Azərbaycanın Rusiyadakı
səfirliyi dünən Zelenoqrad şəhərində 14 yaşlı əlil məktəblinin
döyülməsi faktı ilə bağlı məlumat yayıb.
Səfirlik mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumatda,
1999-cu il təvəllüdlü Kazımov Rövşən Müzəffər oğlunun noyabrın 1-də
12 nömrəli sərnişin avtobusunda qəddarcasına döyüldüyü
bildirilib.
Qeyd olunur ki, avtobusun sərnişinlərindən biri yeniyetmənin
ünvanına onun qeyri-slavyan görkəmli olması ilə bağlı təhqiredici
ifadələr səsləndirib: "Bu zaman fiziki cəhətdən məhdud imkanları
olan yeniyetmə ona cavab qaytarıb. Həmin sərnişin yeniyetməni
döyməyə başlayıb və onun başına və bədəninə zərbələr endirib. Bu
zaman avtobusda olan sərnişinlərdən yalnız Aqafonova Tatyana
Anatoliyevna yeniyetmənin döyülməsinə reaksiya verib.Qalan sərnişinlər isə bu hadisəni
görməməzlikdən gəliblər. Tatyana sərnişinləri yeniyetməni
xuliqanın əlindən almağa
köməyə çağırsa da, heç kəs köməyə gəlməyib. Tatyana qışqırmağa və
polisi yeniyetmənin müdafiəsinə çağırmağa başlayanda, xuliqan
yeniyetməni vurmağı dayandırıb. Xoşbəxtlikdən sürücü
avtobusu düz polislərin
yanında saxlayıb və polislər hadisəyə müdaxilə ediblər".
Bildirilir ki, hadisədən xəbər tutan səfirliyin əməkdaşları
noyabrın 2-də həmyerlimizi Morozovski uşaq xəstəxanasında tapıblar:
"Müəyyən olunub ki, Kazımov Rövşən Müzəffər oğlu məlum hadisə
nəticəsində kəllə beyin və göz travması alaraq həmin xəstəxanaya
yerləşdirilib. Onun gözdən əlil olduğu və gözdən əlillər üçün
xüsusi məktəbə təhsil aldığı da məlum olub. Səfirliyin əməkdaşı
yeniyetmə ilə söhbət edblər, hadisənin təfərrüatları barədə məlumat
əldə ediblər. Yeniyetmənin anası Kazımova Aygün Yusif qızı ilə
söhbət zamanı onların 10 ilə yaxın müddətdə Zelenoqrad şəhərində
yaşadıqları və məlum hadisə nəticəsində onun görmə qüsurlu olan
oğlunun görmə qabiliyyətinin başına aldığı çox saylı zərbələr
nəticəsində 1 faizə düşdüyü məlum olub. Anası oğlunun görmə
qabiliyyətini tamamilə itirdiyini bildirib".
Məlumata görə, Azərbaycanın Rusiyadakı səfirinin tapşırığı ilə
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) nümayəndəsi Rusiya
DİN-dən olan həmkarları ilə əlaqə yaradıb və məlum hadisə barədə
onları məlumatlandıraraq hadisənin səfirliyin nəzarətində olduğunu
bildirir: "Bu gün səhər saatlarında Rövşən Kazımov həkimlərin
icazəsi ilə Şelenoqrad şəhərinin Matuşkini və Savelki rayon polis
idarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə şəbəsinin
müfəttişlərinə ifadə verib. Faktla bağlı araşdırmalar aparılır.
Azərbaycanın Rusiyadakı səfirliyi məlum hadisəni nəzarətdə
saxlayır. Azərbaycan DİN-in nümayəndəsi Rusiya DİN-dən olan
həmkarları ilə daim əlaqədədir".(anspress)