Ukraynada vəziyyət nəzarətdən çıxıb. Heç kim hökumətin
atdığı addımlarla razılaşmır. Müxalifət də öz etibarını Maydanda
itirib. Lakin əsas diqqət ediləsi məqam Rusiyadır. Nədənsə Rusiya
susub. Bununla bağlı tanınmış Rusiya politoloqu Qriqoru Trofimçuka
müraciət etdik. Ona hazırda ən çox cavab axtarılan üç sualı
verdik.
- Rusiya həqiqətənmi Ukraynanı itirdi?
- Zbiqnev Bjezinskinin ən böyük arzusu reallaşdı. 21 fevral
2014-cü ildə Yanukoviçlə "kaputilyasiya aktı"nın imzalanmasından
sonra Rusiya Ukraynanı itirdi. Amma hələ bu, son deyil. Lukinin
Kiyevə səfərindən (bir vədələr Çernomırdinin Yuqoslaviyaya səfəri
kimi) sonra Rusiyanın bu şansının qalıb-qalmayacağı
aydınlaşacaq.
Qərar məmurların istəyincə yox, siyasi olmalıdır. Qərar -
postsovet məkanının böyük bir hissəsini müharibə, dağıntılar və
xaosdan qorumağa imkan verməlidir. Tam inamla deyə bilərəm ki,
qərarlar prinsipcə var. Sadəcə olaraq, onlar idarəedici orqanlarda
əyləşən məmurlar, iqtisadçılar, hüquqşünasların başında yoxdur.
Ona görə də hazırkı məqamda Bjezinski əsas simadır. Rusiyanın
hələ ki, öz "Bjezinskisi" hərəkətə keçməyib.
Qeyri-müharibə xarakterli qərara gəlincə isə, yalnız bir şeyi
məsləhət görə bilərəm. Ukraynanın qərbində yaşayan milyonlarla
normal insana diqqət edin. Bu insanları "kəsilib atılmış bir parça"
hesab edib, heç kim onlarla işləmir. Bu isə ən böyük səhvdir.
Avropa İttifaqında isə bu çoxmilyonlu ac kütləni heç kim yemləmir.
Ona görə də əsl siyasətçi hazırda Ukrayna məsələsini "diplomatik",
formal və boş yolla həll etməkdənsə, sosial rifaha yer ayırardı. Bu
isə çoxları üçün gözlənilməz gediş olardı.
- Rusiya bundan sonra Qərbə qarşı adekvat addım ata
bilərmi?
- Düzünü desəm, yox. Bu addımı biz gözləyə bilmərik. Biz bunu
Yuqoslaviyada, İraqda, Liviyada və digər yerlərdə gözləyirdik. Amma
heç yerdə müşahidə edə bilmədik. Çox təəssüf ki, burada da
görməyəcəyik. Problem ondadır ki, müasir Rusiya qərb
sivilizasiyasının bir parçasıdır. Əgər kimsə unudubsa, deyə
bilərəm. Moskva liberaldır. Artıq köhnə sovet Moskvası deyil və
bunları da artıq qarışdırmaq lazım deyil. Bununla da Qərb Putini
diktator, ruslar isə demokrat (bu rusların başa düşdükləri
"demokrat" anlayışıdır) hesab edirlər. Kaş bu tərsinə olardı.
Ukrayna ABŞ və NATO-nun Rusiyanı yoxlamaq üçün sonuncu testidir.
Onlar bu testdə sonuncu dəfə öyrənməyə çalışırlar ki, Rusiya özünü
nə dərəcədə müdafiə etməyə hazırdır. Ukrayna testi bir daha
göstərdi ki, Rusiya yenə də Ukraynadakı siyasi böhranı Qərb
ssenarisinə görə həll etməyə hazırdır. Əsas odur ki, onun özünə
toxunmasınlar. Rusiya SSRİ-nin bir zaman özünü müdafiə etmək üçün
yaratdığı bütün müdafiə baryerlərinin hamısını əldən verdi. İndi
isə hər şey o məqama çatıb ki, bundan belə o özünü müdafiə etməkdən
ötrü döyüşəcək. Artıq öz təhlükəsizliyini siyasi, qeyri-hərbi yolla
təmin etmək alınmayacaq. Qərb qəsdən Rusiyanı bu istiqamətə,
xüsusilə də Ukraynaya doğru itələyir. Əgər Rusiya, sadəcə, sözlərdə
belə Ukraynaya öz qoşunlarını yeritməyini bəyan etsəydi, bu,
Vaşinqton üçün hədiyyə olardı.
- Yəni Ukrayna parçalanacaq…
- Ukrayna bu məqamda ərazisinin parçalanmasına çox yaxındır.
Problem orasındadır ki, rəsmilər siyasətçi düşüncəsinə malik
deyillər. Məsələn, Xarkovu az qala ölkənin şərqinin paytaxtı elan
edən yerli rəsmilər nə etdiklərini anlamırlar. Qısası, bu dəqiqə
Ukraynanın bütövlüyünü qorumaq olar, amma rəsmilərin rəhbərliyi
altında yox.
Burada başqa bir şeyi də söyləmək olar. Ukrayna hamının bildiyi
iki klassik hissəyə "Qərb" və "Şərq"ə bölünməyəcək. Ən azından 5
hissə nəzərdə tutulub. Hər kəs Krım və Donbas haqqında danışır.
Amma nədənsə heç kim bir başa Ukraynanın ürəyində yerləşən
"Respublika Podkarpatskoy Rus"u yadına salmır və heç xatırlamaq da
istəmir.
Mənə görə, Krım da çox təhlükəli yerdir. Hər şeydən öncə Rusiya
və özü üçün təhlükəlidir. Krım rəsmiləri unudurlar ki, Krım Cənubi
Osetiya deyil. Hətta vətəndaşların əllərində rus pasportları olsa
belə, burada vəziyyət tamam ayrı cür olacaq.
Hələ ki, Ukrayna bütövdür. Ukraynanı xilas etmək olar, amma
görünür, bunun haqqında hələ heç kim fikirləşmir. İlk növbədə isə
bura Ukrayna hakimiyyətini aid etmək olar. Rusiyaya gələndə isə
onun üçün ən sərfəli variant bütöv, stabil, güclü Ukraynadır. Yerdə
qalan bütün hallarda Rusiya, sadəcə, öz cənub-şərqində böyük bir
xaosla qarşı-qarşıya qalacaq. Xeyli rus "eskperti" uzun zaman
ukraynalıların ləhcəsi və dilinə gülüblər. İndi cəsədlərinizi
götürün və imzalayın. İsti "piy" isə bir azdan reallıqda olmayan
bütün Rusiya-Ukrayna sərhədi boyunca axacaq.