Bir qrup azərbaycanlı jurnalist Ukraynaya yola
düşüb.
Axar.az-ın əldə etdiyi məlumata görə, media nümayəndələri Avropa
Liqasının qrup mərhələsində çıxış edən "Qarabağ" klubuna "Dnepr"lə
qarşılaşmada dəstək verəcəklər.
Xəbər portallarında gedən məlumat ondan ibarətdir ki, Kiyevə
səfər edən 15 nəfərlik heyət (onların kimliyi açıqlanmır) oktyabrın
20-də qatarla Bakıdan Tiflisə, oradan isə təyyarə ilə Kiyevə yola
düşəcək.
Oktyabrın 23-də keçiriləcək qarşılaşmadan öncə jurnalistlər
"Olimpiyski" stadionuna dostluq yürüşü edəcəklər. Təşkilatçıların
verdiyi məluamata görə, Kiyevə yollanacaq heyətdə idman
jurnalistləri deyil, ictimai-siyasi informasiya portalları,
agentlik və qəzet təmsilçiləri təmsil olunacaq.
Baş redaktor və redaktorların da daxil olduğu qrup Azərbaycanın
faciələrinə və Qarabağ probleminə diqqət çəkəcək müxtəlif aksiyalar
təşkil edəcəklər. Jurnalistlərin Kiyevə səfərini "Azərsun" brendi
olan "Azərçay" və "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası
maliyyələşdirir.
***
Lakin bu səfərlə bağlı ziddiyyətli məqam həm gediş tarixi, həm
də sponsorla bağlıdır. Belə ki, Feysbuk şəbəkəsində medianın Kiyev
səfəri haqda dəvət səhifəsində - "İmarət Tayfa" – heyətin oktyabrın
17-si, saat 21:50-də Bakıdan qatarla yola çıxacağı qeyd olunub:
"19 oktyabr saat 21:00-da qatar Xarkov Vağzalında dayanacaq.
Bakıdan Kiyevə qatar getmədiyi üçün Xarkova enəcəyik. İmarətin
Ukraynadakı nümayəndələri bizi Xarkovda qarşılayaraq, Kiyev yolunun
üzərində, Xarkovdan 2 saatlıq məsafədə olan Poltava şəhərinə
aparacaq. Poltavada 3 gün kirayə evdə qaldıqdan sonra 23 oktyabr
səhər saat 07:00-da Kiyevə yola düşəcəyik. Saat 10:00-da Kiyevə
çatacağıq. Oyun bitdikdən sonra geri (Poltavaya) qayıdacağıq. Və 24
oktyabr (saat bəlli deyil hələlik) Xarkov-Bakı reysi ilə Bakıya
dönəcəyik".
Təşkilatçılar kimi adları qeyd olunan Cəsur Nağı Ağdamski və
Elvin İbrahimov adından yazılıb ki, səfər xərcləri bunlardır: "Bakı
- Xarkov (gediş-dönüş) 180 manat, Xarkov - Poltava - Kiyev
(gediş-dönüş) 30 manat, xərclik minimum 50 manat. Toplam 260 manat
edir. Hər kəs qərarını 10 oktyabra qədər verməlidir. 10 oktyabr
görüş olacaq, biletlər alınacaq. Heç kəs bileti fərdi şəkildə
almamalıdır. Çünki biletlər hamısı eyni plaskart vaqona
alınacaq".
***
Beləliklə, məlum olur ki, jurnalistlər oktyabrın 17-də yola
düşüb. Üstəlik, onların səfərini heç də adıçəkilən şirkətlər
maliyyələşdirmir. İstənilən media nümayəndəsi öz hesabına Kiyevə
gedə bilər.
"Qarabağ" mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da
Axar.az-a açıqlamasında jurnalistlərin artıq yola düşdüyünü
təsdiqlədi.
Onun sözlərinə görə, medianın bu səfərindən Feysbuk sosial
şəbəkəsində xəbər tutublar:
"Biz də sizin kimi Feysbukdan görmüşük ki, bir qrup jurnalist
gedir. Ancaq "Qarabağ" klubu tərəfindən heç bir təşkilatçılıq
olunmayıb. Mən eşitdiyimə görə, "Azərçay" onların səfər xərclərini
ödəyir. Deyəsən, artıq onlar gediblər, dəqiq təfərrüatı
bilmirəm".
***
"Qarabağ" sözçüsü də təsdiqləyir ki, onlar gediblər və əgər yola
düşüblərsə, deməli, dəvət səhifəsində olduğu kimi öz vəsaiti
hesabına gediblər. Maraqlıdır ki, "Dnepr" matçına idman
jurnalistləri getməyiblər. Yalnız ictimai-siyasi portalların
nümayəndələri yola düşüb.
Digər maraqlı məqam isə jurnalistlərin keçirəcəyi aksiyalarla
bağlıdır. Əgər Poltavada kirayə tutulan evdə 3 gün qalacaqsa, heyət
Azıərbaycan adına aksiyaları harda və necə keçirəcək? Feysbukda
yaradılan "event"də gediş-gəliş saatları dəqiqliyinə qədər
göstərilsə də, nədənsə Azərbaycan həqiqətləri - Qarabağ probleminə
diqqət çəkəcək aksiyaların çeşidi, keçiriləcəyi yer və vaxt
göstərilməyib.
Bütün hallarda, bu müəmmalı, amma xoşniyyətli səfərdə
həmkarlarımıza və "Qarabağ"a uğurlar arzulayırıq.