Azərbaycanın müharibə veteranları - İkinci Dünya
müharibəsinin iştirakçıları Ermənistana səfər edən Roma papası
Fransiskə müraciət qəbul ediblər.
Axar.az müraciətin mətnini tqdim edir:
"Zati müqəddəsləri!
Azərbaycanın və Vatikanın dünyaya sivilizasiyalar və dinlərarası
dialoq naminə əməkdaşlıq nümunəsi nümayiş etdirdikləri bir vaxtda
bizim qonşumuz Ermənistanda dövlət səviyyəsində faşist ideyalarının
təbliğatı aparılır. Hələ ötən il – faşizm üzərində tarixi qələbənin
70 illik yubileyi ərəfəsində biz, İkinci Dünya müharibəsinin
veteranları, Ermənistanda Hitler nasizmi ilə əlbir olan şəxslərin
qəhrəmanlaşdırılması ilə bağlı həyəcan təbili çalmışdıq. Hitler və
Himlerin yaxın ətrafına daxil olan Drastamat Kanayan (general Dro)
və Qaregin Ter-Arutunyanın (general Njde) təmizə çıxarılması üçün
Ermənistanın bütün imkanlardan istifadə etdiyini ürək ağrısı ilə
Sizin diqqətinizə çatdırmaq istəyirik. Qısaca xatırladaq ki,
Ukrayna və Polşada on minlərlə insanın qətli, yəhudilərə və nasist
ideologiyasının düşmən gördüyü digər xalqlara qarşı cinayətlər,
əsir düşərgələrində kütləvi qətllər bu "milli qəhrəman"ların
vicdanına yazılmalıdır. Yerevanın mərkəzində faşizm canisinin
xatirəsinin əbədiləşdirilməsi mərasimində şəxsən Ermənistan
prezidenti Serj Sarkisyan da iştirak edib. Halbuki o, bir il əvvəl
faşizmdən zərər çəkən ölkələrin liderləri ilə bərabər Moskvada
keçirilən Qələbə paradında iştirak etmiş və bu ilin mayında
Ermənistanda İkinci Dünya müharibəsi qurbanlarının xatirəsini "yad
etmişdi".
Zati müqəddəsləri!
Bu gün dünya faşizmin istənilən təzahürlərini qınayır. 2015-ci
il dekabrın 17-də BMT Baş Məclisi "Nasizmin qəhrəmanlaşdırılması və
neonasizmin, irqçiliyin, ksenofobiyanın, dözümsüzlüyün müasir
formaları ilə mübarizə" adlı 70/139 saylı qətnamə qəbul edib. Bu
qətnaməyə səs vermiş Ermənistanda isə faşizmin sıralarına qoşulmuş
insanların şəxsiyyəti ətrafında kult yaradılır, nasist caniləri Dro
və Njde haqqında filmlər çəkilir, onların şərəfinə pul buraxılır,
adlarına küçə, meydan, metro stansiyası verilir, abidələri
ucaldılır. Beynəlxalq ictimaiyyət tərəfindən buna hər hansı
reaksiya verilməməsi bizi təəccübləndirir. Bu, faşizmin
qurbanlarının xatirəsini ələ salmaq deyilmi? Faşizmlə müharibənin
bütün acılarını yaşamış, döyüş yoldaşlarını itirmiş bizlər nasist
canilərin qəhrəmanlaşdırılmasını ürək ağrısı ilə izləyirik.
Ermənistanın bütün dünyaya meydan oxuyan bu addımları bizi
hiddətləndirir. Əminik ki, Siz Ermənistanın simasında faşist
ideologiyası kimi ümumi düşmənin yenidən dəb salınması cəhdlərinə
qarşı səylərinizi əsirgəməyəcəksiniz. Çox ümid edirik ki, bizim
səsimiz zati müqəddəsləriniz tərəfindən eşidiləcək. Xahiş edirik
ki, Ermənistan rəhbərliyinə təsir göstərərək nasist canilərin
reabilitasiyası və xatirələrinin əbədiləşdirilməsi cəhdlərinin
qarşısını alasınız və xüsusən faşist ordusunun generalı Qaregin
Njdenin abidəsinin demontajına nail olasınız".
Müraciəti Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı
Qüvvələr Veteranları Şurasının sədri Dadaş Rzayev, İkinci Dünya
müharibəsinin iştirakçıları – Tofiq Ağahüseynov, Ağadadaş Səmədov,
Mariya Rzayeva, Aleksandr Qritçenko, İsmayıl Fərəcov, Qara Sarıyev,
Sofiya Cəfərova, İsmayıl İbrahimov, Lev Moxin, Vasili Şevtsov,
Atabala Hacıyev və digərləri imzalayıb.