Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik
Boru Kəmərinin (TAP) Albaniya hissəsində tikinti işlərinə
başlanıb.
Report-un verdiyi məlumata görə, bu gün bu
münasibətlə Fier şəhəri yaxınlığında Albaniyanın baş naziri Edi
Rama, energetika və sənaye naziri Damian Qjiknuri və TAP-ın icraçı
direktoru Yan Bredşounun iştirakı ilə mərasim keçirilib.
Yerli hakimiyyət nümayəndələri və digər səhmdarların da iştirak
etdiyi mərasimdə baş nazir və energetika naziri Albaniya üçün
layihənin əhəmiyyətini vurğulayıblar. Ölkənin ən böyük xarici
investisiyalarından biri olaraq TAP-ın ölkənin enerji sektoruna
müsbət təsiri olacağı və digər xarici investisiyaların da cəlbinə
kömək edəcəyi qeyd olunub.
TAP-ın icraçı direktoru TAP-ın son illərdə böyük inkişaf nümayiş
etdirdiyini qeyd edib və Albaniya hökumətinə layihəyə dəstək və
əməkdaşlıq üçün təşəkkür edib.
Albaniyada bugünədək 12 km boru düzülüb, 8 km boru qaynaq
edilib. Boruların 56%-i çatdırılıb, keçid yolları və körpülərin
94%-dən çoxu tamamlanıb.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP
kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın
Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan
sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə
qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə
Cənubi İtaliyaya qədər uzanacaq.
"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim
variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də
TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi
uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstan ərazisini, 215
km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi
İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya
dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində
olacaq.
İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr mavi
yanacaq Avropaya çatdırılacaq. Bu il mayın 17-də Yunanıstanın
Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci
ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.
TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A."
(20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri
çıxış edir.