Yuxarı

Rəsulzadənin Polşa izləri: gənc qız Vanda

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokratik Respublikasının banisi, 61 il bundan öncə qəbrini istiqlal qibləsinə çevirən Məhəmməd Əmin Rəsulzadə Türkiyə və İranla yanaşı, Avropa ölkələri ilə də sıx əlaqədə olub.

Bu ölkələrin sırasında Şərqi Avropa ölkəsi olan Polşa Respublikası da var. Bunun da səbəbi Polşa hökuməti ilə Rus imperiyası arasındakı problemlər idi. O dövrdə Polşa dövlətinin başçısı olan Jozef Pilsudski ilə Məhəmməd Əmin Rəsulzadə arasında ciddi məktublaşmalar olub. Bu məktublaşmanın əsasını Azərbaycanın azad edilməsi məsələsi təşkil edirdi. Nə üçün Rəsulzadə Pilsudski ilə məktublaşmağa önəm verirdi?

Bolşevizmə qarşı mübarizə

Birincisi ondan ibarət idi ki, Polşa dövləti bolşevizmə qarşı böyük bir mübarizə aparırdı. Pilsudskinin məqsədi Rusiya İmperiyası, bolşeviklər tərəfindən işğal olunmuş ölkələrin, vilayətlərin, məmləkətlərin irəlidə, öndə gedən şəxsiyyətlərini toplayaraq onların gücündən faydalanıb, bolşevizmə qarşı mübarizə aparmaq idi. Onun əsas planı bu idi və bu plana da uyğun olaraq Rəsulzadə kimi şəxsiyyətlərlə əlaqələr qururdu.

Rəsulzadənin Polşa dövləti ilə ilk məktublaşmaları 1923-cü ilə təsadüf edir. Rəsulzadənin bu məktublardan birincisinin əsas hissəsini öz vətənlərindən qovulmuş Azərbaycan əsgərlərinin müqavilə əsasında Polşa ordusunda xidmət keçməsi xahişi təşkil edirdi. Pilsudski də cavabında bildiridi ki, Azərbaycan əsgərlərini Polşa ordusunda xidmət keçməyini qəbul etməyə hazırdırlar. Sözsüz ki, bu da Rəsulzadənin apardığı uzaqgörən siyasətin nəticəsi idi. Ümumilikdə götürsək, həmin vaxtlar Polşa dövləti ömrünün böyük bir hissəsini mühacirətdə keçirən Rəsulzadəyə daima yardımlar edirdi. Həmin zaman Rəsulzadənin istəyi ilə Türkiyədə dərc olunan "Yeni Qafqaz", "Azəri türkü", "Odlu yurd" dərgilərinin maddi baxımdan yardımını da Polşa hökuməti öz üzərinə götürmüşdü. Bunun nəticəsi idi ki, adı sadalanan dərgilər davamlı olaraq nəşr olunurdu. Bundan əlavə, 1936-cı ildə Rəsulzadə Müsavat Partiyasının böyük bir konfransını Polşanın paytaxtı Varşavada keçirmişdi və Polşa hökuməti bu konfransa öz köməkliyini əsirgəməmiş, böyük bir dəstək vermişdi.

Senator Sedliski

Rəsulzadənin Türkiyədə qaldığı dönəmdə Stalinin tələbinə uyğun olaraq Atatürk onun xaricə getməyini istəyirdi. Buna görə də Rəsulzadə tatar lider Ayaz İshaki ilə birlikdə 1937-ci ildə Polşaya getməyi qərara alır. Rəsulzadə Polşaya gələndən təxminən bir il sonra, yəni 1938-ci ildə avropalı oxucular üçün polyak dilində "Azerbejdzan w walce o niepodleglosc" ("Azərbaycan müstəqillik uğrunda mübarizədə") kitabını dərc etdirib. İndiyədək avropalı oxucular üçün Azərbaycan haqqında belə bir kitab ilk dəfəydi dərc olunurdu. Çox maraqlıdır ki, polyak dilində Azərbaycan tarixi haqqında olan bu kitabın giriş sözünü Şərqi Avropa Tarix İnstitutunun direktoru Senator Sedliski yazıb. Sedliskinin giriş sözü ilə yazılan bu kitab Avropada çox böyük maraqla qarşılanıb. Bundan əlavə, Rəsulzadənin Varşavada "Şimali qafqazlıların məcmuələri" dərgisində xeyli sayda məqalələri dərc olunub. Bu məqalələri də Azərbaycanın Polşada ilk səfiri olmuş Vilayət Quliyev bu ölkədə fəaliyyət göstərdiyi dövrdə toplayaraq kitab şəklində dərc etdirib. Rəsulzadə Polşa ilə həmsərhəd olan Almaniyada yaşadığı dövrdə "İstiqlal" və "Qurtuluş" qəzetlərini nəşr etdirib. Bu dərgilər iki il ərzində ayda bir dəfə işıq üzü görüb.

Rəsulzadənin tanış olduğu qız Vanda kim idi?

Sözsüz ki, "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək" devizi ilə yaşayan Rəsulzadənin Polşada yaşadığı dövrün bəzi qaranlıq məqamları da vardır. Bəzi arxiv materiallarından götürülmüş məlumata görə, Rəsulzadə Polşada yaşadığı dövrdə kitabxanada Vanda adında bir xanımla tanış olur. Bu tanışlığın heç də təsadüfi olmadığını deyə bilərəm. Tarixi mənbələrə görə, bu xanım həmin vaxt Polşanın Rəsulzadəsi olan Pilsudskinin qardaşı qızı idi. Ömür boyu ona sadiq qalan Vanda xanıma Rəsulzadə Leyla adını verib. Rəsulzadə ilə Vanda xanım evləndikdən sonra mühacir həyatına uyğun olaraq Türkiyəyə gəlməli olurlar. Ömrünün sonlarına qədər Türkiyədə yaşayan Vanda xanımla türkiyəli araşdırmaçı-yazar Bülənt Danışoğlu şəxsən görüşüb. Bu görüşdən sonra yazar "Polşalı azəri gəlini Vanda Rəsulzadə" məqaləsini yazır və bu məqalədəki xatirələr demək olar ki, bütünlüklə Məhəmməd Əmin Rəsulzadəyə aid idi. Yazılanlarda Məhəmməd Əmin Rəsulzadənin demokratik Azərbaycan uğrunda hansı yollarla mücadilə apardığı bir daha öz əksini tapır.

Sonda yalnız bunu deyə bilərəm ki, tarix boyu unutduqca itirdiyimiz insanların ön sırasında Azərbaycanın Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadə dayanır.

Qeyd: Məlumatların bir hissəsini Polşada yaşayan azərbaycanlı Anar Ağayev və Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyətinin sədri Şəhla Kazımova göndərib.

Tarix
2014.01.31 / 23:40
Müəllif
Nail Əhməd
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla