Anna Frankın rəfiqəsi danışır: "Onu düşərgədə gördüm.
Üstündə ancaq adyal var idi…"
İkinci dünya müharibəsi ərəfəsində müharibənin simvoluna
çevrilən Anna Frankın bu gün 85 yaşı olan uşaqlıq dostu Nanette
Konig ötən günləri unuda bilmir. Nannette bu yaxında "National
Geographic" kanalının jurnalistlərini öz evində qəbul edib və
onlara xatirələrindən danışıb.
Nannette ilə Anna iksi də Alman hakimiyyətindən qaçan yəhudi
ailələrinin qızları olub. Onlar Hollandiyada birlikdə oxuyublar.
Müəllimləri də yəhudi olub. Və o da qaçaq…
Nanette və Anna çox yaxın rəfiqə idilər. Bütün yəhudi şagirdlər
kimi onlar da "ikinci qrup adam" hesab olunduqlarının fərqində
idilər. Onlar bir-birinə dəstək olaraq pis günlərə sinə gərməyə
çalışırdılar. Bir daha evə qayıda bilməyəcəklərindən əmin idilər,
hətta öldürülə də bilərdilər. Nannette bu günləri hələ də dünən
kimi xatırlayır.
Beləliklə, Anna Frankın rəfiqəsinin onunla bağlı
xatirələri:
"Anna ilə yanaşı otururduq, çox yaxşı dost idik. Gələcəkdə
yaşayacağımız gözəl günlərin xəyalını qururduq. Bu da həyatda qala
bilmək səbəblərimizdən biri idi. Onun həmişə populyar olmaq
istədiyini xatırlayıram. Həyat eşqi ilə dolub-daşan bir uşaq idi.
Danışmağı sevir və oğlanlarla qurduğu dialoqlardan tez-tez bəhs
edirdi. Ümumiyyətlə, sinifimizdıkilər bir-biri ilə çox yaxşı yola
gedirdi. Hamımız məlum səbəblərə görə orda idik və bir-birimizə
dəstək olurduq. Evlərimizdən didərgin düşmüşdük. Heç vaxt geri
qayıtmama ehtimalımızın olduğunu da yaxşı dərk edirdik".
O günlərdə saat 8-dən sonra küçəyə çıxmaq qadağası var idi.
Axşamüstü uşaqların bir-birini görməsi üçün imkan yox idi. Amma
1942-ci il iyunun 12-də sinifdəki uşaqlar Annanın ad gününü qeyd
etmək üçün bir yerə yığıldılar. Müəllimləri onlar üçün balaca bir
yığıncaq təşkil etmişdi. Partidə Nanette Annanın ailəsindən gələn
hədiyyə paketindən nə çıxdığına maraqla baxır – gündəlik! Artıq
Anna hər gün bu gündəliyə öz düşüncələrini yazacaq, illər sonra isə
bütün dünya bu gündəlikdən xəbər tutacaq. Bəli, söhbət Anna Frankın
o məşhur gündəliyindən gedir…
"Annanın ad günü münasibətilə yığışmışdıq. Bütün sinif
yoldaşlarımız orada idi. Proyektorla divarda bir film izlədiyimizi
xatırlayıram. Hamımız üçün necə də orijinal bir şey idi…"
Frank ailəsi iki il boyunca kitabxananın arxasından girişi olan
balaca bir otaqda yaşayıb. Sözügedən ev bu gün dünyanın ən çox
ziyarət edilən ev-muzeylərindən biri kimi fəaliyyət göstərir.
O il Hitler ordusunun Hollandiyaya girməsi ilə burdakı
yəhudilərə də, Almaniyadakı kimi məhdudiyyətlər və qadağalar tətbiq
olunmağa başladı. Nanette və ailəsi Bergen-Belsen düşərgəsinə
göndərildi:
"Bizi 36 saat bir yerdə gözlətdilər. Nə olacağını bilmirdim.
Əslində, çox şanslı idim, çünki nəzarətçi hirslənib, hara gəldi,
atəş açanda bir neçə adam dünyasını dəyişdi, mənsə sağ qaldım. Çox
kiçik bir şansla sağ qaldım…"
İyul ayında Anna Frankın ailəsi bir yazı qoyaraq gözdən itdi.
Yazıda İsveçrəyə qaçdıqları yazılmışdı, amma əslində, hələ də orada
idilər, gizlənirdilər. Annanın atası Ottonun ofis tikilisinin
arxasında yerləşən gizli yerdə idi. İki il boyunca Anna Frankın
gündəliyində yazdığı "gizli otaq" Prinsenqraşt küçəsinin 263
nömrəli mənzilinin çardağı idi. Frank ailəsinin yanında etibar
etdikləri yaxın adamlar da var idi. Gizləndikləri müddətdə Anna
qorxularını, ümidlərini, yaşantılarını qeyd etdiyi bir gündəlik
tutdu.
Ancaq avqust ayında kimsə polisə zəng vurub Frank ailəsini
satır. Anna Frank və ailəsi gizləndikləri yerdə tutulur. Onları
satanın kim olduğunu Frank ailəsi heç vaxt öyrənə bilmədi. Ailə
üzvləri isə ayrı-ayrı düşərgələrə göndərildi.
İki rəfiqənin yolu illər sonra Polşadakı düşərgədə yenidən
kəsişir. Nannette köhnə rəfiqəsi Annanı gördüyü ilk anı belə
xatırlayır: "Bir dəri, bir sümük qalmışdı. Üstündə isə ancaq adyal
var idi. Hələ də bir-birimizi necə tanıdığımıza təəccüblənirəm.
Tükənmişdi. Paltarlarına bit düşdüyü üçün çılpaq bədəninə adyal
örtmüşdü. Onu elə görəndə çox pis oldum. Mənim tanıdığım Annadan
əsər-əlamət qalmamışdı".
Düşərgədə yaşayan qızlar bir neçə dəfə görüşüb, danışmaq imkanı
tapırlar:
"Mən yeddinci düşərgədə idim, o isə səkkizinci. Onu bir neçə
dəfə gördüm. Gizlənməyindən, gizlənib yaşamağın nə qədər çətin
olmasından danışırdı. Mənə gündəliyindən də danışdı. Müharibədən
sonra bu gündəlik əsasında kitab yazmaq istəyirdi".
Anna müharibənin qurtarmasına iki ay qalmış yatalaqdan dünyasını
dəyişdi. Atası Otto Frank sovet ordusunun gəlməsi ilə düşərgədən
xilas oldu. Onun əlində Annadan qalan gündəlik var idi. Onu
dəfələrlə oxudu. İllər sonra Nanette Annanın atasına qızının bu
haqda kitab yazmaq istədiyini dedi:
"Otto Franka qızının arzusunu dedim. O da gündəliyi çap etdirmək
qərarına gəldi. 1947-ci ildə gündəlik ilk dəfə çap olundu. Məncə,
Annanın ruhu buna görə şaddır…"