Yuxarı

Şaranın Azərbaycan səfəri: Vacib olan məqamlar hansılardır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada hakimiyyət dəyişikliyindən sonra keçid dövrünün Prezidenti Əhməd əş-Şaranın Azərbaycana səfəri bu ölkənin xarici siyasət kursunda xüsusi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Azərbaycan Əhməd əş-Şaranın prezident postuna gəldikdən sonra üz tutduğu ilk ölkələr arasındadır. Bunun arxasında birdən çox mühüm amil dayanır.

Birincisi, Azərbaycanın Suriya münaqişəsində neytral və barışdırıcı mövqe sərgiləməsi, eləcə də əvvəldən bu ölkənin ərazi bütövlüyünü dəstəkləməsidir. 13 illik vətəndaş müharibəsindən sonra ərazi bütövlüyünü qoruyan Suriya üçün etibarlı tərəfdaşlar tapmaq və beynəlxalq münasibətlər sistemində mövqelərini qorumaq lazımdır. Azərbaycan sərgilədiyi mövqe ilə Suriya üçün etibarlı tərəfdaş olduğunu nümayiş etdirib.

İkincisi, müharibənin başa çatması və hakimiyyət dəyişikliyindən dərhal sonra Suriya xalqının humanitar problemlərinin həlli və dağılmış ölkənin bərpasında Azərbaycanın Türkiyə ilə yanaşı, ilk yardım edən ölkə olmasıdır. Azərbaycan 44 günlük müharibədən sonra işğaldan azad edilmiş ərazilərimizin bərpa-quruculuq işlərində böyük təcrübə qazanıb. Bu, Suriya üçün həm təcrübə, həm də praktiki müstəvidə faydalı ola bilər.

Əhməd əş-Şaranın Bakıya səfəri Azərbaycan-Suriya əlaqələrində yeni dövrün başlanğıcı kimi qiymətləndirilə bilər. Əslində iki ölkənin tarixi münasibətləri mövcud olub, lakin Əsəd rejimi bu əlaqələri sıradan çıxarmışdı. Əsəd rejiminin anti-Azərbaycan mövqeyinin kökündə Ermənistanla “qardaşlıq münasibətləri” dayanırdı. Bu “qardaşlıq” Ermənistanın əvvəlki hakimiyyəti dövründə də mövcud olmuşdu, Nikol Paşinyanın dövründə də. Özünü “demokrat” adlandıran, Qərblə tərəfdaşlıq siyasətini apardığını iddia edən Paşinyan hakimiyyətinin öz xalqını qətlə yetirən Əsədin əsas dəstəkçilərindən olub. Bununla yanaşı, Suriyadakı ermənilər rejim qüvvələrini dəstəkləyirdi, Əsəd isə 44 günlük müharibədə Ermənistana muzdlu döyüşçülərin göndərilməsini təmin etmişdi.

Əsədin devrilməsi Ermənistanın Yaxın Şərqdə ciddi strateji itkilərlə üz-üzə qoydu. Azərbaycan isə Suriya xalqının yanında olmağı seçdi və bu ölkənin ərazi bütövlüyünə dəstək verməklə post-Əsəd dövründə mövqelərini gücləndirdi. Əsədin devrilməsi və Əhməd əş-Şaranın hakimiyyətə gəlişindən sonra Azərbaycanın Suriya siyasətində nəticəyə hesablanmış addımları diqqət çəkir.

- Azərbaycan müharibədən sonra Suriyanın bərpası və quruculuq prosesinə Türkiyə ilə birlikdə töhfə verməyə hazır olduğunu bəyan etdi;

- Daha sonra Bakıdan Dəməşqə heyətlər göndərdildi: Prezident İlham Əliyevin tapşırığı ilə baş nazirin müavini Samir Şərifovun rəhbərliyi ilə nümayəndə heyəti, həmçinin, Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Suriyaya səfər etdi. Bu səfərlər zamanı həm Bakı-Dəməşq münasibətlərinin yeni dövrü, həm də Azərbaycanın Suriyanın yenidən inşa edilməsində verə biləcəyi töhfələr müzakirə olundu;

- Prezident İlham Əliyevin Antalya Diplomatik Forumunda Əhməd əş-Şara ilə görüşündə də ikitərəfli münasibətlərin bütün istiqamətlərdə inkişafı müzakirə edildi: həmin görüşdə dövlət başçısı Suriya prezidentini ölkəmizə səfərə dəvət etmişdi.

Əhməd əş-Şaranın Azərbaycana səfəri Prezident İlham Əliyevin dəvəti ilə baş tutur. Və Suriya üçün bu səfər həm gələcəyinin iqtisadi və siyasi müstəvidə inşasına dəstək əldə etmək, həm də beynəlxalq müstəvidə mövqelərini bərpa etmək məqsədi daşıyır. Çünki Azərbaycan Suriyada təkcə humanitar işlərdə iştirak etmir, həm də bu ölkə də daxil olmaqla ümumilikdə Yaxın Şərqin təhlükəsizlik arxitekturasının qurulmasında həlledici rola malikdir.

Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa edəndən sonra xarici siyasət konsepsiyasını qlobal müstəviyə keçirərək, fərqli istiqamətlərdə - Avropadan Mərkəzi Asiyaya, eləcə də Yaxın Şərqə qədər uzanan coğrafiyada fəallıq nümayiş etdirir. Prezident İlham Əliyevin nüfuzu və strateji addımlar həm bu coğrafiyalarda problemlərin həll edilməsi, həm də Azərbaycanın yeni tərəfdaşlar qazanması ilə nəticələnib. Bu kontekstdə Yaxın Şərq Azərbaycanın xarici siyasət konsepsiyasında əsas istiqamətlərdən biridir. Bu coğrafiyada Azərbaycanın barışdırıcı rolu da üzərinə götürüb.

- Türkiyə-İsrail danışıqlarının təşkili, xüsusilə Suriyada toqquşan mövqelərinin dialoq yolu ilə yaxınlaşdırılması;

- Suriya və İsrail arasında gərginliyin aradan qaldırılması, sakit diplomatiya prinsipinə əsaslanaraq, danışıqların təşkil edilməsi;

Azərbaycan bu prosesin əsas təşkilatçısı kimi Suriyada və bu ölkə üzərindən bütövlükdə Yaxın Şərqdə təhlükəsizlik arxitekturasının qurulması, dialoq kanallarının tapılması və problemlərin masada həll edilməsinə mühüm töhfə verir. Bu baxımdan, Azərbaycan Suriyanın yeni hakimiyyəti üçün önəmli və etibarlı tərəfdaşdır. Suriya ilə münasibətlərin inkişafı isə Azərbaycanın Yaxın Şərqdə, ümumilikdə ərəb dünyasında mövqelərini möhkəmləndirir.

Azərbaycan-Suriya münasibətlərində enerji əməkdaşlığı da yeni istiqamətlər arasındadır. Əhməd əş-Şara Bakıda səfəri zamanı bildirib ki, yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək. Suriya Azərbaycan qazı üçün yeni bazardır. Burada iki amil xüsusilə vacibdir.

Birincisi, Suriya bazarına çıxış Azərbaycan qazının diversifikasiya imkanlarını genişləndirir;

İkincisi, Avropadan sonra Yaxın Şərq ölkələri də Azərbaycan qazı üçün yeni bazar yolunu oynayır və bu, dünyada ölkəmizin enerji resurslarına rəqabəti gücləndirir. Suriya bazarına çıxış digər ölkələrin də Azərbaycan qazının alıcısına çevirəcək, xüsusilə İraqa ixrac imkanları da genişdir.

Suriya Prezidenti Əhməd əş-Şaranın Azərbaycana səfəri həm iki ölkə arasındakı münasibətlərdə yeni dövrün başlanğıcı, həm də ölkəmizin Yaxın Şərqdə mövqelərinin güclənməsi kontekstində əhəmiyyətlidir.

Tarix
2025.07.12 / 18:40
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

İlham Əliyev Ərdoğana zəng etdi

Nazirlərin adından yayılan xəbərlərlə bağlı rəsmi açıqlama

Fransada müəmmalı ölümlər: Makronun arvadının sirli işləri

Şaranın Azərbaycana səfəri başa çatdı

AZAL təyyarələrinin Ermənistan üzərindən uçuşu niyə dəyişilib?

Şara Heydər Əliyevin məzarını ziyarət etdi - Foto

İsrail və Suriya Bakıda danışıqlar aparacaq - KİV

Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla