Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevaya həsr olunan yeni kitab nəşr
olunub.
AzərTac-ın
xəbərinə görə, Fondun icraçı direktoru Anar Ələkbərovun müəllifi
olduğu kitabda Mehriban Əliyevanın ölkənin ictimai-siyasi
həyatındakı fəaliyyəti diqqətə çatdırılmaqla yanaşı, Mehriban
Əliyevaya məxsus keyfiyyətlər ayrı-ayrı hadisələrin fonunda təqdim
edilir. "Mehriban" adlı kitabda ölkənin birinci xanımının Vətənə və
xalqa sevgisi, müxtəlif məsələlərə yanaşması, Azərbaycan
Prezidentinin siyasətinə dəstək olaraq həyata keçirdiyi işlər, onun
hər bir məsələdə insanların maraqlarını rəhbər tutması əksini
tapıb.
Kitabdan bəzi hissələri oxuculara təqdim edirik:
O, yalnız ölkənin birinci xanımı deyil, hamının əzizi,
dogma Mehribanıdır
"Mehriban xanım haqqında yazmaq və fikir söyləmək böyük
məsuliyyət tələb edir. Bu gün ölkənin ictimai həyatında adı
bütün sahələrə nüfuz etmiş birinci xanım barəsində müxtəlif
kitablar yazılıb, ölkə daxilində və xaricində onun fəaliyyətini
təfərrüatı ilə əks etdirən materiallar nəşr olunub. Əsasən rəsmi
məlumatların yer aldığı bu nəşrlər onun xarakteri, daxili aləmi
barədə dolğun təəssürat yaratmır. Bu səbəbdən peşəkar
fəaliyyətimin böyük hissəsinin onun adı ilə sıx bağlı olduğunu
nəzərə alaraq, bu gün ölkəmizdə xeyirxahlıq rəmzinə çevrilən
Mehriban xanım haqqında yazmaq və onun ictimai şüurda formalaşmış
bitkin portretinə yeni cizgilər əlavə edərək daxili aləmini təqdim
etmək istədim. Bu illər ərzində mən onun insanlara qayğıkeş
münasibətini, vətəndaşların müraciətlərinə, ehtiyaclarına necə
diqqətlə yanaşmasını, valideyn qayğısından məhrum olmuş uşaqlara
himayədarlıq etdiyini, bir sözlə, böyük ürək sahibi olduğunu
gördüm. O, öz əməlləri ilə sevilir, insanların hörmətini və
etimadını qazanır. Məhz bu sevginin sayəsində o, yalnız ölkənin
birinci xanımı Mehriban Əliyeva deyil, hamının əzizi, doğma
Mehribanıdır".
Azərbaycanın birinci xanımı
öz fəaliyyəti ilə bütün dünyada tanınır, o, həm də çox
gözəldir
"Adətən, hər bir ölkənin birinci xanımı öz ölkəsində elmə,
mədəniyyətə və təhsilə diqqət yetirir. Mehriban xanımın diqqətindən
kənarda isə heç bir sahə qalmır; o, bütün bilik və bacarığını
müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir. Bu gün
əminliklə söyləyə bilərik ki, Azərbaycanda son illər ərzində
formalaşmış birinci xanım institutu dünyanın bir çox ölkələri
üçün örnək ola bilər.
Ölkə Prezidentini müxtəlif səfərlərdə müşayiət edən birinci
xanımın davranışı və görünüşü xarici kütləvi informasiya
vasitələri üçün ayrıca müzakirə mövzusu olur. Mehriban xanımın
xarici ölkələrdə yaşından asılı olmayaraq hər kəs tərəfindən, hətta
uşaqlar tərəfindən tanınmasının dəfələrlə şahidi olmuşam. 2007-ci
ilin sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin
Rumıniyaya işgüzar səfəri çərçivəsində Heydər Əliyev Fondunun bu
ölkədəki nümayəndəliyinin açılış mərasimi idi. Tədbirdə hər iki
ölkə prezidentlərinin və onların xanımlarının iştirakı nəzərdə
tutulmuşdu. Hər ehtimala qarşı birinci xanımlara gül dəstələri
təqdim edəcək gənc rumın qızlarına yaxınlaşaraq protokolda nəzərdə
tutulduğu kimi onlardan hansının Azərbaycanın, hansının isə
Rumıniyanın birinci xanımına gül dəstəsini verməsini izah etdim və
qonaq qismində olan Mehriban xanımı tanıyıb-tanımamaları barədə
soruşdum. Hər ikisinin gülümsəyərək, səmimiyyətlə bir ağızdan
"Biz öz ölkəmizin birinci xanımını üzdən tanımırıq. Azərbaycanın
birinci xanımı öz fəaliyyəti ilə bütün dünyada tanınır, o, həm
də çox gözəldir" söyləməsi xoş və unudulmaz təəssürat
bağışladı".
Mehriban Əliyeva ən xırda təfərrüatları belə təhlil
etmədən qərar vermir
"O, iti müşahidəçilik qabiliyyətinə malikdir. Görüşlər,
təbdirlər zamanı heç nə diqqətindən kənarda qalmır, illər öncə
müşahidə etdiyi hansısa bir hadisəni bütün təfərrüatı ilə
xatırlaya bilir. Hər şeyə praqmatik yanaşır, dərindən təhlil edir
və düzgün qərar verməyi bacarır. Ən xırda təfərrüatları belə
təhlil etmədən qərar vermir".
O, heç kimi ümidsiz qoymur
"Mehriban Əliyeva sadəliyi və səmimiliyi ilə insanların
sevgisini qazanıb. Ölkə başçısı ilə regionlara səfər edərkən
onlarla görüşə toplaşan insanlarla çox mehriban davranmağı,
müraciət edən hər kəsə diqqət göstərməsi, bəzən hətta kənarda
dayanmış yaşlı bir insana yaxınlaşaraq hal-əhval tutması bunun
əyani sübutudur.
2005-ci ilin aprel ayında Şamaxıya səfər çərçivəsində Şamaxı
şəhər internat orta məktəbi ilə tanışlıq zamanı məcburi köçkün
ailələri Mehriban xanıma yaxınlaşaraq ondan məskunlaşdıqları
yataqxanaya baş çəkməsini xahiş etdilər. Təbii ki, səfər proqramına
daxil olmayan bu gözlənilməz təklif təhlükəsizlik baxımından
mühafizə xidməti tərəfindən birmənalı olaraq müsbət qarşılanmadı
və məndən təkidlə xahiş olundu ki, Mehriban xanıma bu təklifi qəbul
etməməyi çatdırım. Onun xasiyyətinə yaxşı bələd olan bir insan
kimi, Mehriban xanımın ona üz tutmuş insanlara biganə
yanaşmayacağına, əksinə ondan kömək uman hər bir kəsin olduğu kimi,
bu insanların da problemlərini dinləyəcəyinə və həllinə
çalışacağına əmin olduğumu bildirdim. Əlacsız qalan mühafizə
xidməti protokol qaydalarını pozaraq Mehriban xanıma yaxınlaşıb
israrla yalnız protokolda nəzərdə tutulmuş obyektləri ziyarət
etməyi məsləhət gördü. O, gülümsəyərək məcburi köçkünlərin
əhatəsində, onlarla söhbət edə-edə yataqxanaya doğru getdi.
Mehriban xanımın buraya gəlişi onu səbirsizliklə gözləyən
insanların, uşaqdan tutmuş ağsaqqallara kimi hər bir kəsin hədsiz
sevincinə səbəb oldu. O, hamını təmkinlə dinləyir, mövcud
problemlərin araşdırılaraq imkan daxilində aradan qaldırılacağını
söyləyirdi. Və cəmi bir neçə ay sonra- 2006-cı ildə Mehriban
xanımın Şamaxıda keçirdiyi növbəti görüş məcburi köçkünlərə
sonsuz sevinc bəxş etdi – burada vaxtilə internat məktəbinin
yataqxanası olmuş köhnə bina əsaslı şəkildə yenidən qurularaq və
zəruri avadanlıqla təchiz edilərək çətin şəraitdə yaşayan gənc
məcburi köçkün ailələrinin istifadəsinə verildi".
Şəfqət onun xarakterinin nəzərə çarpan
xüsusiyyətidir
"Mehriban xanımın uşaq evlərindəki körpələrlə görüşlərdən sonra
qəlbində kədərli hislərin baş qaldırdığının dəfələrlə şahidi
olmuşam. Uşaq evləri və internat məktəblərini ziyarət edərkən hər
bir xırdalıqlara fikir verir, mütləq mətbəxə baş çəkir, uşaqların
qidalanması ilə maraqlanır, bütün şəraiti nəzərdən keçirir. Bu
gün valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə
alan uşaqlar onun sayəsində qayğı və diqqətlə əhatə olunub, onlar
üçün sözün əsl mənasında ailə mühiti yaradılıb".
Azərbaycanda qadın hərəkatında yeni bir
mərhələ
"Mehriban xanım öz fəaliyyəti ilə Azərbaycanda qadın hərəkatını
canlandıraraq onun tarixində yeni bir mərhələ açdı. Mehriban
xanımın milli maraqlara söykənən çoxşaxəli fəaliyyəti müasir
Azərbaycan qadınının cəmiyyətdəki mövqeyi və rolu barədə aydın
təsəvvür yaradır. Onun şəxsiyyətində Azərbaycan qadını üçün
səciyyəvi olan yüksək humanizm və qayğıkeşlik kimi keyfiyyətlər
parlaq təcəssümünü tapıb".
Əzmkarlıq, işləri düzgün qurmaq bacarığı bütün
problemləri həll edir
İlk zamanlar Mehriban xanımın millət vəkili olduğu Xəzər
rayonunda ictimaiyyətlə görüşlərinin keçirilməsi üçün müvafiq
yer müəyyən edə bilmirdik. Rayonda normal şəraiti olan mədəniyyət
mərkəzi belə yox idi, görüşləri köhnə məktəb binalarının akt
zalında keçirmək məcburiyyətində idik. Elə o vaxtlar Mehriban
xanımın tapşırığı ilə rayonda mövcud olan problemlərin ardıcıl və
vaxtında həyata keçirilməsi məqsədi ilə Əzizbəyov rayonunun
İnkişafı Fondu (indiki Xəzər İnkişaf Fondu) təsis edildi. Bu gün
artıq Xəzər rayonu tamamilə yeni mənzərəyə malikdir. İnsanları ən
çox narahat edən problemlər uğurla həllini tapıb. Yeni yollar
çəkilib, parklar salınıb, təhsil, tibb, mədəniyyət obyektləri
istifadəyə verilib. Mehriban xanım öz fəaliyyəti ilə sübut etdi
ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli
mümkünsüz sayıla biləcək heç bir problem yoxdur.
...2005-ci il. Xəzər rayonu ictimaiyyəti ilə görüş keçirilir.
Zirədə keçirilən görüş zamanı ağbirçək bir qadın Mehriban xanıma
yaxınlaşaraq onu sidq ürəklə öz evinə çay içməyə dəvət edir.
Mehriban xanım gələn dəfəki səfəri zamanı mütləq onun qonağı
olacağına söz verir. Bir neçə ay sonra, 2006-cı ilin fevralında
Xəzər rayonunda keçirilən tədbirlər bitəndən sonra Mehriban xanım
həmin o qadının, 80 yaşına çatan Badam nənənin evinə getməyi
unutmur. Uzun illər qəsəbə sovetinin katibi, sonra isə uşaq
bağçasının müdiri işləmiş, öz həmyerlilərinin hörmətini qazanmış
Badam nənə onu sonsuz sevinc hissi ilə, ən xoş sözlərlə
qarşılayaraq, verdiyi bütün vədlərə əməl edən Mehriban xanıma
səmimi arzularını yetirdi. Mehriban xanım onunla hal-əhval tutaraq
səhhəti ilə, dolanışığı, ailənin vəziyyəti ilə maraqlandı, öz
hədiyyələrini təqdim etdi, onun mənzilinin təmir edilməsi və
avadanlıqla təmin olunması barədə tapşırıqlarını verdi.
…İctimai şüurda xeyirxahlıq mücəssəməsi kimi qəbul edilən
Mehriban xanımın insani keyfiyyətləri, ailə dəyərlərinə sadiqliyi
onun görkəmli alim, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat
elmləri doktoru, akademik Arif Paşayevin və Azərbaycanda ərəb
ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk qadın-professor Aida
İmanquliyevanın övladı, Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyev və tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın
gəlini olmasından da qaynaqlanır.
O, hər zaman xalqımızın mövqeyindən çıxış edərək
Azərbaycan üçün çox böyük işlər görüb və bu işlərin altına öz
imzasını atıb".
Qeyd edək ki,
"Mehriban" adlı kitabda Mehriban Əliyeva ilə bağlı maraqlı
məqamlarla yanaşı, ölkənin birinci xanımının ailə üzvləri, eləcə də
tanınmış ictimai-siyasi xadimlərin fikirləri yer alıb.