Parisin qaynar gecə həyatı hər zaman insanların
diqqətini cəlb edirdi. Qaranlıq düşən kimi küçələrə səpələnən gecə
qadınlarının arasında cazibəsi ilə diqqəti özünə cəlb etməyi
bacaran Julie Van Hard adlı, hamının isə Juliya kimi tanıdığı
yəhudi əsilli bir qadın da vardı. Gənc yaşlarında Amsterdamda
yaşayıb qadın şlyapaları tikməklə dolanan Juliya qısa müddətdən
sonra Fransanın paytaxtı Parisə qədəm qoyur. Musiqi təhsili olsa
belə, nəhəng şəhərin təlatümlü həyatına tab gətirə bilməyib onun
yazılmamış qanunlarına boyun əyən Juliya dolanışığını təmin edə
bilmək üçün həm də gecələr küçələrə çıxıb pul qazanmaq
məcburiyyətində qalır. Lakin həmin dövrlərdə gecə həyatı olan
qadınlar savadlı və gözəl idilərsə, mütləq cəmiyyətin müəyyən
çevrələrində qəbul olunurdular.
Bir müddət sonra isə onun hüquqşünas Edurad Bernardla yaşadığı
eşq macərası öz nəticəsini verir. Juliyanın 1944-cü il oktyabr
ayının 23-də Henrietta Rozin (Sara Bernard) adlı bir qızı dünyaya
gəlir. Bir müddət sonra uşağa baxa bilməyəcəyini başa düşən və öz
rahat həyatını qismən itirən Juliya Saranı İngiltərəyə göndərib
dayə ümidinə qoyur. Lakin bir gün dayə Saranı öz yaşlı və şikəst
əri ilə evdə tək qoyub gedir. O, geri dönərkən gözlənilməz hadisə
ilə rastlaşır. Qızcığaz öz yatağından uzaqlaşıb yanan buxarıya
yaxınlaşarkən paltarını yandırır. Qonşuların köməyi ilə bədbəxt
hadisədən xilas olan Sara bir müddət sonra yenidən anası ilə
birlikdə Parisə geri dönür.
Qısa vaxtdan sonra Sara yenidən dayələrin ümidinə qalır.
Tezliklə zəifləyib arıqlayan qızcığazın bu halı anasını
qayğılandırır. Qolunu və ayağını ehtiyatsızlıqdan sındıran Saranı
nəhayət ki, anası öz himayəsinə qəbul edir. Ona ana şəfqəti
göstərir, heç bir təhsili, savadı olmayan qızını məktəbə yazdırır.
Orta məktəb təhsili alan Sara məktəbin nəzdində yaranan teatr
dərnəyinin tamaşalarında mütəmadi olaraq iştirak edir.
Məşhurluğa uzanan yollar…
1859-cu ildə III Napoleonun ögey qardaşı olan Duk de Morni ilə
ata Aleksandr Düma Saranı Milli Musiqi Akademiyasına qəbul edirlər.
Akademiyanı bitirən təhsilli aktrisa kimi o, "Komedi Fransez"
teatrına qəbul edilir. Lakin Duk de Morni Saranı ilk dəfə görərkən
təxminən bu sözləri deyir: "Onda hər şey həddən artıqdır. Həddən
artıq incə beli, çox qalın saçları, oynaq və heyrətli gözləri
var"
Sara Bernardın həm siması, həm də bədən quruluşu normadan kənar
idi. Onun yanan gözləri, ensiz solğun sifəti, hədsiz incə bədəni,
bir-birinə qarışmış qalın sarı saçları ətrafdakıları cəzb edir.
Hətta o vaxtlar onun haqqında belə bir zarafat da gəzirdi: "Teatrın
qarşısından boş kareta dayanır və ondan Sara Bernard çıxır".
Qısa zaman ərzində o, bütün çətinliklərə qalib gəlir və tezliklə
Fransanın ən etibarlı teatrlarından birinin aparıcı aktrisasına
çevrilir. Sonralar Sara öz şəxsi teatrını yaradaraq, Parisə
möhtəşəm bir teatr binası və məktəbi qazandırır. Səhnədəki rolları
ilə yanaşı o, şəxsi həyatındakı qalmaqallı olaylar və eşq
macəraları ilə daim diqqət mərkəzində olmağı bacarır.
1862-ci il sentyabrın 1-də Sara Bernard "Komedi Fransez"
teatrında Jan Batist Rasinin "İfiqeniya" pyesində Klitemnestra rolu
ilə ilk dəfə debüt edir. 1864-cü ildə özü uşaq istəməsə də, oğlu
Moris doğulur. Onun atası prins Anri olur. Bütün istedadını,
zəkasını oynadığı rollara qatan məşhur aktrisa teatr səhnəsində
yüzdən artıq rolu canlandırmağı bacarır. Şekspirin "Hamlet"
əsərində həm Ofeliya obrazını, həm də Hamleti yaratmağa qadir olan
bu bənzərsiz aktrisa Aleksandr Dümanın (ata) "Kameliyalı qadın",
Oskar Uayldın "Salome"sində, Marsel Prustun "İtirilmiş zamanın
axtarışında" əsərlərində də rol aldı. Şekspirin bütün pyeslərindəki
baş qəhrəman obrazlarının bənzərsiz ifaçısı da məhz Sara Bernard
olur.
Əsl şöhrəti 1870-ci ildə yaxalayan Sara Bernardın adı bütün
Avropa ölkələrindən tutmuş Nyu Yorka qədər gedib çatır. Qısa zaman
ərzində "dramatik aktrisa" adını qazanan Saraya "Müqəddəs Sara"
ləqəbi verilir. O, aktrisalıq karyerasında özünü inkişaf etdirməklə
yanaşı, həmçinin bir çox məşhur aktrisaların yetişdirilməsində də
iştirak edir.
O, aktrisalıqla yanaşı incəsənətin başqa növləri ilə də məşğul
olur. Bir müddət rəssamlıq və heykəltəraşlıq öyrənən Sara xeyli
müddət o vaxtın ən məşhur rəssamlarından olan Antonio de La Qanraya
modellik də edir. Bununla yanaşı, o dövrün ən məşhur rəssamlarının
tablolarının bəzəyi də olmaqdan çəkinmir.
Çox saylı eşq macəraları və kağız üzərindəki uğursuz
nikah…
Bir çox məşhur insanlarla, sənət adamları, rəssamlarla məhəbbət
macəraları olan Sara Bernard 1882-ci ildə yunanıstanlı aktyor
Jaques Damala ilə rəsmən nikahlanır. Bu evlilik aktyorun öldüyü ilə
qədər (1989) kağız üzərində davam edir. Lakin onların arasındakı
ər-arvad münasibətləri evliliklərinin elə ilk illərindəcə sona
çatmışdı. Səbəb isə Jaquesin morfin aludəçisi olması idi. Bernard
bu evliliyin son illərində belə İngiltərə kralı VII Edvardla da
sevgi münasibətində olmuşdur.
Biz bu adamla dünyanı çox gözəl idarə edə
bilərik…
Rusiyaya üç dəfə səfər edən Bernard ilk gəlişində III Aleksandra
təqdim olunarkən dərin reverans etmək istərkən imperator tərəfindən
dayandırılır. III Aleksandr Sara Bernarda deyir: "Yox, madam mən
sizə səcdə etməliyəm"
28 yaşlı Sara Bernard "Rüi Blaze" tamaşasında İspaniya
kraliçasını oynayırdı. O zamanlar onun hələ 28 yaşı vardı. Onun
həmin gün ifasını izləməyə gələnlər arasında dünya şöhrətli yazıçı
70 yaşlı Viktor Hüqo da vardı. Tamaşadan sonra hər kəsin gözü
qarşısında Sara Bernardın qarşısında diz çökən Hüqo ona bu sözləri
deyir: "Madam! Siz öz əzəmətinizlə çox gözəl idiniz. Və bu
əzəmətinizlə məni, köhnə döyüşçünü həyəcanlandırmağı bacardınız.
Ağladım. Qarşınızda baş əyirəm, mənim sinəmdə olan bu göz yaşlarını
isə sizə bağışlayıram". Göz yaşları isə məcazi deyildi. O brilyant
daşlarla bəzədilmiş boyunbağı idi.
66 yaşlı aktrisa qastrol zamanı Amerikada 35 yaşlı Lu Telleqenom
tanış olur.. Onların sevgi əlaqəsi dörd ildən artıq davam edib. Lu
öz qocalıq illərində etiraf edir ki, onun ömrünün ən gözəl çağları
məhz o əsrarəngiz qadınla olmuşdur.
1892-ci ildə Amerikaya qastrolu zamanı Teodor Ruzveltlə nahar
edən Sara Bernard həmin günün görüşünə yekun olaraq bu sözləri
deyir: "Biz bu adamla dünyanı çox gözəl idarə edə bilərik"
Aktrisa ömrünün son illərində bir neçə səssiz filmdə də rol
alır. 1915-ci ildə həkimlər onun vaxtı ilə zədələmiş olduğu sağ
ayağını kəsmək məcburiyyətində qalırlar. Buna baxmayaraq səhnəyə
protest ayaqla çıxan aktrisa tamaşaçıları öz rolları ilə dəfələrlə
vəcdə gətirməyi bacarır.
O, hətta 70 yaşında belə 13 yaşlı Julietta rolunu oynamaqdan
çəkinmir və bunu çox mükəmməl şəkildə bacarır. Təsadüfi deyil ki,
şöhrətli yazıçı Somerset Moem özünün ən məşhur romanlarından biri
olan "Teatr" romanında Sara Bernardın adını dəfələrlə qeyd
edir.
78 yaşlı aktrisa 1923-cü il 26 mart tarixində böyrək
çatışmazlığından əbədiyyən gözlərini yumur. Parisin Per-Laşes
qəbiristanlığında dəfn olunan aktrisanı son mənzilə yola salmağa
minlərlə pərəstişkarı axışıb gələrkən onun nəşini kameliya
çiçəkləri ilə bəzəməyi də unutmurlar. Çünki aktrisanın həyatı
boyunca ən çox sevdiyi çiçək məhz kameliya çiçəkləri olmuşdu.