Ana səhifə Kult |
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, xalq yazıçısı Kamal Abdulla İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari ilə görüşüb.
Kult.az xəbər verir ki, ADU-nun rektoru K.Abdulla qonağı universitetdə görməkdən şad olduğunu bildirib. İtaliya universitetləri ilə əməkdaşlıqdan məmnun olduğunu deyən rektor əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində görüşün əhəmiyyətini xüsusi vurğulayıb. Rektor qonağın “Səfir saatı”nda tələbələrlə görüşü qəbul edib gəldiyinə görə, təşəkkürünü bildirib. İtaliya ilə Azərbaycanı bir çox cəhətlərin, isti münasibətin birləşdirdiyini deyən rektor, Azərbaycan Prezidentinin multikulturalizmin təbliği istiqamətində gördüyü işlərə ən tez cavab verən ölkələrdən birinin İtaliya olduğunu diqqətə çatdırıb. İtalya mədəniyyətinə, ədəbiyyatına, Qədim Roma antik mədəniyyətinə olan məhəbbətin bu gün də Azərbaycanda yaşadığını bildirən rektor İtaliya universitetləri ilə əlaqələrin bundan sonra da dərinləşəcəyinə, tələbələrin daha sıx dostluq əlaqələri quracağına inandığını bildirib.
Səfir səmimi qəbula görə təşəkkürünü bildirib. A.Massari italyan dilinin tədrisi üçün dərs materiallarının alınması və təhvil verilməsi məqsədilə ADU-nun İtalyan dili mərkəzi ilə aparılan danışıqlar əsasında İtaliyanın Xarici İşlər Nazirliyi tərəfindən göndərilmiş italyan dilində 90 kitab və dərslikləri təqdim edib. İtalyan dili mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən səfir təqdim etdiyi kitabların mərkəzin gələcək uğurlarında mühüm rol oynayacağına inandığını deyib.
O, irəliləyən zamanlarda mərkəzlə əlaqələrin genişləndirilməsi və daha çox əməkdaşlıq imkanlarının yaranması istiqamətində təkliflərin qiymətləndiriləcəyini diqqətə çatdırıb. Azərbaycanda səfir kimi fəaliyət göstərməsindən məmnun olduğunu deyən diplomat ölkəmizdəki xoş münasibəti daim hiss etdiyini dilə gətirib. ADU-da yerli müəllimlərlə yanaşı, italiyalı dil müəllimin fəaliyyə göstərdiyini deyən A.Massari dilin birbaşa dil daşıyıcısından öyrənməyin effektiv olduğunu söyləyib.
ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov universitetlə İtaliya səfirliyi arasındakı əməkdaşlığın əhəmiyyətindən söz açaraq bu əlaqələrin iki ölkə arasındakı əlaqələrə uğurlu investisiya olduğunu qeyd edib. O, Azərbaycanla İtaliya arasında əlaqələrin xüsusi məzmunu olduğunu deyib. N.Məmmədov rektor Kamal Abdullanın da İtaliya universitetləri ilə əlaqələrin qurulmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin gələcək perspektivlər, iki ölkənin universitetləri arasında əlaqələrin qurulması, tələbə-müəllim mübadiləsi, birgə layihələr, görüşlərin təşkil olunması haqqında məsələlər müzakirə olunub.
Daha sonra səfir “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşüb.
A.Massari görüşdə tələbələrə İtaliya və Azərbaycan arasındakı əlaqələr haqqında məlumat verib. O, italyan dilini öyrənməyin üstünlükləri və yolları haqqında danışıb. Səfirliyin Azərbaycanda gördüyü işlərdən, layihələrdən, təqaüd proqramlarından danışan A.Massari "MAECI Təqaüdləri" - İtaliyanın Xarici İşlər Nazirliyi tərəfindən təklif olunan təqaüd proqramının 2020-ci ildə də davam edəcəyini bildirib. O qeyd edib ki, bu illər ərzində təklif olunan təqaüdlər onlarla italyandilli azərbaycanlı tələbələrin ölkəmizdəki universitetlər tərəfindən təklif olunan üç aylıq italyan kurslarında iştirak etməsinə imkan verib.
Tarix
2019.12.09 / 22:55
|
Müəllif
Kult.az
|