Yuxarı

Nazirlik Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yaydı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yaydı

Azərbaycan Mədəniyyət Nazirliyi xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb.

Kult.az nekroloqun mətnini təqdim edir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqust 2026-cı il tarixində, ömrünün 96-cı ilində vəfat edib.

Tofiq Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda ustad tarzən, pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) skripka ixtisası üzrə təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasını iki ixtisas – 1953-cü ildə skripka (Aleksandr Amitonun sinfi), 1957-ci ildə bəstəkarlıq ixtisasları üzrə (Qara Qarayevin sinfi) bitirib.

Tofiq Bakıxanov tələbəlik illərindən ifaçılıq fəaliyyəti ilə məşğul olub. Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan Radiosunun simfonik orkestrində solist kimi fəaliyyət göstərib.

Zəngin yaradıcılığa malik bəstəkar üç balet ("Xəzər balladası", "Şərq poeması", "Xeyir və Şər"), beş simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Hümayun", "Dügah"), 8 simfoniya, 100-ə qədər mahnı və romans ərsəyə gətirib. Həmkarı Nəriman Məmmədovla birlikdə üç komediyaya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir") musiqi yazıb. Bəstəkar həmçinin skripka, viola, violonçel, fleyta ilə fortepiano üçün 20-dən artıq sonatanın, trio, kvartet və kvintetlərin, eləcə də müxtəlif alətlərlə simfonik orkestr üçün 26 konsertin müəllifidir.

Professor Tofiq Bakıxanov eyni zamanda yarım əsrdən çox Bakı Musiqi Akademiyasında pedaqoq kimi çalışıb, yeni musiqiçi nəsillərin yetişdirilməsinə öz töhfəsini verib.

Yaradıcı fəaliyyətində bəstəkarlıqla ifaçılığı ahəngdar şəkildə birləşdirən görkəmli musiqi xadimi Fransa və Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq festivallarda iştirak edib, Türkiyə, İran, Bolqarıstan, Gürcüstan və Rusiyada müəllif konsertləri verib.

Tofiq Bakıxanovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, respublikanın "Əməkdar incəsənət xadimi" (1973), "Xalq artisti" (1990) fəxri adlarına, "Şöhrət" (2000), "Şərəf" (2021) və 1-ci dərəcəli "Əmək" (2025) ordenlərinə layiq görülüb. Sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Tofiq Bakıxanovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir".

Tarix
2026.08.24 / 09:28
Müəllif
Kult.az
Digər xəbərlər

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla