Aprelin 25-dən Kiçik Qala
Art qalereyasında qeyri-adi "Düymə" sərgisi açılıb.
Axar.az xəbər verir ki, "Düymə" sərgisi müxtəlif peşələr üzrə
ixtisaslaşan gənc və istedadlı rəssamları bir araya gətirib.
Keramika, heykəltəraşlıq, qobelen, rəsm və qrafik dizayn üzrə
ixtisaslaşan rəssamların əl işləri geyimin bu əvəzedilməz
predmetinin mistik və funksional simvolikası üzərində qurulub.
Sərginin dörd iştirakçısı yaradıcı konsepsiya əsasında
birləşərək özündə təsviri incəsənət, heykəltəraşlıq nümunələri,
qrafik dizayn, installasiya və video-art növlərini birləşdirən
işlər yaradıblar. Hər biri öz münasibətini paylaşır, hər birinin
fəlsəfəsi xarici və daxili dünya ilə ağlasığmaz paralellər təklif
edir.
Azərbaycan Dövlət Rəsm Akademiyasının məzunları bir sıra xarici
və yerli sərgilərin, layihələrin iştirakçısı olublar. Onların hər
biri öz sahəsində yiyələndiyi təcrübə və biliklərini
ümumiləşdirərək düymə mövzusunu müxtəlif rakurslardan aşkar edən
işlər yaradır.
Asimə Səmədli sərgiyə "Daxilində ruh olanlar" qobelenləri və
"Divanə" video-artı ilə qatılıb. Qobelen ixtisası üzrə bakalavr
dərəcəsi olan Asimə, "Potensial 1,2" sərgisini, Azərbaycan
regionları üzrə festival, beynəlxalq türk xalqları sərgisi, müasir
qobelen master-klassı, ilk şəxsi "Choice" sərgisinin iştirakçısı
olub. O, Moskvada keçirilən beynəlxalq sərginin laureatıdır.
İmran Mehdiyev sərgi üçün "Düymənin gücü" heykəl kompozisiyasını
hazırlayıb. Heykəltəraşlıq üzrə magistr olan İmran bu sənəti üzrə
Moskvada keçirilən simpoziumun (Moskva, Burqanov mərkəzi),
"Sərhədsiz incəsənət" (Azərbaycan-Türkiyə) və "Jeunes Peintres
d'Azerbaïdjan en Belgique" (Belçika) sərgilərinin iştirakçısı
olub.
Vüsalə Ağarazıyeva "Düymə" sərgisi çərçivəsində keramik düymə
qismində olan "Məkan" və "Divanəliyin nəticələri" installasiyasını
təqdim edir. "City Art Center" mərkəzinin art-direktoru olan Vüsalə
Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. YARAT çərçivəsində
keçirilən "Artım" layihəsi, YARAT master-klassları, ilk peşəkar
"Choice" və "Ənənəvi incəsənətlərin təkamülü" sərgilərinin
iştirakçısıdır.
Mehriban Şəmsəddinskaya layihəyə "Dövrün şahidləri"
installasiyası ilə qatılır. "Reklam" ixtisası üzrə bakalavr olan
Mehriban, magistr incəsənət alimi, Azərbaycan Rəssamlar ittifaqının
üzvüdür. "Сentral Saint Martins" və "Sotheby's" rəssamlıq və müasir
incəsənət teoriyası üzrə kursları bitirib. YARAT master-klassları,
müxtəlif layihələrin, "From Waste to Art 2, 3" beynəlxalq
sərgisinin, ilk peşəkar "Violet" sərgisinin iştirakçısıdır.
Qeyd edək ki, sərgi mayın 22-dək davam edəcək.