İqtisadçı ekspert Vüqar Bayramov Azərbaycanda bankların
statusunun dəyişəcəyi və müflisləşmə təhlükəsi ilə üzləşməklə bağlı
Axar.az-a danışıb:
9 bankı nə gözləyir?
- Mərkəzi Bankın qərarına əsasən, dekabrın 31-nə qədər
kommersiya bankları məcmu kapitalının 10 milyondan 50 milyonadək
artırılmasını həyata keçirəcək. Sizcə, Mərkəzi Bankın bu addımı
bank sektoruna necə təsir edəcək?
- Mərkəzi Bankın son qərarına əsasən, kommersiya bankları öz
məcmu kapitalını beş dəfə artıraraq 50 milyon manata çatdırmalıdır.
Hal-hazırda bizim apardığımız tədqiqatlar göstərir ki, Mərkəzi
Bankın məcmu kapitalının artırılması ilə bağlı öhdəliyində 9 bankın
problemi var. Bu ondan xəbər verir ki, Azərbaycanda fəaliyyət
göstərən 9 bankın məcmu kapitalı 50 milyon manatdan azdır. Bu isə o
deməkdir ki, dekabr ayının 31-dək məcmu kapitalını 50 milyon manata
çatdırmayan banklar ya müflis olacaq, ya onların digər kommersiya
banklarına birləşdirilməsi və ya statusunun dəyişdirilməsi həyata
keçiriləcək. Məcmu kapital 50 milyon manatdan az olarsa, Mərkəzi
Bank həmin kommersiya banklarının lisenziyasını geri almalıdır.
Apardığımız tədqiqatlar onu göstərir ki, 9 bankdan 5-nin məcmu
kapitalın yerinə yetirilməsi ilə bağlı problem var. Yerdə qalan iki
bank praktik olaraq fəaliyyət göstərmir. Birinin məcmu kapitalı 5
milyon manatdan, digərininki isə 10 milyon manatdan azdır. Bu gün
Mərkəzi Bankın əvvəlki məcmu kapitalı ilə bağlı öhdəliklərini
nəzərə alsaq, praktik olaraq bu gün iki bankın lisenziyasının
alınması təhlükəsi var. Beş bankın birləşdirilməsi və ya statusunun
dəyişdirilməsi və ya müflis olması gözlənilir. Mərkəzi Bank çalışır
ki, banklar müflis olmasın. Çünki bu, bank sektoruna inamı azalda
və neqativ təsir göstərər. Bu baxımdan da əsasən onların yerinin və
statusunun dəyişdirilməsinə çalışılacaq. Mərkəzi Bank son illər
bankların birləşdirilməsi ilə bağlı təşviqedici addımlar atsa da,
bu, baş tutmayıb. Təəssüf ki, Azərbaycan kommersiya bankları bu
məsələdə maraqlı deyillər. Bu isə beş bankın bağlanmasına gətirin
çıxara bilər. Seçim kommersiya bankları olduğundan onların müflis
olmaması daha məqsədəuyğundur. Nəzərə alsaq ki, Mərkəzi Bankın
öhdəliyi dekabrın 31-dən sonra qüvvəyə minir, artıq bu baxımdan
bankların çıxış yolu yoxdur.
Əmanət 30 min manatdan azdırsa
- Bu beş bankın birləşdirilməsi və ya müflis olması baş
verərsə, əhalinin banklarda olan əmanətlərinə necə təsir
göstərəcək?
- Bu gün ən çox diqqət çəkən məsələlərdən biri kommersiya
banklarında əhalinin əmanətlərinin taleyi ilə bağlıdır. Mövcud
qaydalara əsasən, əmanətlərinin məbləği 30 min manat olan və illik
göstəricisi doqquz faiz və ya daha az olan əmanətlər sığortalanır.
Müflisləşmə baş verərsə, əmanətlər sığortalanma fondu tərəfindən
geri qaytarılacaq. Yəni vətəndaşın banklardakı əmanəti 30 min
manatdan azdırsa və sığorta faizi fondun müəyyən etdiyi faizə
uyğundursa, o zaman heç bir problem olmayacaq. Ən böyük
narahatçılıq məbləği 30 min manatdan artıq olan və daha yüksək
faizlə qoyulan əmanətlərdir. Aparılan tədqiqatlar göstərir ki,
banklarda olan əmanətlərin üçdə biri məhz sığortalanmayan
əmanətlərdir. Ona görə də bankların birləşdirilməsi baş verərsə, bu
zaman əmanətlərin saxlanılması daha asan olacaq, vətəndaşın əmanəti
müqavilədə olan şərtlərlə başqa bir banka avtomatik olaraq transfer
ediləcək. Eyni zamanda vətəndaş bundan sonra əmanəti götürmək və ya
bankda saxlamaqla sərbəst qərar verə bilər. Əgər bankın statusu
dəyişərsə, bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərərsə,
o zaman təbii ki, vətəndaş əmanəti burda saxlaya bilməyəcək. Əmanət
geri götürülməlidir. Çünki bank olmayan kredit təşkilatlarında
əmanətlərin saxlanılmasına qanunvericiliklə icazə verilmir. Bank
müflis olduqda belə, sığortalanan əmanətlər qaytarılacaq.
Sığortalanmayan əmanətlər isə həmin bankın aktiv və passivlərinin
müqayisəsi nəticəsində aparılacaq. Əgər bankın aktivləri
passivlərindən çoxdursa, bu zaman sığortalanamayan əmanətlərin
qaytarılmasında heç bir problem olmayacaq. Eyni zamanda, bankın
öhdəlikləri banka olan borcdan çoxdursa, bu halda problemin olacağı
istisna edilmir.
Əmanətlər zamanında verilmir
- Son dövrlərin təcrübəsi göstərir ki, bəzi hallarda
bankdan əmanətlərin götürülməsi ilə bağlı problem olur və vətəndaş
bəzi müflisləşmə təhlükəsi olan banka müraciət etdikdə əmanətlər
vaxtında geri qaytarılmır. Bunu nə ilə izah edərdiz?
- Əslində, bu doğrudur. Banklarda müflisləşmə təhlükəsi və məcmu
kapitalın yerinə yetirilməsi ilə bağlı problem olduqda əmanətlər
zamanında verilmir. Bu da təbii ki, banklarda nağd illik likvidin
aşağı olması ilə bağlıdır. Vətəndaş istənilən zaman müqaviləyə uğun
olaraq öz əmanət müqaviləsini həmin bankla poza bilər. Yəni
vətəndaş əmanətini bankda 1 il müddətinə yerləşdiribsə və iki aydan
sonra geri götürmək istəyərsə, bu zaman ya vətəndaşa faiz
ödənilmir, ya da ki əmanət illik aşağı faizlə ödənilərək
qaytarılır. Ancaq bütün hallarda əmanət müqavilələri vətəndaşa
hüquq verir ki, vaxtından əvvəl pulunu geri götürə bilsin. Bu zaman
da şərtlər fərqli olur. Amma təəssüf ki, bankın müflisləşmə
təhlükəsi olan zaman vətəndaş əmanəti götürmək istəyəndə problemlər
yaşanır. Bu da onunla bağlıdır ki, kommersiya banklarının bir
qismində nağd likvidlik (nağd pul) aşağıdır. Buna görə də məcmu
kapitalını yerinə yetirməyən banklar çox olarsa, nağd likvidlik
problemi baş verəcək. Bu gün bunun üçün çoxlu sayda insan müraciət
edir. Bütün hallarda əmanətlər geri qaytarılmalıdır. Problem olduğu
zaman vətəndaş məhkəməyə müraciət etməklə problemi həll edə
bilər.
Kreditlər qaytarılmayacaq?
- Vüqar bəy, bəs sözügedən banklardan vətəndaşlar
kreditlər də götürüblər. Bu kreditlərin taleyi necə
olacaq?
- Əmanətlərdə olduğu kimi kreditlərdə də öhdəliklər davam
edəcək. Avtomatik olaraq vətəndaşın kredit müqaviləsi eyni
şərtlərlə başqa bir banka transfer edilir. Hazırda belə bir sual
yaranıb ki, bank müflis olarsa və ya başqa banka birləşdirilərsə,
kredit qaytarılmayacaq. Bu, doğru deyil. İstənilən halda alınan
kredit qaytarılacaq və kredit öhdəliyi davam etdiriləcək. Bu da onu
göstərir ki, kreditin geri qaytarılması ilə bağlı heç bir halda
güzəşt olunmayacaq. Bu gün məcmu kapitalı yerinə yetirə bilməyən
banklarda belə problemli kreditlərlə bağlı məsələ kifayət qədər
ciddidir və təəssüf ki, bir qisim vətəndaş götürdükləri kreditlərin
qaytarılması ilə bağlı çətinliklə üzləşiblər. Mərkəzi Bankın son
məlumatına görə, Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard
manata çatıb. Problemli kreditlər kredit portfelinin 6 %-dən
çoxunu, bank aktivlərinin isə 4 %-dən çoxunu təşkil edir.
Problemli kredit kartları
- Problemli kreditlərin həcminin son illər sürətlə
artması nə ilə bağlıdır?
- Bu artım kommersiya banklarının həyata keçirdiyi siyasət və
kredit götürən şəxslərin özləri ilə bağlıdır. Ən əsas məsələ isə
ödənilmə qabiliyyətinin və əvvəlki banklara olan borcun
yoxlanılmaması ilə bağlıdır. Bu gün kommersiya banklarının bir
qismi hətta çayxanalarda belə içərisində 500 min manat borc olan
plastik kartlar paylayırlar ki, belə bir siyasət kredit bazarında
problemli kreditlərin artmasına səbəb olur. Kredit faizlərinin bu
gün həddən artıq yüksək olması da əsas səbəblərdən biridir.
Vətəndaş da öz növbəsində gəlirinə uyğun olaraq öz ödəmə
qabiliyyətini nəzərə alaraq kredit götürməlidir. Məlum olub ki,
2012-2013-cü illərdə və bu il Türkiyə və Gürcüstanda istirahət
etmək üçün kredit götürən vətəndaşların sayında artım var. Buna
görə də yalnız çox vacib hallarda kredit götürülməlidir. Çünki
hazırda Azərbaycanda kommersiya banklarına borcu olan vətəndaşların
sayı 2.5 milyon nəfərdir. Bu, inkişaf etmiş ölkələrlə müqayisədə
(İEÖ) kifayət qədər böyük rəqəmdir.
Komisyon tələsi
- Aparılan araşdırmalar zamanı məlum olur ki, bankların
effektiv faizi ilə nominal faizi arasında fərq müşahidə olunur.
Reklamlarda bir faiz elan olunur. Ancaq vətəndaş kredit götürdükdə
bəlli olur ki, faiz daha yüksəkdir.
- Çox təəssüf ki, banklar kreditlərlə bağlı reklamlarda yalnız
effektli kredit faizlərini elan edirlər. Faiz dərəcələrində
fərqlərin yaranması onunla bağlıdır ki, bankların komisyon haqları
kifayət qədər yüksəkdir. Bu, bank sektorunda komisyon tələsi kimi
qiymətləndirilir. Məsələn, vətəndaş 10 min manat kredit götürmək
istəyir və bank kreditin 25 faiz olduğunu elan edir. Vətəndaş banka
kredit üçün müraciət edəndə bəlli olur ki, bankın eyni zamanda
7%-lik komisyon haqqı var. Bu zaman iki sənədə qol çəkilir. Bir 10
min kreditə, biri 700 manatlıq sənədə. Baxmayaraq ki, 10 min
manatlıq kredit götürülüb, kredit 10700 manatdan hesablanır. Bu isə
kredit faizinin elan olunandan yüksək olmasına gətirib çıxarır.
Buna görə də vətəndaşlar komisyon haqlarının olub-olmamasına diqqət
etməlidirlər. Biz əslində bankların komisyon tələsinin aradan
qaldırılması üçün maksimum dərəcələrin müəyyən edilməsini təklif
edirik. Təklifə görə bu, 2%-dən çox olmamalıdır. Bu da vətəndaşa
imkan verəcək ki, o, aldanmasın və kredit faizlərini hesablaya
bilsin. İEÖ-də praktik olaraq komisyon haqları yoxdur, Mərkəzi və
Şərqi Avropa ölkələrində bu, 1%-dən azdır. Azərbaycanda isə bunun
yüksək olması normal kredit faizlərinin dərəcəsinin artmasına
gətirib çıxarır. Bu da vətəndaşlara sonradan götürdükləri
kreditlərin geri qaytarılmasında böyük çətinliklər yaradır.