər,
dövlət məmurları var. Hər ikisinin qardaşları Ermənistanın siyasi
olimpindədir".
Mərkəz rəhbəri sonra qeyd edib ki, Ermənistan Prezidenti
S.Sərkisyan "Çiçəklənən Ermənistan" partiyasının keçmiş sədri
Q.Çarukyanı yenidən siyasi həyata qaytarır:
"Multimilyoner, deputat, Baş nazirin qudası Q.Çarukyan
Ermənistanın müxalifət həyatında aktivliyini artırmaqla,
partiyaların maliyyə ehtiyacını ödəyə bilər. Bununla Ara Abramyanın
"Rusiya puluna" Ermənistandakı partiyalar göz tikməyəcəklər.
Q.Çarukyanı prezident S.Sərkisyan bu ilin fevralında təhqirli
sözlərlə siyasətdən qovdu, partiyasını əlindən aldı. Müəssisələrinə
yoxlama göndərdi. İndi S.Sərkisyan tez-tez Q.Çarukyanla tədbirlərdə
olur. Ona orden verdi. Yeyib-içirlər. Təftişləri dayandırdı. Baş
nazir O.Abramyan Roza Çarukyanla (Q.Çarukyanı anası, fermer)
qucaqlaşıb-öpüşür".
Politoloq sonra əlavə edib ki, S.Sərkisyan Ara Abramyanın RF
Dövlət dumasına deputat olması məsələsini gündəliyə gətirdi: "Guya
A.Abramyan A.Çilinqarovu əvəzləyəcək. İkibaşlı ideyadır. Ermənistan
Rusiyanı dəfələrlə aldadıb. Buna görə də S.Sərkisyanın indiki
mübarizədə A.Abramyana qalib gəlməsi inandırıcı deyil".