Ana səhifə Gündəm |
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondu yarandığı vaxtdan bir sıra maarifçilik tədbirləri ilə yanaşı,
"İlboyu bilik" proqramı üzrə "Qardaşlaşmış məktəblər" layihəsini
həyata keçirir. Artıq layihə üzrə Azərbaycanın müxtəlif
rayonlarında yerləşən 41 məktəb arasında "Qardaşlaşma saziş"i
imzalanıb.
Axar.az xəbər verir ki, Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə "Qardaşlaşmış məktəblər" layihəsi ilk dəfə olaraq, Azərbaycan məktəbliləri ilə yanaşı, Türkiyə və Rusiya məktəblilərinin iştirakı ilə gerçəkləşir. Layihə 2016-cı il fevralın 13-dən 16-dək davam edəcək.
Fevralın 13-də Moskva şəhəri 1273 nömrəli ingilis dili təmayüllü
məktəbin, Ankara şəhəri "Heydər Əliyev ilkokulu"nun, Bakı şəhəri
189-190 nömrəli tam orta məktəbin və Bakı Slavyan Universitetinin
Məktəb-Lisey Kompleksinin şagirdləri Fəxri Xiyabanda Ümummilli
Lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət
ediblər.
189-190 nömrəli tam orta məktəblə tanış olan şagirdlər Bakı
Slavyan Universitetində "Multikulturalizm Azərbaycanda həyat tərzi
kimi - öyrən, araşdır, paylaş - 2016" Beynəlxalq Multikulturalizm
Qış məktəbinin iştirakçıları ilə görüşərək birlikdə universitetin
muzeyində, "Azərbaycanşünaslıq" Tədris Mədəniyyət Mərkəzində,
Rusiya Tədris-Mədəniyyət Mərkəzində, Türkiyə Araşdırmaları
Mərkəzində olublar. Universitetin elm və mədəniyyət ocaqları ilə
tanışlığın ardından BSU-nun Akt zalında "Qardaşlaşma Sazişi"nin
imzalanması mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik
Kamal Abdullayev rus, türk və azərbaycanlı məktəbliləri
salamlayaraq, qardaşlaşma təşəbbüsünün müasir dünya insanının ən
böyük arzusu olan sülh və əmin-amanlığa xüsusi töhfə verdiyini
deyib: "Müxtəlif millətlərin dost və qardaş kimi yaşadıqları
ölkəmizdə, paytaxtımız Bakıda sizin təşəbbüsünüzlə təhsil
aldlığınız doğma məktəblərinizi qardaşlaşdırmaq istəyinizi nəcib və
şərəfli fəaliyyət kimi dəyərləndirmək olar".
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa
Həbibbəyli Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsinin öz
məramına görə cəmiyyətdə böyük marağa səbəb olduğunu deyib: "Bu gün
Azərbaycan, Rusiya və Türkiyə məktəblilərinin qardaşlaşması həm də
xalqların gələcəyinə aparan yolun daha işıqlı və aydın olmasına
kömək edir".
Məktəblilərə Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq
Qrupunun rəhbəri Dmitri Savelyevin, Türkiyə-Azərbaycan
Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Ünüvarın, Moskva
İqtisadiyyat və Hüquq Akademiyasının prorektoru, professor O.
Zaytsevin təbrikləri çatdırılıb.
Avroviziya-2011 mahnı müsabiqəsinin qalibi, Bakı Slavyan Universitetinin məzunu Eldar Qasımovun çıxışı ilə açıq elan edilən bədii hissədə iştirakçılar Möskvalı şagirdlərinin, Dövlət Uşaq Filarmoniyasının və Nardaran məktəblilərinin hazırladıqları maraqlı konsert proqramını izləyiblər. "Qardaşlaşma sazişi" imzalayan məktəblilər və Beynəlxalq Multikulturalizm Qış məktəbinin iştirakçıları ilə "Yallı" rəqsini oynayıblar.
Layihə iştirakçıları ilkin təəssüratlarını bölüşüblər.
Ankara şəhəri "Heydər Əliyev ilkokulu"nun 8-ci sinif şagirdi
Yonca Acun Bakıya ilk dəfə gəldiyini deyib: "Şəhərinizi çox
bəyəndim. Bu layihəyə qatıldığım üçün özümü xoşbəxt hiss edirəm. Bu
gün bizim üçün çox önəmli bir qardaşlaşma sazişi imzaladıq.
İnanıram ki, Bakıdan başlayan bu dostluq və qardaşlığımız bir ömür
boyu sürəcək".
Moskva şəhəri 1273 nömrəli ingilis dili təmayüllü məktəbin 10-cu
sinif şagirdi Aleksandr Drozdov qısa zamanda gözəl təəssüratlar
qazandığını vurğulayıb: "Qardaşlaşmış məktəblər" layihəsini çox
bəyəndim. Bakıda olduğumuz ilk gün Bakının bir neçə məkanını gəzmək
imkanımız oldu. Şəhəriniz çox gözəldir, insanlar da
mehribandırlar". Onun sinif yoldaşı Andrey Kantor da Bakıya
səfərinin onda böyük təəssüratlar oyatdığını deyib: "Hələ
səfərimizin ilk günüdür, amma buna baxmayaraq, məndə çox müsbət
emosiyalar yaranıb. Azərbaycanlıların istiqanlı olduqlarını
bilirdim, amma bu qədər gözəl qarşılanacağımızı heç gözləmirdim.
tanış olduğum yaşıdlarımın bizə səmimi və dostcasına davranması
məni təsirləndirdi. Biz belə möhtəşəm beynəlxalq layihəyə
qoşulmaqla özümüzə təzə dostlar qazandıq".
Həmin məktəbin direktoru Mixail Aleksandroviç Popov
"Qardaşlaşmış məktəblər" layihəsi sayəsində yeni uğurlu
əməkdaşlıqlara imza atılacağına inandığını söyləyib: " Məktəblərin
dostluğu həm də bizim mədəniyyətlərimizin qovuşmasıdır. Bakıda
gördüklərimiz bizi heyran etdi".
Ankara şəhəri "Heydər Əliyev ilkokulu"nun 8-ci sinif şagirdi
Mehmet Eren Balasar azərbaycanlı yaşıdlarının ev sahibliyindən çox
məmnun qaldığını bldirib: "İlk dəfədir Bakıda oluram, amma
insanların səmimiliyinə və qoonaqpərvərliyinə heyran qaldım. Belə
bir layihənin həyata keçirilməsi biz məktəbliləri dostluq və
qardaşlıq telləri ilə bir-birimizə bağlayır".
Həmin məktəbin müdiri Necattin Şengezer bu layihənin məktəblər
arasında dostluq körpüsü yaratdığını bildirib: "Biz bu dostluq
körpüsü vasitəsilə daim əlaqədə olacağıq. Əminəm ki, bu günkü
dostluğu şagirdlərimiz hər zaman davam etdirəcəklər. Biz Bakını çox
sevdik".
Fevralın 14-də qardaş məktəblərin şagirdləri əvvəlcə Heydər Əliyev Mərkəzini ziyarət etdikdən sonra şəhər gəzintisinə çıxacaq, Bakının görməli yerləri və tarixi abidələri ilə tanış olacaqlar.
Fevralın 15-də Səbail rayonundakı 6 nömrəli tam orta məktəbdə
"Qardaşlaşmış məktəblər" layihəsinə qoşulmuş Bakı, Moskva və Ankara
məktəbliləri ilə görüş keçiriləcək.
Sonra uşaqlar Rusiya Mədəniyyət Mərkəzində, Yunus Əmrə Türk Mədəniyyət Mərkəzində keçiriləcək tədbirlərə qatılacaqlar.
Qardaşlaşmış məktəblilər Beynəlxalq Multikulturalizm Qış məktəbinin iştirakçıları ilə bir yerdə yekun mərasimdə iştirak edəcəklər. Layihə iştirakçısı olan şagirdlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti qəbul olunacaq. Məktəblilərə sertifikat və hədiyyələr təqdim olunacaq.
Tarix
2016.02.13 / 21:51
|
Müəllif
Axar.az
|