1980-ci ilin 31 martında Leonid İliç Brejnev ədəbiyyat
üzrə Lenin mükafatına layiq görüldü.
Axar.az bildirir ki, 31 mart 1980-ci ildə Sovet İttifaqı
tarixində böyük bir hadisə baş verdi – Kremlin Sverdlovski zalında
təntənəli Lenin mükafatlandırma mərasimi keçirildi. Sovet İttifaqı
Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnev
ədəbiyyat üzrə Lenin mükafatına layiq görüldü. Sovet lideri bu
mükafata ona aid olduğu iddia edilən trilogiyaya – "Kiçik torpaq",
"Dirçəliş" və "Ayaq dəyməmiş torpaq" kitablarına görə layiq
görüldü.
Brejnevin ədəbiyyat mükafatına layiq görülməsi SSRİ xalqlarına
əməlli-başlı lətifə mövzusu oldu. Brejnevin sözügedən trilogiyanın
müəllifi olduğuna SSRİ ərazisində heç kim inanmadı. Rəhbərin o
dövrlərdəki səhhəti o qədər də yaxşı deyildi. O, ağır xəstəlikdən
əziyyət çəkirdi. Hansı trilogiya yazmaqdan söhbət gedə bilərdi?
Beş il ərzində – 1976 -1981-ci illərdə – Brejnev üç dəfə Sovet
İttifaqı Qəhrəmanı adına layiq görüldü, 1978-ci ildə ona ən yüksək
hərbi orden hesab olunan "Qələbə" ordeni verildi. Elə həmin illərdə
də Brejnev marşal rütbəsinə yüksəldi.
Tez bir zamanda Sovet liderinin sinəsi fəxri ordenlərlə doldu –
üç dəfə Sovet İttifaqı Qəhrəmanı ordeni, Qızıl Ulduz ordeni, Alman
Demokratik Respublikası Qəhrəmanı ordeni və sairə və ilaxır...
Baş katibin orden və medallara olan bu ehtirası bütün xalqın
gülüş obyektinə çevrildi. Hətta deyirdilər ki, Brejnevə "Qəhrəman
ana" ordeni də veriləcək. Çünki ölkədə Brejnevin layiq görülmədiyi
bircə bu orden qalmışdı.
***
Brejnevin trilogiyası ilk dəfə 1978-ci ildə işıq üzü görüb.
Sonradan isə dünya klassikləri ilə belə müqayisə oluna bilməyəcək
dərəcədə yüksək tirajla çap olunmağa başlayıb. Kitabların hər biri
15 milyon tirajla dərc edilib. Bundan sonra trilogiyanı operativ
olaraq dünyanın 65 dilinə tərcümə edib 120 fərqli kitabxanaya
yollayıblar.
Brejnevin əsərlərinin televiziya və radioda təbliğatı üçün
"Ştirlis" – SSRİ xalq artisti Vyaçeslav Tixonov cəlb edilmişdi.
Sözügedən trilogiya məktəb proqramlarına daxil edilmişdi. Bütün bu
kabus Brejnevin ölümünə qədər davam etdi. 1982-ci ilin noyabrında
Brejnevin ölümündən sonra kitabın təbliğatı axsamağa başladı.
1987-ci ildə trilogiya kitab mağazaları və kitabxanalardan
yığışdırıldı.
Bəs əslində trilogiyanın müəllifi kim idi? Brejnevin
əsərlərini kim yazmışdı?
Bu sualın çoxversiyalı cavabları var. Mümkün ehtimallardan biri
1970-1978-ci illərdə İTAR-TASS-ın baş direktoru olan Leonid
Zamyatindir. Zamyatinə Brejnev dəfələrlə uşaqlıq, gənclik
xatirələrindən, iş səfərlərindən, iştirak etdiyi döyüşlərdən
danışıb. Leonid Brejnev öz qəhrəmanlıqları, əsgərlik xatirələrindən
hər kəsin oxuyacağı bir kitab yazmaq istəyirdi. Bu işdə ona bir
yox, bir neçə nəfər kömək olub. Zamyatinlə birgə "Brejnevin
yazıçıları" komandasında Vitali İqnatenko, Aleksandr Murzin və
digərləri də var idi.
1991-ci ildə məşhur jurnalist Aleksandr Murzin "Xam torpaqlar"
kitabının müəllifi olduğunu rəsmi elan etdi. Qeyd edək ki,
sözügedən kitabda Brejnevin Qazaxıstan səfəri və xatirələri yer
alıb. Murzinin sözlərinə görə, "Kiçik torpaq" kitabının müəllifi
məşhur publisist Arkadi Saxnin, "Dirçəliş" kitabının müəllifi isə
Anatoli Aqnanovskidir.
Maraqlısı budur ki, Saxnin Murzinin verdiyi bu açıqlamadan sonra
onu məhkəməyə vermək qərarına gəlib. Onun sözlərinə görə, adının
heç bir Brejnev trilogiyası ilə yanaşı çəkilməsini istəmir və
Murzin bu açıqlamasına görə məhkəmə önündə cavab verməlidir.
Amma təbii ki, heç bir məhkəmə-filan olmur.