Dünya Azərbaycanlılarının IV Qurultayından sonra
Gürcüstanda yaşayan azərbaycanlılar daha bir təşkilat yaradıblar.
Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı adlanan yeni təşkilat
bu ölkədəki azərbaycanlı müəllimləri, elm və təhsil işçilərini
ətrafında birləşdirəcək.
Axar.az xəbər verir ki, iyunun 16-da Tbilisidəki M.F.Axundzadə
adına Azərbaycan Mədəniyyəti Muzeyində yeni təşkilatın təqdimatı
olub.
Muzeyin direktoru Leyla Əliyeva tədbiri açdıqdan sonra
təşkilatın sədri, Qardabani rayon Kəpənəkçi kənd məktəbinin
müəlliməsi Səadət Quliyeva yeni yaratdığı qurum barədə məlumat
verib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Dünya
Azərbaycanlılarının IV Qurultayındakı tarixi nitqindən sonra
Gürcüstandakı ziyalılarımız bu ölkədəki soydaşlarımızın daha da
təşkilatlanması, birliyinin möhkəmlənməsi üçün yeni bir qurumun -
Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının yaranması barədə
qərar qəbul ediblər. Bu ittifaq, həmçinin Gürcüstandakı müəllim
çatışmazlığı, kadr problemi, gənclərin və yeniyetmələrin cəmiyyətə
inteqrasiyası, gürcü və azərbaycanlı məktəblər arasında əlaqələrin
möhkəmlənməsi sahəsində də mühüm işlər görəcək.
Sonra professor Kamal Hacıxəlilov, Azərbaycanlıların Mədəniyyət
Mərkəzinin sədri Fazil Həsənov, Gürcüstan parlamentinin deputatları
Azər Süleymanov, Əli Məmmədov, Gürcüstanın barış və vətəndaş
bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur
Darğallı, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin fəxri
üzvü Əli Abbas və başqaları çıxış edərək təşkilatın yaranma
zərurətindən danışıblar. Bildirilib ki, bu gün Gürcüstandakı
azərbaycanlı müəllimlərin 80 faizini yaşlı insanlar təşkil edirlər.
Qalan 20 faizi isə gənclərdir və onlar da tədricən pedaqoji
fəaliyyətdən uzaqlaşırlar. Bu gün Gürcüstanda azərbaycanlı kadr
çatışmazlığı, gənc müəllimlərin məktəblərdən uzaqlaşması, yeni
nəslin bu sahəyə marağının azalması yeni bir təşkilatın yaranması
zərurətini yaradıb. Bildirilib ki, bu təşkilat sadalanan
problemlərin həllində mühüm rol oynayacaq.
Çıxışlarda bir fikir xüsusi vurğulanıb ki, yeni yaranmış
təşkilat Gürcüstanda yaşayan soydaşlarımızın azərbaycançılıq
ideyası ətrafında daha sıx birləşməsində mühüm rol oynayacaq.
Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının sədri Səadət
Quliyeva jurnalistlərə müsahibəsində deyib: "Gürcüstanda yaşayan
müəllimlərimizin vahid amal ətrafında birləşməsinə nail olmaq üçün
yaratdığımız İttifaq gürcü-azərbaycanlı dostluğunun inkişafına,
kadr problemlərimizin, azərbaycanlı şagirdlərin dərslik və digər
problemlərinin həllində də mühüm rol oynayacaq. Biz Azərbaycan
Prezidenti İlham Əliyevin qurultaydakı çıxışını diqqətlə izlədik.
Bu, bizim üçün birliyə bir çağırış idi. Biz də bu çağırışa
qoşuluruq və tarixi Vətənimiz Azərbaycan ətrafında daha sıx
birləşəcəyik".
Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət
nazirinin müşaviri Zaur Darğallı isə bildirib ki, bu gün yeni bir
ittifaqın - azərbaycanlı müəllimlər birliyinin yaradılması olduqca
vacibdir. Gürcüstan hökuməti dostluğa, cəmiyyətin inkişafına,
azərbaycanlıların inteqrasiyasına xidmət edən bu cür təşkilatların
yaranması dəstəkləyir.