Azərbaycan və ABŞ hökumətləri rayonlarda sosial-iqtisadi
inkişafı gücləndirmək məqsədilə əməkdaşlıq edir.
ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə daxil olan məlumatda deyilir ki,
Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram ölkə boyu
müxtəlif kəndlərdə həyat səviyyəsini yaxşılaşdırmaq üçün icmaları
və yerli hökumət orqanlarını bir araya gətirməyə davam edir. Bu
yaxınlarda Sabirabad və İmişli rayonlarının, habelə Şirvan
şəhərinin kəndlərində uşaqlar üçün təlim-tədris mühitinin
yaxşılaşdırılması və yolların təmiri sahəsində bir neçə layihə başa
çatıb. Bu layihələr ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə
maliyyələşdirilib.
Sabirabad rayonunun Çölbeşdəli kəndinin uşaqları uzun müddət
yerli bağcada təhlükəli şəraitdən, eyni zamanda istilik sisteminin
olmamasından və antisanitar kanalizasiya sistemindən əziyyət
çəkiblər. SEDA proqramı yerli icmanı səfərbər edərək yeni dam
örtüyü, döşəmə və pəncərələr quraşdırmaqla, bayır divarları təmir
etməklə, təmiz su ilə təmin etməklə, habelə istilik sistemini
qurmaqla bağcanın tamamilə təmir edilməsinə köməklik edib. Bununla
da proqram 40 uşağı təhlükəsiz təlim-tədris mühiti ilə təmin
edib.
İmişli rayonunun Muradəlili kəndində və Şirvan şəhərinin
Neftçilər və Birlik icmalarında pis yol şəraiti gündəlik nəqliyyata
və gediş-gəlişə mane olaraq iş və məktəbə davamiyyətə, habelə kənd
təsərrüfatı mallarının daşınmasına təsir göstərirdi. SEDA proqramı
üç icmada ümumilikdə 2000 metrədək yolun təmir edilməsinə dəstək
göstərərək 3300-dən çox sakinin yaşayış səviyyəsini yaxşılaşdırmağa
kömək edib.
Qeyd edək ki, Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən
İqtisadiyyat Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən ABŞ Beynəlxalq
İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi SEDA proqramı
icmalarda sosial-iqtisadi inkişafı artırmaq üçün vətəndaşların,
vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət
nümayəndələrinin birgə iştirakını təşviq edir. Bu günə kimi proqram
Azərbaycanın 58 icmasında 52 layihənin maliyyələşdirilməsinə
1,000,000 ABŞ dollarından artıq vəsait xərcləyib.