Dövlət başçısı tərəfindən imzalanmış sənədin qəbul
edilməsində məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi
şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və
obyektivliyin təmin edilməsi, onların hüquqlarının və qanunla
qorunan maraqlarının müdafiəsi, mərkəzi və yerli icra hakimiyyəti
orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı
orqana təkrar şikayətlərin verilməsinə imkan
yaratmaqdır.
Axar.az xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov bu
gün keçirilən kollegiya iclasında bildirib.
Kollegiya iclasında Nazirlər Kabinetinin 2015-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda
duran vəzifələrə həsr olunmuş iclasında korrupsiya və rüşvətxorluğa
qarşı mübarizənin daha da gücləndirilməsi, istehlak məhsullarının
qiymətlərinə ciddi şəkildə nəzarət etmək, manatın məzənnəsində baş
vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, mal
qıtlığının yaradılması, inhisarçılıq, istehlakçıların aldadılması
və digər sui-istifadə hallarının qarşısının alınması ilə barədə
dövlət başçısının verdiyi tapşırıqlara müvafiq olaraq, cari ildə
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi, əlaqədar
struktur qurumlar və tabe prokurorluqlar tərəfindən digər hüquq
mühafizə orqanları ilə əlaqəli şəkildə korrupsiya və rüşvətxorluğa
qarşı daha geniş miqyasda qətiyyətli və sistemli mübarizə
aparılması, mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinin
qarşısının alınması və onları doğuran səbəblərin aradan
qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata
keçirilməsi barədə müvafiq tapşırıqlar verilib.
Həmin tapşırıqlardan irəli gələn vəzifələrin icrası ilə əlaqədar
İqtisadiyyat Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsi tərəfindən birgə Tədbirlər Planı təsdiq
edilməklə yol verilmiş qanunsuz hallara qarşı ən sərt mübarizə
tədbirləri davam etdirilir. Həmin dövrdən etibarən süni qiymət
artımı ilə əlaqədar Baş İdarə tərəfindən 12 cinayət işi başlanmaqla
hazırda istintaq tədbirləri davam etdirilir.
Ölkəmizdə sahibkarların hüquqlarının qorunması, əlverişli biznes
mühitinin formalaşması məqsədilə mərkəzi və yerli icra hakimiyyəti
orqanlarında və Azərbaycan Respublikasının Prezidenti yanında
Apellyasiya Şurasının yaradılmasının xüsusi əhəmiyyətini vurğulayan
Baş prokuror bildirib ki, dövlət başçısı tərəfindən imzalanmış
sənədin qəbul edilməsində məqsəd sahibkarlıq fəaliyyəti göstərən
fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində
şəffaflığın və obyektivliyin təmin edilməsi, onların hüquqlarının
və qanunla qorunan maraqlarının müdafiəsi, mərkəzi və yerli icra
hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana
təkrar şikayətlərin verilməsinə imkan yaratmaqdır.
Bildirilib ki, həyata keçirilmiş profilaktiki tədbirlər
nəticəsində 2014-cü ilə nisbətən hesabat dövründə qeydə alınmış
yol-nəqliyyat hadisələrinin sayı 415 fakt, həmin hadisələr
nəticəsində ölənlərin sayı 230 fakt və xəsarət alanların sayı 411
fakt, habelə bağlı qalan hadisələrin sayı 14 fakt azalıb. Ölümlə
nəticələnmiş yol-nəqliyyat hadisələrindən 14-ü, o cümlədən Gəncə və
Şirvan şəhərləri, Xətai, Hacıqabul, Samux və İmişli rayonlarının
hər birində 1, Baş Dövlət Yol Polis İdarəsinin yol-patrul xidməti
alayının xidmət etdiyi ərazidə 6 və Sabunçu rayonu ərazisində isə
qeydə alınmış 2 hadisə bağlı qalıb.
Dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin
prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əvvəlki
illərdə olduğu kimi, 2015-ci ildə də vətəndaşların müraciətlərinə
və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb.
Qeyd edilib ki, hesabat dövründə prokurorluqda vətəndaşların
müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə
ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilib.
Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və
asanlaşdırılması, buna əvvəlkindən daha az vaxt sərf olunması,
daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan
məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin
görülməsi, bu sahədə müasir informasiya kommunikasiya
texnologiyalarından istifadə edilməsi, vətəndaşların yaşayış
yerlərində qəbulunun prosedurları hazırlanaraq təcrübədə səmərəli
tətbiqi həyata keçirilib. Eyni zamanda, bu sahədə işin təşkilində
müəyyən çatışmazlıqların hələ də mövcudluğu diqqətə çatdırılmaqla,
tələb edilib ki, müraciətlərə baxılması və vətəndaşların qəbulu işi
gündəlik nəzarətdə saxlanılmaqla, "Azərbaycan Respublikası
Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların
qəbulu işinin səmərəliliyinin artırılması haqqında" əmrin
qeyd-şərtsiz icrası, həmin fəaliyyət istiqaməti üzrə işin düzgün
təşkili, bu sahəyə cavabdeh əməkdaşların məsuliyyətinin artırılması
təmin olunsun.
Dövlət başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq Baş
prokuror tərəfindən respublikanın müxtəlif bölgələrində
prokurorluğun rəhbər işçilərinin iştirakı ilə vətəndaşların qəbulu
keçirilməklə, qaldırılan məsələlərin yerində həll edilməsi və
əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli
tədbirlər həyata keçirilib.
Bildirilib ki, hesabat ilində prokurorluq orqanlarının
beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra
əhəmiyyətli tədbirlər həyata keçirilib. Beynəlxalq Antikorrupsiya
Akademiyasının Assambleyasına ölkəmizin nümayəndəsinin sədrliyi ilə
əlaqədar həmin qurumla əlaqələr daha da genişlənmişdir.
Azərbaycanın Assambleyaya sədrliyi dövründə həyata keçirilmiş
uğurlu fəaliyyət nəticəsində 5 ölkə Akademiyaya üzv qəbul olunmaqla
üzvlərin sayı 65-ə çatmış, həmçinin qarşılıqlı əməkdaşlığa öz
müsbət təsirini göstərəcək "Azərbaycan Respublikasının Baş
Prokurorluğu ilə Türkiyə Respublikası Ali Məhkəməsinin Baş
Prokurorluğu arasında Anlaşma Memorandumu" və "Azərbaycan
Respublikası Baş Prokurorluğu ilə Rusiya Federasiyasının İstintaq
Komitəsi arasında əməkdaşlıq haqqında" sazişlər imzalanıb.
Kollegiya iclasında prokurorluq orqanlarında informasiya
kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsinin
yüksəldilməsi, "Elektron Sənəd Dövriyyəsi" və "Elektron Cinayət"
İnformasiya proqramlarının tam fəaliyyət göstərməsi, bu sahədə
həyata keçirilən işin səmərəliliyinin artırılması barədə konkret
tapşırıqlar verilib.
Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha
da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi,
bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin
yaradılması, aşkar olunan hər hansı nöqsan və çatışmazlıqlara qarşı
prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin
çıxarılması 2015-ci ildə də əsas vəzifələrdən biri kimi diqqət
mərkəzində saxlanılıb.
Qeyd edilib ki, hesabat dövründə prokurorluq orqanları üzrə
xidməti, icra və əmək intizamının pozuntusu hallarına və digər
xətalara yol verdiklərinə görə 37 əməkdaş intizam məsuliyyətinə
cəlb edilib, o cümlədən 7 nəfər prokurorluq orqanlarından xaric
edilib. Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe
prokurorlardan möhkəm nizam-intizam yaradılması məsələlərində
prinsipiallığın daha da artırılması tələb edilib.
Görülmüş müsbət işlərlə yanaşı qeyd edilməlidir ki, Baş
Prokurorluğa hesabat ilində vətəndaşlardan qəsdən adam öldürmə və
qəsdən adam öldürməyə cəhd hadisələrinə görə başlanmış işlərin
istintaqının qeyri-obyektiv aparılması, cinayətin törədilməsində
iştirak etmiş bütün şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaması
və təqsirləndirilən şəxslərin əməllərinin düzgün tövsif olunmaması
barədə xeyli sayda şikayətlər daxil olub.
Aparılmış araşdırmalar göstərir ki, cinayət işlərinin
istintaqının ilkin mərhələsində zəruri təxirəsalınmaz hərəkətlərin
keyfiyyətli yerinə yetirilməməsi, texniki vasitələrdən səmərəli
istifadə olunmaması, müstəntiqlər və ibtidai araşdırmaya prosessual
rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən prinsipiallıq
göstərilməməsi vətəndaşların bu xarakterli şikayətlər etmələrinə
səbəb olub. Bir sıra hallarda yalnız Baş Prokurorluğun
müdaxiləsindən sonra cinayət işlərinin istintaqı zamanı yol
verilmiş nöqsanlar aradan qaldırılmaqla, müraciətlərdə göstərilən
vəsatətlər təmin edilib.