Fransız yazıçısı Viktor Hüqonun sevgilisindən ötrü
həyatda müvəffəq olduğu hər şeyi qurban verən aktrisa Jülyetta
Drueyə olan son dərəcə qeyri-adi məhəbbətinin tarixçəsi insan
təxəyyülünü heyran qoyur.
Viktor Mari Hüqo 26 fevral 1802-ci ildə Bezansonda
Lotaringiyadan olan kapitanın ailəsində dünyaya gəlib. Doğulduğu
gündən Viktorun tərbiyəsi ilə anası Sofi Trebuşe məşğul olmuşdu.
Özünün hökmlü və iradəli xarakteri sayəsində o, oğluna heç bir
sərbəstlik verməmişdi. Gələcək şairin romantik təbiəti sevgi
həsrətində idi, ancaq zabitəli ana gəncə ilk məhəbbəti Adel Fuşe
ilə görüşməyi qəti qadağan etmişdi. Yalnız anasının vəfatından
sonra atası o zaman artıq 19 yaşında olan gəncin iztirablarına son
qoyaraq sevgilisi ilə görüşməyə icazə verir. Hüqonun şair kimi
yetişməyi də bu dövrə təsadüf edir. Onun ilk şeirlər toplusu kral
XVIII Lüdovikin çox xoşuna gəlir və o, gənc şairə ildə 1200 frank
təqaüd təyin edir. Bu təqaüd lap yerinə düşür: belə ki, 12 oktyabr
1822-ci ildə Adel və Viktor Sen-Syülpis kilsəsində
nikahlanırlar.
Onlar xoşbəxt evlilik həyatı yaşamışdılar. Ərini sevən qadın
Viktora beş övlad bəxş etmişdi, Hüqonun özü isə nəinki təkcə
romançı kimi, həm də dramaturq kimi tanınmışdı. Onun pyesləri böyük
uğur qazanmış və Fransanın ən yaxşı səhnələrində tamaşaya
qoyulmuşdu. Viktor məşhurlaşıb zəngin olmuşdu.
Xoşbəxt ailə həyatına otuz yaşlı Viktorun gənc aktrisa Jülyetta
Drue ilə görüşü son qoyur. Bu görüş Paris teatrlarından birində
dramaturqun "Lukretsiya Borcia" pyesinin məşqlərində baş tutur.
Jülyetta bu pyesdə kiçik, ancaq çox parlaq bir rolu ifa edirdi.
"Təcrübəli" kurtizanka
Madmazel Drue Parisin ən gözəl və parlaq qadınlarından biri kimi
məşhur idi. Gənc olmasına baxmayaraq (onlar görüşərkən aktrisanın
cəmi iyirmi altı yaşı var idi), sadə xalq arasından çıxan Jülyetta
"təcrübəli" kurtizanka idi. Ağıllı azadlıqsevər qız təmtəraqlı
həyat keçirir, çoxsaylı sevgililərinin hesabına daş-qaş və qiymətli
libaslar alırdı. O, daima aşağı təbəqədən çıxan qızın da təhsilli,
mədəni olub əyanlar mühitində tanına biləcəyini sübut edərək
restoranlara və təntənəli zadəgan ziyafətlərinə getməkdən həzz
alırdı.
Həyatını alt-üst edən
Jülyetta Viktora dəlicəsinə aşiq olur. Uzun on bir ili məhəbbət
işlərində o qədər də məharəti olmayan Adellə yaşayan şair isə heç
ağlına da gətirə bilməzdi ki, qəlbində Jülyettaya qarşı yaranan
qəfil məhəbbət utancaq və cəsarətsiz gənci əzmli və təkəbbürlü
kişiyə çevirərək onun bütün həyatını alt-üst edəcək.
Onların əlli il sürən sevgi əlaqələri coşqun məhəbbət və ruh
düşkünlüyü mərhələlərindən keçmiş, həyəcanlı və iztirablı eşqə
sevinc bəxş etmiş, Viktorun ani xəyanətlərinin acılarını yaşamışdı.
Jülyetta Viktora əsl məhəbbət və hərarətli eşq dəsri keçmişdi.
Aktrisa şairin qəlbinə elə hakim olmuşdu, o, uzun illər sonra
Jülyettaya etiraf etmişdi ki, iki ad günü qeyd edir: 26 fevral
1802-ci il – dünyaya gəldiyi gün və 16 fevral 1833-cü il –
sevgilisi ilə ilk görüş günü.
Qanadları böyüyən mələk
Onların coşqun sevgi macərasından bir il sonra Hüqonun
Jülyettaya həsr olunmuş "Klod He" povesti çıxır. Viktor əsərin
titul səhifəsində yazmışdı: "Qanadları böyüyən mələyimə".
Onların məhəbbətinin səsi-sorağı hər yanı bürüyür, dostları
hərdəmxəyal aktrisa ilə məhəbbət sərgüzəştlərinə son qoymaq üçün
yazıçını dilə tuturlar. Hüqo dostlarının təklifinə cavab verərək
deyir ki, bu məhəbbət münasibətini kəsmək niyyətində deyil, çünki
onun sayəsində özünü "günahsız və namuslu olduğu vaxtlarından daha
yaxşı hiss edir". Yazıçının sevgilisi isə səhnəni tərk edərək,
çoxsaylı pərəstişkarlarından və zadəgan mühitindəki əyləncələrdən
uzaqlaşaraq Sent-Anastaz küçəsindəki kiçik evdə guşənişin olur.
Yazıçının ardınca
Jülyetta Drue aktrisalıq karyerasını qurban verdikdən sonra indi
tamamilə Viktor Hüqoya məxsus olur. O, Hüqonun kölgəsinə, eyni
zamanda həm qoruyucu mələyinə, həm də sevgilisinin bütün arzularını
sözsüz yerinə yetirərək onun köləsinə çevrilir. Jülyetta Hüqonun
şəxsi arxiv işlərini aparır, onun əlyazmalarını köçürürdü. Viktor
Fransadan qovulduqda isə Jülyetta yazıçının ardınca Hernsi
adalarına gedir.
Qısqanc sevgili əsl tirana çevrilir. Hüqo Jülyettaya evdən tək
çıxmağı qadağan edir və o, bəzən bir neçə gün Hüqonun kənardakı
çoxsaylı məhəbbət sərgüzəştlərindən sonra nə zaman dönəcəyini
gözləyirdi. Jülyetta saymışdı ki, təkcə bir il ərzində Viktor orta
hesabla 200 sevgili dəyişib. Ancaq növbəti sevgi macərəsını yaşayan
Hüqo yenidən və yenidən öz Jülyettasına qayıdardı. O isə sanki
özünün heç də təmiz olmayan keçmiş həyatını yuyurmuş kimi dözürdü,
bağışlayırdı və sevirdi.
Viktor Hüqo öz sevgilisinə məşhur "Dan şəfəqi nəğmələri"
toplusunu ithaf etmişdi. O, etiraf edirdi ki, Jülyettaya olan
sevgisi dünyada hər şeydən, hətta Allahdan, qızlarından və
şöhrətdən də vacibdir. Və yalnız Jülyetta onun ən zərif duyğularına
layiq "həqiqi arvadıdır".
Sevgilisinin doğum günündə ölüm
Yazıçının qanuni arvadı Adel ölümündən əvvəl hətta Jülyetta
Druedən bağışlanmağını rica etmişdi. Onun vəfatından sonra 1868-ci
ildə Jülyetta nəhayət ki, öz sevgilisi ilə birləşmiş və həyatının
son anınadək ondan ayrılmamışdı. O, 11 may 1883-cü ildə Viktoru
böyük və boş evdə tamamilə ümidsizlik içərisində qoyaraq bu dünyanı
tərk etmişdi.
Viktor onu son mənzilə yola salmaq üçün özündə güc tapa bilmədi.
Həyat bütün anlamını itirmişdi. Viktor Hüqo 22 may 1885-ci ildə öz
Jülyettasının ad günü vəfat etmişdi.
Onların - Hüqonun yazdığı 15 min məktubdan və Jülyettanın
yazdığı 17 min məktubdan ibarət olan - məktblaşmaları nəvaziş,
həyəcan və böyük məhəbbətlə doludur. Viktor Hüqo ölümündən əvvəl
sevgilisinə yazdığı son məktbunda isə sanki ona verdiyi əzablara
görə əfv diləyərək öz şəklini Jülyettaya "təqdim edir". Şəklin
arxasında isə bu sözlər yazılmışdı: "50 illik məhəbbət. Bu, bütün
nikahlardan daha yaxşıdır".
Tərcümə etdi:
Təhminə Bədəlova