Təmas xəttində və sərhəddə baş verən itki və atəşkəs
rejiminin pozulması xəbərləri narahatlıq doğurur.
"Axar.az" xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik
deyib.
Onun sözlərinə görə, hər bir itki faciədir və atəşkəs rejiminə
tam əməl olunarsa, bunun qarşısını almaq mümkündür: "Təəssüflər
olsun ki, məlumatların göstərdiyinə görə, son həftələrdə vəziyyət
daha da gərginləşib və vəziyyətin gərginləşməsi riski yetərincə
dəyərləndirilmir".
A.Kaspşik qeyd edib ki, o özü də son zamanlarda gərinliyin
artmasının bu yaxınlarda keçirilən monitorinq zamanı şahidi olub:
"Belə ki, hər iki tərəfin yerli komandirləri qoşunlarının
monitorinq zamanı atəşkəs rejimini pozmayacağına və qrupumuzun
təhlükəsizliyinə təminat verməsinə baxmayaraq atəş açıldı".
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi bildirib ki,
atəşkəs rejiminə əməl olunması məsuliyyəti tərəflərin üzərinə
düşür: "Parisdə Minsk qrupunun həmsədrləri tərəfləri atəşkəs
müqaviləsinin şərtlərinə tam və qeyd-şərtsiz əməl etməyə çağırıb.
Həmsədrlər bildiriblər ki, son zamanlarda baş verən hadisələr
danışıqları sarsıdır və sülh perspektivlərini azaldır. Bu
yaxınlarda üç həmsədr ölkənin Xarici İşlər nazirliklərinin
nümayəndələri bəyanatla çıxış edərək tərəfləri atəşkəs rejiminə tam
şəkildə riayət etməyə çağırıb. Atəşkəsin gücləndirilməsi
istiqamətində müzakirələr davam edir və bu məsələ növbəti günlərdə
həmsədrlərin regiona səfəri zamanı müzakirə mövzusu olacaq".
A.Kaspşik vurğulayıb ki, ATƏT-in fəaliyyətdə olan sədri,
İsveçrənin xarici işlər naziri Didye Burkhalter də Azərbaycan və
Ermənistan hərbçiləri və mülki şəxslərin atəş nəticəsində ölməsi və
yaralanması xəbərlərindən çox narahat olduğunu bildirib:
"D.Burkhalter tərəfləri gərginliyin azaldılması istiqamətində
bir-birləri ilə birbaşa ünsiyyət üçün ATƏT nümayəndələrinin sərhəd
və təmas xəttinə səfərlərinin verdiyi qiymətli imkandan tam
istifadə etməyə çağırıb".
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Fransanın
paytaxtında baş tutan görüşünə toxunan A.Kaspşik qeyd edib ki,
Parisdə nazirlər və həmsədrlər sülh prosesini daha da irəlilətmək
üçün substantiv məsələləri müzakirə ediblər: "Nazirlər münaqişənin
sülh və danışıqlar yolu ilə həlli üçün işləmək istəklərini bir daha
təkrarladılar. Həmsədrlər regiona növbəti səfəri çərçivəsində bu
istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər".
Qeyd edək ki, yanvarın ortalarından başlayaraq cəbhə xəttində
vəziyyət gərginləşib. Erməni Silahlı Qüvvələri intensiv şəkildə
atəşkəs rejimini pozub. O dövrdən bu vaxta qədər atəşkəs rejimi
2000 dəfəyə yaxın pozulub. Azərbaycan Müdafiə Nazirliyinin
məlumatına görə, erməni diversiya qrupunun təmas xəttini keçmək
cəhdinin qarşısı alınarkən Milli Ordumuzun iki zabiti şəhid olub,
qarşı tərəf isə onlarla itki verib.
Tovuzun Əlibəyli kəndi istiqmətində isə erməni silahlı
qüvvələrinin bir hərbi maşını zərərsizləşdirilib. Əlibəyli kəndinə
keçməyə cəhd edərkən isə erməni diversiya qrupunun bir bələdçisi
saxlanılıb.