Xoşbəxtlik və romantika,
dəlilik və rok, mistika və şöhrət, qalmaqal və sensasiyalar – bütün
bu sözlər Salvador Dalinin həyatını özündə əks
etdirir.
Axar.az XX əsrin ən yaddaqalan, orijinal və özünəməxsus rəssamı
Salvador Dali haqda bilmədiyiniz 9 faktı təqdim edir:
Dali 5 yaşı olanda öyrəndi ki...
Salvador Dalinin bütöv adı – Salvador Domenek Felip Jasint
Domenek markiz de Puboldur. Dali hələ uşaqlıqdan qəribə idi, lakin
onun belə qeyri-adi və özünəməxsus biri kimi yetişməsində
valideynlərinin müstəsna rolu olub. 5 yaşı olanda valideynləri
Daliyə demişdi ki, o, meningitdən ölən qardaşının
reinkarnasiyasıdır.
Konfetə görə dava
Dali zirək, təkəbbürlü uşaq idi. Hətta bir dəfə o, ticarət
mərkəzlərindən birində konfet üstündə dava salıb bütün camaatı
ətrafına toplamışdı. Onun ətrafına yığılan kütlənin içində olan
polis şirniyyat satan kişiyə müraciət edib uşağa konfet verməsini
xahiş etmişdi. Yalnız bundan sonra Dali sakitləşmiş və yoluna davam
etmişdi. Dali həmişə öz ərköyünlüyü ilə ətrafdakıların diqqətini
cəlb etməyə çalışan bir uşaq olub.
10 yaşı olanda
Rəssam ilk rəsm əsərini 10 yaşı olanda işləyib. Məktəb
yoldaşları isə Dalini sevmirdi və onu həmişə lağa qoyurdular. Dali
isə buna görə əsəbiləşib, dava edirdi. O, orta məktəbdə oxuyanda
qumar oynamağa başlayır. Bir müddət sonra dəcəl Dalinin
hərəkətlərindən təngə gələn rəhbərlik onu məktəbdən qovur. Salvador
heç kimdən qorxmurdu. Onun ən böyük fobiyası çəyirtkələr idi, amma
qan görməkdən xoşu gəlirdi. Bəlkə də, Dalinin xislətindəki bu
dalaşqanlıq elə qan görmək arzusundan qaynaqlanırdı.
Ən yaxşı tələbə
Dali 17 yaşı olanda San Fernando Akademiyasının tələbəsi adını
qazanır. Akademiyada təhsil aldığı vaxtlar o, özünəməxsus xarakteri
ilə çoxlarının rəğbətini qazanır, müəllimlər ona xüsusi hörmətlə
yanaşır. Bu illərdə o, həm də ən yaxşı tələbə adına layiq görülür
və yaratdığı əsərlərə görə çoxsaylı mükafatlar alır.
Dali kompensasiyası
Dali 1929-cu ildə Paris yaxınlığında fransız şair Pol Eluarla
görüşür. Görüş zamanı Dali şairin xanımı Yelena Dyankonovaya aşiq
olur. Xanım Yelenanın 35, Dalinin isə 25 yaşı olur. Buna
baxmayaraq, Dyankonova öz varlı və məşhur ərini atıb kasıb Dalini
seçir. Dostunun arvadını əlindən aldığını dərk edən Dali
"kompensasiya" olaraq onun portretini çəkir.
Dalğıc kostyumunda
Dali insanları təəccübləndirməyi sevirdi. 1934-cü ildə Nyu Yorka
gələndə o, aksesuar olaraq əlində 2 metr uzunluğunda çörək gətirir.
Londonda sürrealist əsərlərinin nümayişi zamanı isə sərgiyə dalğıc
kostyumunda gəlir.
2045-ci ilin kostyumu
1939-cu ildən məşhurlaşmağa başlayan Dali brend mağazalardan
birinin vitrinini bəzəmək sifarişi alır və özünə "Gündüz və gecə"
mövzusunu seçir. O, manekenlərin saçlarını cəsədlərdən götürülmüş
əsil tüklərdən düzəldir. Vitrində həmçinin öküz başı, vanna,
ağzından qan axan göyərçin və başqa predmetlər olur. 1950-ci ildə
Dali Kristian Diorla birgə 2045-ci ilin kostyumunu yaradır.
"Çupa Çups" - Dali sürrealizmi
Salvador şirniyyatı çox sevirdi. "Çupa Çups"un loqotipini
işlədikdən sonra o, şirkətdən pul almır, əvəzində hər gün ona
şirniyyat göndərmələrini istəyir.
"Bütün həyatım teatr idi"
Muzeydə teatr divarlarının arasında Dalinin bədəni saxlanılır.
O, teatrı çox sevirdi və öldükdən sonra cəsədinin teatr divarları
yaxınlığında nümayiş olunmasını istəyirdi: "Mənim bütün həyatım
teatr idi".
Məşhur sürrealistin "məzarını" hər gün minlərlə insan ziyarət
edir.