Ədliyyə Nazirliyinin Kollegiyası "Qeyri-hökumət
təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi
Qaydaları"nı təsdiq edib.
APA-nın məlumatına
görə, bu Qaydalar QHT-lərin fəaliyyətinin onların nizamnamələrinə
(əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğunluğunun öyrənilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən
edir.
Bu Qaydalar QHT-lər tərəfindən qanunvericiliyə və nizamnamə
məqsədlərinə riayət edilməsinin təmin olunmasına, onların
fəaliyyətində hüquq pozuntularının aşkar edilməsi və qarşısının
alınmasına, habelə bu QHT-lərdən qanunvericiliyə zidd məqsədlərlə
istifadə olunması imkanlarını istisna edən şəraitin yaradılmasına,
cəmiyyətin və həmin təşkilatların maraqlarının qorunmasına yönəlib.
Regional ədliyyə şöbələri QHT-lərin fəaliyyətinin öyrənilməsinin
nəticələri barədə hər yarım il üzrə (iyunun və dekabrın 30-dək)
Qeydiyyat və notariat baş idarəsinə ümumiləşdirilmiş məlumat təqdim
etməlidirlər. QHT-lərin fəaliyyətinin öyrənilməsi işinə aidiyyəti
dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri,
habelə ayrı-ayrı sahələr üzrə mütəxəssislər cəlb edilə bilər.
QHT-lərin fəaliyyəti öyrənilərkən hüquq pozuntularına şərait
yaradan halların müəyyən edilərək aradan qaldırılması ilə yanaşı,
onların təhlilinə və qabaqlayıcı tədbirlərə də diqqət
yetirilməlidir. QHT-lərlə ədliyyə orqanı arasında məlumat və sənəd
mübadiləsi "Fərdi elektron pəncərə" elektron məlumat sistemi
vasitəsilə aparıla bilər. Ədliyyə Nazirliyi tərəfindən QHT-lərə
fəaliyyətlərində qanunvericiliyin tələblərinə əməl edilməsinin
təmin olunması ilə əlaqədar dövri təlimlər təşkil edilir.
QHT-lərin fəaliyyətinin öyrənilməsi zamanı fəaliyyətinin
nizamnaməsinə (əsasnaməsinə) uyğunluğu, qanunun tələblərinə riayət
edilməsi, o cümlədən ali idarəetmə, icra və nəzarət orqanlarının
yığıncaqlarının, habelə üzvlərin reyestrinin aparılması,
gəlirlərinin təşkilatın məqsədlərinə yönəldilməsi, fəaliyyətində
şəffaflığın təmin edilməsi, qeyri-kommersiya qurumlarının və təhsil
müəssisələrinin dövlət reyestri üçün zəruri olan məlumatların
vaxtında təqdim edilməsi, dövlət reyestrində olan sənədlərin
qanunvericiliyə uyğunluğu, illik maliyyə hesabatlarının təqdim
olunması, qrant, mühasibat uçotu haqqında qanunvericiliyə riayət
edilməsi, maliyyə və təsərrüfat fəaliyyətinin qanunauyğunluğu,
qurumun fəaliyyəti ilə bağlı əlaqəli normativ hüquqi aktlara riayət
edilməsi araşdırılır. QHT-lərin fəaliyyətinin öyrənilməsi
çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya
digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı qanunvericiliyin pozulması halları
müəyyən edildikdə "Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial
və ya nümayəndəlikləri tərəfindən "Cinayət yolu ilə əldə edilmiş
pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında"
Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə
nəzarətin həyata keçirilməsi" Qaydalarına uyğun tədbirlər həyata
keçirilir. QHT-lər fəaliyyətlərinin öyrənilməsi zamanı ədliyyə
orqanına təqdim etmək üçün öz yazışmaları üzrə kargüzarlığı
aparmalı, həyata keçirdiyi layihələrin, maliyyə və mühasibat
sənədlərinin, bağladığı müqavilələrin və digər sənədlərin təsdiq
olunmuş surətlərini ayrıca qovluqda saxlamalıdırlar. Kargüzarlıq
sənədlərin daxil olduğu (imzalanaraq təsdiq olunduğu) müddətlər,
bank və digər sənədlərin tərtib olunduğu və ya təqdim olunduğu
tarixlər üzrə aparılır, hər bir sənədə nömrə verilir. Təsis
sənədlərinə dəyişikliklər, qurumun fəaliyyətinə (ali və icra
orqanlarının qərarları, protokolları və s.), qrant müqavilələrinə
(layihələr, layihə üzrə təsdiqedici maliyyə və mühasibatlıq
sənədləri ilə birlikdə) dair sənədlər ayrı-ayrı qovluqlarda
saxlanılır.
QHT-lərin fəaliyyətinin öyrənilməsi 30 gün ərzində həyata
keçirilir. Ədliyyə orqanının rəhbərinin yazılı razılığı əsasında
QHT-nin fəaliyyətinin öyrənilməsi müddəti 30 gün artırıla bilər.
QHT-lərin fəaliyyətinin öyrənilməsi plan üzrə və ya plandankənar
keçirilir. Hər il dekabr ayında növbəti il üzrə fəaliyyətinin
öyrənilməsi nəzərdə tutulan QHT-lərin siyahısı hazırlanır və
ədliyyə orqanının rəhbəri tərəfindən təsdiq olunur. Regional
ədliyyə şöbələrinin rəhbərləri təsdiq etdikləri siyahını və
QHT-lərin fəaliyyətinin plandankənar öyrənmə hallarını Ədliyyə
Nazirliyinın Qeydiyyat və notariat baş idarəsi ilə razılaşdırır.
QHT-lərin fəaliyyətinin plandankənar öyrənilməsi dövlət
qurumlarından məlumatlar və kütləvi informasiya vasitələrində
məlumatlar yayıldıqda, fiziki və hüquqi şəxslərin, habelə QHT-nin
iştirakçılarının müraciətləri daxil olduqda, bilavasitə ədliyyə
orqanı tərəfindən pozuntular aşkar edildikdə həyata keçirilir.
QHT-nin fəaliyyətinin öyrənilməsi plan üzrə aparıldıqda azı 7 gün,
plandankənar aparıldıqda isə azı 1 gün əvvəl bu barədə həmin QHT-yə
yazılı məlumat verilməlidir. Ədliyyə orqanı vəzifələrin icrası ilə
əlaqədar zəruri məlumatların (sənədlərin) təqdim edilməsini, o
cümlədən tərtib etdiyi sorğu vərəqəsinin cavablandırılmasını
QHT-dən tələb etmək, həmin məlumatlara (sənədlərə) baxış keçirmək
və onların surətini çıxarmaq hüququna malikdir. QHT-lərin
fəaliyyətinin öyrənilməsi zamanı izahatlar alına və müzakirələr
keçirilə bilər. Tələb olunan məlumatlar (sənədlər) vaxtında təqdim
edilmədikdə və ya mövcud olmadıqda bu barədə protokol tərtib
olunur, protokolda QHT-nin vəzifəli şəxsinin məsələ ilə bağlı
yazılı izahatı əks olunur. QHT-lərin fəaliyyətinin öyrənilməsinə
maneələrin yaradılması, o cümlədən sorğulara cavab verilməməsi,
tələb olunan sənədlərin və məlumatların təqdim edilməməsi, yanlış
məlumatların verilməsi İnzibati Xətalar Məcəlləsi ilə müəyyən
edilmiş məsuliyyətə səbəb olur. Ədliyyə orqanı QHT-lərin
fəaliyyətinin öyrənilməsi çərçivəsində dövlət və yerli
özünüidarəetmə orqanlarına, hüquqi şəxslərə sorğularla müraciət edə
bilər, fiziki şəxslərdən tələb olunan sənədləri əldə edə bilər.
QHT-lərin fəaliyyətinin öyrənilməsinin nəticələri aktla
rəsmiləşdirilir. Aktda QHT-nin adı, təşkilati-hüquqi forması,
qeydiyyat tarixi və nömrəsi, rəhbərinin (vəzifəli şəxsin) adı,
soyadı, atasının adı, QHT-nin fəaliyyətinin öyrənilməsi tarixi,
əhatə etdiyi dövr, həyata keçirilməsi barədə QHT-yə göndərilmiş
xəbərdarlığın tarixi və nömrəsi, fəaliyyətin öyrənilməsini həyata
keçirmiş vəzifəli şəxs (şəxslər), aktın tərtib olunma tarixi və
tərtib edən şəxs (şəxslər), fəaliyyətin öyrənilməsinin əhatə etdiyi
sahələr (sənədlər), aşkar olunmuş pozuntular və ya çatışmazlıqlar
(o cümlədən QHT-nin fəaliyyətinin öyrənilməsi çərçivəsində cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
nəzarət orqanı funksiyalarının həyata keçirilməsinin nəticələri),
QHT-nin fəaliyyətinin təkmilləşdirilməsi və ya aşkar olunmuş
çatışmazlıqların aradan qaldırılması barədə tövsiyələr,
pozuntularla bağlı görülməsi zəruri olan tədbirlər üzrə təkliflər
əks olunur. Qurumun fəaliyyətinin öyrənilməsi nəticəsində QHT
barədə qanun pozuntusunun aşkar olunmaması haqqında, inzibati
xətanın əlamətləri aşkar olunduqda, İnzibati Xətalar Məcəlləsində
müəyyən edilmiş müddətlərdə və qaydada inzibati xəta haqqında iş
üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan
qaldırılması haqqında, cinayət əlamətləri aşkar edildikdə,
toplanmış materialların aidiyyəti üzrə prokurorluğa, təhqiqat və ya
istintaq orqanlarına göndərilməsi haqqında, digər pozuntular aşkar
edildikdə, toplanmış materialların qanunvericiliklə nəzərdə tutulan
tədbirlərin həyata keçirilməsi və aşkar olunmuş pozuntuların aradan
qaldırılması məqsədilə aidiyyəti qurumlara göndərilməsi haqqında və
QHT-yə yazılı xəbərdarlığın edilməsi və pozuntuların aradan
qaldırılmasına dair göstərişin verilməsi haqqında qərarlar qəbul
oluna bilər.QHT-nin fəaliyyətinin öyrənilməsi üzrə akt tərtib
olunduqdan sonra aşkar olunmuş pozuntular və çatışmazlıqlar barədə
məlumat QHT-nin "Fərdi elektron kabineti"ndə yerləşdirilir və onun
ünvanına göndərilir. QHT onun fəaliyyətinin öyrənilməsi nəticəsində
aşkar olunmuş pozuntular və ya çatışmazlıqlar barədə
məlumatlandırıldıqdan sonra 30 günədək müddətdə onların aradan
qaldırılması barədə ədliyyə orqanına məlumat verməlidir.