Yuxarı

Sultan Səlim İsmayılın sarayından nələri aparıb?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sultan Səlim İsmayılın sarayından nələri aparıb?

Əvvəli burada

Səfəvilər dövləti bəzilərinin söylədiyi kimi sünni-şiə məzhəbinin mübarizəsi nəticəsində deyil, əsası XIII əsrdə Şeyx Səfiəddin İshaq (1252-1334) tərəfindən qoyulmuş Səfəviyyə sufi təriqətinin əsrlərlə apardığı mübarizənin məntiqi nəticəsi idi. Türk Piri, Türk oğlu kimi tanınan Şeyx Səfiəddin köklü Azərbaycan ailəsindən olduğu, türk mənşəli sufi-dərviş təriqətinin irsi şeyxi idi. Onun yaratdığı təriqətin dili də Azərbaycan türkcəsi idi.

Müqəddəs "Qırxlar Piri"nin abdalları tərəfindən illərlə həm zehni, həm mənəvi və həm də fiziki baxımdan hazırlaşdırılan İsmayılın üzərinə Bütov və Böyük Azərbaycan yaratmaq missiyası qoyulmuşdu. Bu, 12-13 yaşlı bir yeniyetmənin öz-özünə gəldiyi qənaət deyildi. Bu, müqəddəs amal əsrlərlə ruhlarda, qəlblərdə, şüurlarda yaşadılmış, nəsildən nəsilə ötürülərək və nəhayət ki, Ulu Şeyxlər vasitəsi ilə ünvanına çatdırılmışdır.

Aşıq sənətində coşqun, təntənəli, fəlsəfi-didaktik, ürfani ruhlu Baş Divani havası var. Bu hava bu gün də aşıq, dastan məclislərinin, ustadnamələrin əvvəlində ifa olunur və məclisin açılışını bildirir. Heç bir aşıq bu hünərli havanı ifa etmədən məclisə başlaya bilməz. Bu, aşıq sənətində bir qaydadır. Baş Divaniyə həm də Şah Divani də deyilir. Həmçinin, sazın pərdə və kök sistemində termin kimi işlədilir.

Bu havanın yaradıcısı ulu babalarının türk-şaman ənənələrindən irəli gələn ozan sənətinə mükəmməl yiyələnən, Səfəvilər sarayında ozan sənətinin sufi-təsəvvüf idealları ilə sintezini yaradan, Ozan-Haqq Aşiqinin, Qopuz-Saz keçidini, diz üstündə çalınmasını sinə üstündə çalınmasına keçidini həyata keçirən Miskin Abdaldır. Böyük ustad sənətkar Miskin Abdal bu havanı Şah İsmayılın şərəfinə yazmışdır. "Baş Divani" və ya "Şah Divani" Şah İsmayıl sarayında şah və əyanlarının dövlət məclisinin açılışında ifa olunurdu. İndiki anlamda bir növ dövlət himni funksiyasını yerinə yetirirdi.

"Baş Divani" və ya "Şah Divani"dən başqa aşıq sənətində "Şah Xətai" havası da mövcuddur və bu günə qədər ifa olunmaqdadır.

Şah İsmayıl Xətai dövrünün ən tanınmış, ən məşhur ustad aşıqlarını himayə etmiş, onların sənətlərini inkişaf etdirməkdə böyük dəstək göstərmişdir. Xalqın bədii yaradıcılığına, aşıq sənətinə ürəkdən bağlı olan Şah İsmayıl Xətai şeirlərindən birində belə deyir:

Bir gün ələ almaz oldum mən sazım,

Ərşə dirək-dirək çıxdı avazım.

Dörd şey vardır bir qarındaşa lazım,

Bir elm, bir kəlam, bir nəfəs, bir saz.

Səfəvilər sarayında çox böyük ustaq aşıqlar fəaliyyət göstərirdi. O dövrün ən məşhur Haqq aşiqi Aşıq Qurbani və ya Dirili Qurbani də özünü Şah İsmayılın müridi hesab edirdi. Görkəmli el sənətkarı Haqq aşiqi Qurbani onu "Mürşidi-kamalım, şeyx oğlu şahım" deyə tərənnüm etmişdir. Aşıq Qurbaninin zəngin yaradıcılığında Şah İsmayıl Xətaiyə həsr olunmuş şeirləri poeziyamızın gözəl nümunələrindən sayılır.

Xalqımız bu gün kimin nə deməsindən asılı olmayaraq qəhrəman oğluna, görkəmli dövlət xadimi, qüdrətli sərkərdə, böyük şair Şah İsmayıl Xətaiyə milli yaddaşında, bədii yaradıcılığında böyük abidə ucaltmışdır. Adı dastanlarda, nağıllarda əbədiyyətə qovuşmuşdur. İstər öz ədəbi yaradıcılığı ilə, istərsə də görkəmli sənətkarlarımızın bu böyük şəxsiyyətə həsr etdiyi əsərlərlə daim xalqımızın qəlbində yaşayacaqdır Şah İsmayıl Xətai. Yaşayacaq muğamlarımızda, aşıq havalarında, ustad şairlərin şeirlərində, bəstəkarların musiqisində, yazıçıların romanında, rəssamların rəsmində...

Sonda bir maraqlı məqamı da qeyd etməyi vacib hesab edirəm.

1514-cü ilin avqustunda Azərbaycan və Türkiyə tarixinin ən faciəli hadisəsi - Çaldıran döyüşü baş verdi. Döyüşdə qalib gələn Sultan Səlim Yavuz həmin ilin sentyabr ayında Təbrizə daxil olur. Osmanlı sultanı I Səlim Təbriz qəniməti olaraq Şah İsmayılın qızılbaş tacını, əlbəsələri və zinət əşyalarını, Səfəvi səltənətini əks etdirən qızıl-altın örtüklü, qiymətli daşlarla bəzədilmiş taxtı, minlərlə xəzinə mülkünü, tarixi sənədləri, üzəri qızıl naxışlarla, ləl-cəvahiratla bəzədilmiş şəxsi qılıncları, ox və kaman qabları, döyüş zirehləri və dəbilqələri, saray ziyafətində istifadə edilən, üzərində incə işləmələr olan qızıl camları, sürahiləri, gümüş məcməyiləri, yaqutla bəzədilmiş qədəhləri, Səfəvi saray xəzinəsinə məxsus olan, qızıl saplarla toxunmuş ipək xalçaları, bahalı parçaları, şah ailəsinə aid qiymətli geyimləri, Şah İsmayılın rəsmi fərmanlara və məktublara vurduğu qızıl və qiymətli daşlardan hazırlanmış dövlət möhürünü ələ keçirmişdir. Bundan başqa Səfəvi saray kitabxanasında qorunan, dövrün ən ustad xəttatları tərəfindən yazılmış və görkəmli rəssamlar tərəfindən işlənib hazırlanmış qiymətli kitablar, "Şahnamə" nüsxələri, Qurani-Kərimlər, elmi əsərlər, minlərlə sənət əsərləri və digər qiymətli mal-mülk karvanlarla İstanbula daşınmışdır.

O dövrdə Təbriz bütün Şərqin mədəniyyət və elmi mərkəzi sayılırdı. Səfəvi saray kitabxanasında minlərlə alim, ustad xəttatlar, rəssamlar çalışaraq dövrün ən qiymətli kitablarını hazırlayırdılar. Saray ədəbi məclisində ən məşhur şairlər, musiqiçilər fəaliyyət göstərirdi. Sultan Səlim Təbrizi Şərqin elmi və mədəniyyət mərkəzinə çevirən ən məşhur alimləri, şairləri, rəssamları, xəttatları musiqiçiləri və başqa sənət ustalarını da özü ilə İstanbula, Osmanlı sarayına aparmışdır. Akademik Həmid Araslının qeyd etdiyinə görə şair Həbibi 1514-cü ildə Təbriz ələ keçirildikdən sonra Osmanlı sulranı I Səlim tərəfindən Konstantinopola gətirilmiş 1700 incəsənət xadimindən biri idi. (Cengiz Sadıkoğlu. Habibi. İslam Ansiklopedisi (türk). İstanbil: Türkiye Diyanet Vakfı)

Həbibidən başqa Şah İsmayıl ədəbi məclisinin üzvü olan şairlərdən Şahi, Matəmi və başqa şairlər də İstanbula aparılanlar arasında olmuşdur. Görkəmli miniatür ustası rəssam Şahqulu da İstanbula aparılmış və Osmanlı sarayının baş rəssamı təyin olunmuşdur. Təbrizdən İstanbula gətirilən məşhur alimlər, nəqqaşlar, rəssamlar, xəttatlar, kitabxana və əlyazma mütəxəssisləri, cildçilər, zərgərlik və memarlıq ustaları və digər sənətkarlar Osmanlı saray incəsənətinin əsasını qoymuş və klassik Osmanlı üslubunun formalaşmasında birbaşa dönüş nöqtəsi olmuşdur. Təbrizli rəssamlar, xəttatlar, nəqqaşlar Osmanlı sarayının xüsusi incəsənət emalatxanası olan "Nakkaşhane-i-Amire" (Saray Nəqqaşxanası) daxilində çox mühüm vəzifələrə gətirildilər.

Səfəvi sarayının incə, dinamik və rəngarəng miniatür ənənəsi Osmanlı sarayınınn daha realist, sənədli üslubu ilə birləşdi. Bu iki fərqli baxışın vəhdətindən "Klassik Osmanlı Miniatür üslubu" yarandı.

Səfəvi sarayında hökmdarların qəhrəmanlıqlarını kitab halına gətirmək ənənəsi var idi. İstanbula gətirilən Təbriz ustaları Osmanlı sultanlarının yürüşlərini və saray həyatını qeydə alan "Süleymannamə" və "Şahənşahnamə" kimi möhtəşəm miniatürlü əsərlər ərsəyə gətirdilər.

Təbrizli xəttatlar o dövrdə Səfəvi coğrafiyasında çox populyar olan zərif və axıcı Nəstəliq xətt növünü Osmanlı sarayına və elmi mühitinə daxil etdilər. Bu xətt növü sonradan Osmanlı divan ədəbiyyatı və şeir kitablarının yazılmasında əsas xəttə çevrildi.

Kitabların üz qabıqlarının dəri üzərində incə naxışlarla bəzədilməsi, səhifə kənarlarının qızıl suyu ilə bəzənməsi (tezhib) sənəti Təbrizli ustaların sayəsində Osmanlıda ən yüksək səviyyəyə çatdı.

Təbrizli memar və ustalar İstanbul və Bursadakı məscidlərin, türbələrin daxili bəzədilməsində Səfəvi memarlığına xas rəngli şüşəli kaşı və kəsmə daş texnikasından istifadə etdilər. Bir çox tarixi binanın mehrabında "Amel-i Ustadan-i Tabriz" (Təbriz ustalarının işi) yazısına rast gəlinir.

Osmanlı sarayında klassik türk musiqi ənənələrinin yaranması və inkişafı Təbrizdən gəlmiş musiqiçi və bəstəkarların fəaliyyəti ilə sıx bağlıdır.

Beləliklə, əminliklə deyə bilərik ki, Şah İsmayıl dövrünün Təbriz incəsənəti olmaysaydı, bu gün heyranlıqla baxdığımız Topqapı Sarayı miniatürləri və Osmanlı kitab sənəti, ümumiyyətlə Osmanlı incəsənəti tam fərqli bir formada inkişaf edə bilərdi.

Düşünürəm ki, tarixi hadisələri tənqid etmək, məzhəbçilik mövqeyindən təftiş etmək doğru deyil. Tarixi hadisələrə elmi və siyasi qiyməti tarixçilər verməlidir. Özü də sırf tarixşünaslıq mövqeyindən.

Tarix
2026.08.17 / 14:59
Müəllif
Kamil Şahverdi
Digər xəbərlər

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla