"Quaro" şirkəti dünyanın o
qədər də diqqətində olmayan, ancaq gözəlliyi ilə insanı heyran
qoyan yeddi memarlıq abidəsinin siyahısını tərtib
edib.
Axar.az şirkətin rəsmi veb səhifəsinə istinadən bu tarixi
abidələrin siyahısını təqdim edir:
1. Böyük Canna məscidi – Mali
1907-ci ildə inşa edilən bu məscid dünyanın ən böyük kərpic
binasıdır. Sudandan Atlantika sahillərinə qədər uzanan qurşaqdakı
ən gözəl tikili hesab olunan bu məscid YUNESKO-nun "Dünya mirası"
siyahısında da yer tutur. Quraqlıq zamanı divarlarında çatlar əmələ
gəldiyindən bina hər ilin yazında əhali tərəfindən keçirilən
festivalda bərpa olunur və yenidən suvanır.
2. Parlament Sarayı – Rumıniya
Dünyanın ən böyük və ən bahalı binası Buxarestdə yerləşir.
Rumıniyanın keçmiş lideri Nikolay Çavuşeski tərəfindən 1984-cü ildə
tikilən bina 12 mərtəbəlidir.
3100 ədəd otağı olan bina 330 min kvadrat metr ərazini əhatə
edir.
3,3 milyard avroya başa gələn bu tikili uğrunda 30 kilsə və
sinaqoqun, eləcə də, yüzlərlə adi tikilinin dağıdıldığı
məlumdur.
3. Deravar Qalası – Pakistan
Çöllüyün ortasında inşa edilən qala 40 bürcdən ibarətdir. Hər
biri 30 metr hündürlüyündə olan bürclərin ümumi diametri 1500 metrə
çatır. Ölkənin mərkəzindən kənarda yerləşən bu qala pakistanlılar
üçün böyük əhəmiyyət kəsb edir.
4. Çand Baori – Hindistan
Ölkənin şimal-qərbində yerləşən bu qəribə tikilinin pilləkənləri
ilə böyük bir su quyusuna enmək olur. Ümumilikdə 3500 simmetrik
pilləkəndən ibarət olan bu qala IX-X əsrlərdə Hind hökmdarlarından
biri tərəfindən inşa etdirilib.
5. Mostar körpüsü – Bosniya və Herseqovina
Bu körpü Mostar şəhərindən keçən Neretva çayı üzərində 1566-cı
ildə osmanlılar tərəfindən inşa edilib. Sözügedən körpünü Memar
Sinanın şagirdi Memar Xeyrəddin yaradıb. Körpünün tikilməsində 456
daşdan istifadə olunub.
Mostar körpüsü 24 metr hündürlüyündədir. Sözügedən şedevr əsər
islam memarlığının Balkan yarımadasında yerləşən ən böyük memarlıq
nümunələrindən biri hesab olunur.
1990-cı illərdə Bosniya müharibəsi zamanı dağıdılan körpü
müharibədən sonra yenidən bərpa olundu və istifadəyə verildi.
6. Böyük Hind səddi – Hindistan
Böyük Çin səddini, yəqin ki, hər kəs tanıyır. Amma Hindistanda
da bu səddin eynisinin olduğunu çoxları bilmir. Hind Səddi Çin
səddindən sonra dünyanın ikinci ən uzun səddidir.
1443-cü ildə inşa edilib.
7. Şeyx Lütfulla Məscidi – İran
İsfahanda yerləşən bu məscid Səfəvilər dövrünün memarlıq
abidələrindən biridir.
1603-1619-cu illərdə Şah Abbasın dövründə tikilmiş bu məscid
hökmdarın xanımlarının ibadət etməsi üçün inşa edilib.