Ana səhifə Gündəm |
IV Qlobal Bakı Forumu çərçivəsində "Yekun Plenar
Sessiya: XXI əsrdə qurulmaqda olan çoxqütblü dünyanın
münaqişələrindən necə yan keçməli?" mövzusunda son panel
keçirilib.
APA-nın məlumatına
görə, panelin aparıcısı Kanadanın sabiq baş naziri Jan Kretyen
bildirib ki, forum çox maraqlı və məhsuldar keçib: "Burada edilən
çağırışlar, söylənən fikirlər əhəmiyyətli oldu".
İSESCO-nun baş katibi Əbdüləziz Əl-Tüveycri isə forumda müzakirə
olunan mövzulara, xüsusilə Suriya məsələsinə münasibətini bildirib.
O, problemin yaranmasının səbəbkarı kimi Rusiya və İranı göstərib:
"Axı Rusiya və İrana kim səlahiyyət verib ki, öz hərbçiləri ilə
Suriyada diktator rejimi dəstəkləyir?! Orada faktiki olaraq
diktatura hökm sürür və insanlar o rejimi istəmədikləri üçün
ölkəsindən didərgin düşüblər. Biz İran və Rusiyadan bunu
soruşmalıyıq. İran istəyir ki, Orta Şərqdə üstünlük əldə etsin və
Rusiya da ona dəstək verir. Rusiya inqilabçılara yox, inqilaba zidd
gedənlərə dəstək verir. Axı İŞİD nədir ki, onu məhv etmək mümkün
deyil?! Ona dəstək verirlər. Bütün bu problemlərin yaranmasında
əsas günahkar Rusiya və İrandır".
Öz növbəsində Bolqarıstanın keçmiş prezidenti Petr Stoyanov forumun
yüksək səviyyədə təşkili üçün Azərbaycan prezidentinə, Diasporla İş
üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. O qeyd edib ki,
Forumda aparılan dialoqlar davamlı və daha güclü olmalıdır: "Çünki
dünya hazırda yaşanan münaqişələr, dini qarşıdurmalar fonunda bu
olduqca vacibdir. İnsanlar bu gün yaxşı həyat axtarışındadır və biz
bunu düşünməliyik. İslam və xristian dünyası arasında bölünməz
dostluq bu problemləri kökündən həll edəcək".
Bosniya və Herseqovinanın Prezident Şurasının serbiyalı üzvü Mladen
İvaniç isə forumda miqrantlarla bağlı aparılan dialoqa diqqət
çəkib. O qeyd edib ki, Avropada miqrantlara qarşı bir qorxu
yaranıb, bu üzdən dövlətlər sərhədləri bağlayır: "Amma bu,
problemdən çıxış yolu deyil". O bu problemin həllinə Rusiyanı da
cəlb etməyi təklif edib. İvaniç eyni zamanda miqrantlar probleminin
həlli ilə bağlı ayrıca Nobel mükafatının təsis edilməsi təklifi
irəli sürüb.
Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri Vaira Vike-Frayberqa isə forumu yüksək dəyərləndirib və
növbəti ildə də belə bir forumun gözlənildiyini deyib. Sabiq
prezident forumda müzakirə olunan Suriya məsələsinə də toxunaraq
İŞİD üzvlərini vəhşi heyvan adlandırıb.
Panel müzakirələri yekunlaşıb.
Bununla da IV Qlobal Bakı Forumu başa çatıb.
Tarix
2016.03.11 / 19:31
|
Müəllif
Axar.az
|