"Vətəndaş həm dövlət pensiya fondundan, həm də özəl
pensiya fondundan ödənişlərə uyğun olaraq pensiya əldə etmək imkanı
qazanacaq".
Bunu Axar.az-a özəl sosial müdafiə fondlarının perspektivlərini
şərh edən İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri,
iqtisadçı-alim Vüqar Bayramov deyib:
"Özəl pensiya fondlarının yaranması ideyası beynəlxalq təcrübəyə
əsasən həyata keçirilir. Nəzərə alsaq ki, dünyanın əksər
ölkələrində özəl pensiya fondları fəaliyyət göstərməkdədir.
Azərbaycanda özəl pensiya fondlarının yaradılması ona görə vacibdir
ki, bu fondun yaradılması ideyası pensiyanın əlavə gəlirlərinin
artmasına uyğun olaraq formalaşan ideyadır və əhali bundan sonra
özəl müdafiə fondlarına ödəniş etmək imkanlarına malik olur. Bu da
imkan verir ki, əhali yalnız dövlət pensiya fondlarına deyil, eyni
zamanda özəl sosial müdafiə fondlarına da ödəniş etsin. Bu, artıq
könüllü şəkildə vətəndaş tərəfindən seçim edilməsidir. Vətəndaş
könüllü şəkildə özəl pensiya fondlarına ödəniş edilməsi ilə bağlı
qərar qəbul edir. Burada vətəndaş vəsaitin bir hissəsini özəl
pensiya fondlarına ödəməklə gələcəkdə daha yaxşı pensiya təminatına
nail olacaq. Bu da imkan verəcək ki, vətəndaş daha yaxşı təmin
olunmuş pensiya əldə etsin. Çünki pensiya yaşı tamam olan zaman
vətəndaş həm dövlət pensiya fondundan, həm də özəl pensiya
fondundan ödənişlərə uyğun olaraq pensiya əldə etmək imkanı
qazanacaq. Bu da imkan verəcək ki, artıq hər bir vətəndaş və imkanı
olan vətəndaş artıq gənc yaşında yaşlılıq dövrü üçün sosial
təminatı təmin etsin. Məsələn, vətəndaşın aylıq gəliri 1500
manatdırsa, onun bir hissəsini (aylıq olaraq 30, 50, hətta 10
manatını belə) özəl pensiya fonduna ödəmək imkanı olacaq. Bu vəsait
hər hansı şəxsin büdcəsinə böyük paya malik olmayan pulu özəl
pensiya fonduna keçirməklə öz gələcək həyatını sosial baxımdan
təmin etmiş olacaq. Dövlət üçün əhəmiyyəti ondan ibarətdir ki,
dövlət bununla vətəndaşların vəsaitinin bir qismini cəlb edəcək.
Vətəndaşların bir qisminin cəlb edilməsi imkan verəcək ki, həmin
vəsaitlər idarə olunsun".
Alim hesab edir ki, özəl sosial müdafiə fondlarının yaradılması
Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinin genişlənməsinə də
şərait yaradacaq:
"Nəzərə alsaq ki, Dövlət Sosial Müdafiə fondu maliyyə bazarına
daxil olmaq istəyir, bu o deməkdir ki, vətəndaşlara cəlb edilən hər
bir vəsait özəl pensiya fondu vasitəsilə artıq maliyyə bazarına
daxil olmaq imkan verəcək. Bununla da Dövlət Müdafiə Sosial fondu
artıq dövlət büdcəsindən, eyni zamanda, Dövlət Müdafiə Sosial Fondu
ödənişlərindən kənar bir maliyyə mənbəyi əldə edəcək və həmin
maliyyə mənbəyinin əldə edilməsi Dövlət Sosial Müdafiə fondu imkan
verəcək ki, daha çox gəlir əldə edilsin. Özəl pensiya fondları
Dövlət Sosial Müdafiə fondu tərəfindən deyil, başqa qurumlar
tərəfindən də yaradıla bilər. Bu baxımdan özəl pensiya fondlarının
yaradılması imkanı nisbətən yaxşı olan vətəndaşlara artıq gələcək
pensiya həyatının təminatının indidən formalaşdırmaq imkanı
verəcək".
Xatırladaq ki, ötən həftə Azərbaycan Dövlət Sosial Müdafiə
Fondunun (DSMF) sədri Elman Mehdiyev qeyri-dövlət pensiya
fondlarının fəaliyyətinin tam və qanunvericiliyə uyğun şəkildə
təşkil edilməsi, effektiv idarəetmə mexanizmlərinin tətbiq olunması
üçün öncədən ciddi və hərtərəfli hazırlıq işlərinin aparılmasının
zəruri olduğunu deyib.
Fond rəhbəri qeyri-dövlət pensiya fondlarının konkret
funksiyalarının müəyyən olunduğunu da bildirib. Onun sözlərinə
görə, özəl pensiya fondlarının fəaliyyəti qeyri-dövlət pensiya
təminatı məqsədləri üçün haqların toplanması, pensiya hesablarının
aparılması, həmin hesabların vəziyyəti barədə aidiyyəti şəxslərin
məlumatlandırılması, ehtiyatların formalaşdırılması, vəsaitlərin
yerləşdirilməsi və əlaqədar investisiya siyasətinin aparılması,
qeyri-dövlət pensiya təminatı üzrə münasibətlərin digər
iştirakçıları ilə işin təşkili, nizamnamə fəaliyyətinin təmin
edilməsi üçün nəzərdə tutulan əmlakın və pensiya ehtiyatı
vəsaitlərinin ayrıca uçotunun aparılması, öhdəliklər üzrə aktual
hesablamaların həyata keçirilməsi, qeyri-dövlət pensiyalarının
təyinatı, ödənilməsi və digər istiqamətlərlə bağlıdır.