Sentyabr ayında Bakıda keçiriləcək ADEX – 2014 Müdafiə
Sənayesi Sərgisində 20-ə yaxın Türkiyə şirkəti iştirak
edəcək.
"Axar.az"ın verdiyi xəbərə görə, bunu jurnalistlərə
açıqlamasında Türkiyənin Müdafiə Sənayesi Katibliyinin Beynəlxalq
Əməkdaşlıq İdarəsinin rəhbəri Yaqub Daşdələn bildirib.
Onun sözlərinə görə, ADEX–2014 sərgisi tək Azərbaycan üçün
deyil, Türkiyə üçün də böyük əhəmiyyət daşıyır:
"Dünyada hər il 250-ə yaxın Müdafiə Sənayesi Sərgisi keçirilir.
Bunların əksəriyyətində Türkiyə ancaq heyət səviyyəsində təmsil
olunur. Bu sərgilərin az bir hissəsində daha geniş tərkibdə milli
iştirak təmin olunur. ADEX–2014 sərgisi də məhz belə sərgilərdən
olacaq. Bu sərgidə Türkiyədən 20-ə yaxın şirkətin də iştirakı
nəzərdə tutulub. Onların iştirakı dövlət səviyyəsində dəstəklənir.
İnanırıq ki, bu sərgi sayəsində Türkiyənin istehsalı olan müdafiə
sənayesi məhsullarını daha geniş səviyyədə tanıda biləcəyik".
Y.Daşdələn bildirib ki, ADEX – 2014 çərçivəsində Azərbaycan və
Türkiyə arasında yeni müqavilələrin imzalanmasından danışmaq hələ
tezdir.
"Sərgi çərçivəsində Azərbaycanın maraqları öyrəniləcək və yalnız
bundan sonra müqavilələrin imzalanması reallaşa bilər".
İdarə rəhbəri onu da bildirib ki, Azərbaycan Türkiyənin ən yeni
hərbi texnikası olan "Samur" hərbi maşınını və "Atak" helikopterinə
maraq göstərir.