Axar.az
Yuxarı

Heydər Əliyevin məşhur zarafatları

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün - 12 dekabr Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anım günüdür. Bu gün ənənəvi olaraq Heydər Əliyevlə bağlı xatirələr yada salınır, keçmiş xatırlanır.

Mərhum Prezident Heydər Əliyev zarafatları, atmacaları, məqamında deyilən sözləri ilə hər zaman gündəm yaradıb.

Kult.az bu anım günündə tanınmış şair Əjdər Olun “Canlı lətifələr, əhvalatlar, deyimlər” kitabında Heydər Əliyevlə bağlı qələmə aldığı maraqlı məqamları təqdim edir.

***

Heydər Əliyev görkəmli rəssam Böyükağa Mirzəzadənin sərgisinə baxdıqdan sonra başına yığışmış rəssamlara deyir:

– Böyükağa Mirzəzadə görün öz xanımının nə qədər portretini yaradıb? Hətta dəvətnamənin üstündə də xanımının portretini verib. Bax, arvadı belə sevərlər!

***

1997-ci ilin yayında qatıldığı tədbirlərin birindən vaxtından tez ayrılan Prezident Heydər Əliyevi görüşdə Dövlət müşaviri Vahid Axundov əvəz edir. Həmin axşam bu görüşün nəticəsilə maraqlanan Prezident Heydər Əliyev Vahid Axundovdan soruşur:

– Hə, görüş necə keçdi? Necə çıxış etdin?

Vahid Axundov cavab verir:

– Çıxış etməyinə etdim, ancaq danışığım Sizin danışığınıza çatmadı.

Heydər Əliyev gülümsəyib yarızarafat-yarıciddi deyir:

– Belə de! Sən mənə çatmaq fikrinə düşmüşdün?!

***

Yığıncaqların birində çıxış edən H.Əliyev 1969–1982-ci illərə işarə edərək deyir: “Mən o zaman respublikanın rəhbəri olanda…”

Çıxışının bu yerində o, pauza verib arxayın-arxayın gülümsəyir:

- Mən elə indi də respublikanın rəhbəriyəm…

***

1997-ci ildə Heydər Əliyev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Rəfael Allahverdiyevlə 1992-ci ildə yaş senzinin ləğvi ilə bağlı keçirilən mitinq barədə danışır.

Heydər Əliyev soruşur:

- Necə oldu, axırda Ali Sovet yaş senzini ləğv elədi, ya yox?

***

1997-ci il oktyabrında Heydər Əliyev yazıçılarla görüşür. Gənc şair Rüstəm Behrudi haçansa həbsxanada yatdığından söz açanda H.Əliyev ondan soruşur:

- Sən nə vaxt həbsxanada olmusan? Bəlkə mən ölkə rəhbəri olan zaman həbsxanaya düşmüsən?”

Əslində heç zaman həbsxanaya düşməyən, yalnız bir-iki dəfə polis tərəfindən saxlanılan Rüstəm Behrudi konkret cavab verə bilmir. Heydər Əliyev R.Behrudiyə istehza ilə baxıb deyir:

- Rüstəm Behrudi, sən həbsxanaya düşdüyün vaxtı dəqiqləşdir, mənə deyərsən.

***

Heydər Əliyev dövlət müstəqilliyimizin qazanlıması ilə bağlı yazıçıların düşdüyü çətin maddi vəziyyətindən danışaraq deyir:

- Sovet dövründə yazıçıların vəziyyəti yaxşı idi. Onlar böyük tirajlarla çap olunurdular, yüksək qonarar alırdılar, mənzil məsələlərini həll edirdilər, dövlət hesabına səyahətlərə çıxırdılar, lakin müstəqil deyildilər. İndi siz gənclər əsərlərinizin böyük tirajlarını, yüksək qonorarı, mənzil məsələlərinizin həllini istəyirsiniz, yoxsa bunların hələlik olmadığı dövlət müstəqilliyini?!

***

1997-ci il noyabırında Respublika Sarayında bəstəkar Tofiq Quliyevin 80 illik yubiley gecəsində çıxış edən yubilyar Heydər Əliyevə minnətdarlıq bildirərək deyir:

- Çox sağ olsun Heydər Əlirza oğlu! Qəzetdə dərc olunmuş təbrik məktubunda yazdığınız gözəl sözləri, bu məktubun xüsusən axırındakı bir neçə sətri mən yüz faiz ümid edirəm ki, Heydər Əlirza oğlu şəxsən özü yazıb.

Heydər Əliyev bəstəkarın bu sözlərindən sonra səhnəyə çıxır və deyir:

- Əziz Tofiq! Mən 80 illik yubileyin münasibəti ilə sənə təbrik məktubu göndərmişəm. Onu da bil ki, mən göndərdiyim və ümumiyyətlə, mənə aid məktubların hamısını əvvəldən axıradək özüm yazıram.

***

Xalq rəssamı Kamil Nəcəfzadənin 1997-ci ildə ABŞ-da sərgisi açılır. Sərgiyə gələn Heydər Əliyev əsərlərə baxdıqdan sonra K.Nəcəfovdan soruşur:

- Mən rəsmlərdə neft görmədim. Bəs hanı neft?

Rəssam dillənir:

- Neft Bakıda qaldı, Heydər Əliyeviç!

Heydər Əliyev yarızarafat-yarıciddi deyir:

- Yaxşı, bu sualı sənə Bakıda da verəcəyəm!

***

1992-ci ildə Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olarkən yığıncaqların birində Şəmkirdən onu görməyə getmiş boyu yarım metrə yaxın, çəkisi 19 kiloqram olan orta yaşlı Alı Əliyev adlı bir nəfər ona yaxınlaşıb salam verir və Heydər Əliyevdən soruşur:

- Məni tanıdınızmı?

Heydər Əliyev Alını yadına sala bilmir.

Alı, vaxtilə ölkə rəhbəri Heydər Əliyevin Şəmkirdə ona mükafat verdiyini yada salır. Sonra deyir:

– İstəyirəm bir şəkil çəkdirək! Yoxsa Şəmkirə qayıdanda sizinlə görüşdüyümü sübut edə bilmərəm.

Qəribə vəziyyət yaranır. Şəkil çəkdirənlərdən birinin çox uca, birinin çox gödək olduğunu görən fotoqraf çaşır.

Heydər Əliyev fotoqrafa deyir:

– Şəkli elə çək, mən də düşüm!

***

Naxçıvan Muxtar Respublikasının Baş naziri olmuş Şəmsəddin Xanbabayev Heydər Əliyevlə İran İslam Respublikasına səfərdən qayıdanda İran ərazisindən Xudafərin körpüsünə baş çəkirlər. İşğal edilmiş Azərbaycan ərazisindən atəş açılacağından ehtiyat etən Ş.Xanbabayev bədənilə Heydər Əliyevi qorumağa cəhd edir. Bunu görən Heydər Əliyev zarafatla deyir:

– Şəmsəddin, özünə əziyyət vermə, mənim boyum səninkindən yarım metr hündürdür. Sən məni erməni gülləsindən qoruya bilməzsən, havayı qurban gedərsən.

Tarix
2017.12.12 / 12:56
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Şəhidimizin qardaşı ilə bağlı yayılan xəbərlərə reaksiya

Bakıda avtobuslar toqquşdu: yaralananlar var

Tanınmış idmançı koronadan vəfat etdi

İsmayıllıda "Opel" maneəyə çırpıldı: sürücü öldü

Şəhid anası koronadan vəfat etdi

Goranboydakı qətl hadisəsi ilə bağlı cinayət işi açıldı

Bakıda psixoterapevt koronadan dünyasını dəyişdi

Bərdədə "Ford" ağır qəza törətdi

Gəncədə yolu keçmək istəyən qadını maşın vurdu

Dmanisidə insident: 2 nəfər bıçaqlandı

KULT
<>
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla